GƏLƏCƏYİMİZ ÖZ ƏLİMİZDƏDIR
Hər zaman və hər yerdə bu şüara rast gəlmək mümkündür. “Övladlarımız bizim gələcəyimizdir”. Bunun bir mənası belədir ki, gələcəyə inamla və ümidlə baxmaq istəyiriksə, mütləq gələcəyimiz olan övladlarımızın təlim-tərbiyəsi ilə yaxından maraqlanmalıyıq. Onların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün nə qədər vaxt ayırsaq, bir o qədər əxlaqlı, tərbiyəli, dünya görüşünə malik, istedadlı və qabiliyyətli və eyni zamanda vətəninə, millətinə, dininə və dövlətinə sadiq gələcək yetişdirmiş olarıq. Yox əgər onların təlim-tərbiyəsi gözardı edilsə və ya başqalarının öhdəsinə buraxılsa heç şübhəsiz ki, belə bir yetişkindən normal bir davranış gözləmək əbəs olar. İkinci mənası da var ki, bəlkə də bu mənası daha önəmlidir. Sən övladını elə yetişdirərsən ki, o sənin ya cənnətin, ya da cəhənnəmin olar. Gələcək dedikdə yalnız sonlu olan dünya həyatı başa düşülməməlidir məncə. Əfsuslar olsun ki, bu gün bəzi valideynlər övladlarının maddi rifahı və gələcəyi üçün gecə-gündüz çalışır, ancaq onun təlim-tərbiyəsinə, dini təhsilinə gəldikdə vaxtdan şikayətlənirlər. Amma teleseriallara, futbola baxmağa, telefonda qeybətə ayırdıqları vaxtı vaxt saymırlar.Hətta bəziləri də belə fikirləşir ki, əsas övladımın alacağı təhsil və təhsildən sonra işləyib alacağı maaşdır. Belə valideynlər öz övladını vətənpərvər və millətini sevən bir vətəndaş kimi yetişdirə bilməzlər.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, bir uşağın tərbiyəsi ana bətnindən başlayır. Ata bu zaman evə gətirdiyi qidaların halallığına daha çox diqqət etməlidir. Bir uşağa hamilə olan ana halal qidalanmalı, həkimin tövsiyələrinə quaq asdığı kimi, ən böyük Həkim olan Allahın əmr və qadağanlarına da qulaq asmalıdır.
Övladlarımızın təlim-tərbiyəsini yalnız anaya həvalə etmək düz deyil. Ataların da uşağın böyüməsində maddi olduğu kimi mənəvi dəstəyi olmalıdır. Axşam evə gəldikdən sonra onların dərsləri ilə yaxından maraqlanmalı, ibadətlərini nizamlı şəkildə yerinə yetirib-yetirməməsinə diqqət etməlidir. Bu iş anadan daha çox ataya aid bir vəzifədir. Allah-Təala belə buyurur; “ Bilin ki, mallarınız ve övladlarınız ancaq fitnədir (imtahandır). Allah yanında isə böyük bir mükafat vardır.” (əl-Ənfal, 28)
Həm var-dövlət, həm də oğul-uşağın imtahan olmasının səbəbi budur ki, Allah-Təala ataları bu nemətlərlə sınağa çəkməkdədir. Allah-Təalanı heç düşünmədən, ona ibadət etmədən yalnız dünya malının arxasınca gedən bir atayla öz övadlarını Allahın istədiyi kimi, tərbiyə edib yetişdirməyən, onları Allaha ibadət etməyə yönəltməyən ata bu imtahandan keçə bilməz. Əgər bu nemətlərin qədrini bilib, həm də şükrünü edə bilərsə onu da böyük bir mukafat gözləyir.
Bundan əlavə tibb də təsdiqləmişdir ki, atalar öz övladları ilə nə qədər birlikdə olsa bu, uşaqların zəkasının artmasına bir o qədər çox təsir edir. Bu bir həqiqətdir ki, ata olduğunu dərk edən və bunun məsuliyyətini hiss edən hər kəs öz övladlarına daima örnək olar və onların imanlı, əxlaqlı, saf və dürüst yetişməsi üçün daim öz tövsüyələrini verər.
Ən böyük pedaqoq olan peyğəmbərlər digər insanlarla yanaşı, öz övladlarına da həmişə öyüd və nəsihət ediblər. Loğman Həkimin öz oğluna və eyni zamanda qiyamətə qədər hər bir gəncin qulağında sırğa olacaq nəsihətlərinə diqqət edək: “Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! (Allaha) şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür. Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman; 13, 16, 17, 18, 19)
Bu misal bizə bu dərsi verməkdədir. Yaxşı bir ata peyğəmbərlərin etdiyi kimi, uşaqlarına öncə Allaha gedən yolu öyrətməli, yaxşı bir təhsil almasına şərait yaratmalı, sonra da bütün sevgi və şəfqətini toplayıb “Əziz balam” deməlidir. Amma biz belə etmirik. Bu peyğəmbər metodunu görməməzlikdən gəlirik. Övladlarımıza yaxşı bir gələcəyi zəmanət altına almaq üçün var-dövlət qoyaraq, onlara daha faydalı olduğumuzu zənn edirik. Bütün nemətlərin müvəqqəti olduğunu hesab etmirik. Güclü bir imana sahibi olmalarını təmin edərək, Allahı razı edəcək işləri (saleh əməlləri) öyrədərək, onları həm dünyada, həm də axirətdə xoşbəxt edəcəyimizi, övladlarımızın gələcəyini təminat altına almağın bu olduğunu unuduruq. Dürüst və imanlı bir övlad yetişdirmək axirət sərmayəsidir. Bu haqda Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Ölən insan öğlunun bütün əməllərinin savabı mütləq kəsilər.Ancaq üç şey bundan sitisna təşkil edir. Sədəqeyi-cariyə, (yol çəkmək, körpü salmaq, məscid və ya məktəb inşa etdirmək), istifadə edilən elm, valideyninə dua edən xeyirli övlad.” (Müslim, Vəsiyyət, 14; Əbu Davud, Vəsaya, 14)
ŞƏRHLƏR