Yeni dünyanın kölələri
“İnsanların azadlıqları əllərindən alınacaq, amma onlar köləliklərindən zövq alacaqlar”. (Entoni Giddens)
Fikrimcə bu sözüylə Giddens ayaqda gəzən ölülərdən bəhs etmək istəmişdir. Bu insanlar həyatı ancaq yemək-içmək, cinsəllik və əyləncədən ibarət zənn edirlər. Bu insanlar həyatı sadəcə sosial şəbəkələrdə yaşayır və xoşbəxtliyi bunlarla məhdudlaşdırırlar. Pul, var-dövlət, sosial media, əyləncə, televiziya – insan bu qədər fəaliyyətlərin onu asılı hala salmasına baxmayaraq özünü azad düşüncəli hesab edir. Amma bunu da qeyd etmək lazımdır ki, özünün azad olduğuna inanan birindən daha yaxşı kölə ola bilməz.
Aldous Huxley “Cəsur yeni dünya” kitabında modern insanın həyatını çox gözəl təsvir edir. Bu dünyada insanlar özlərinin azad həyat yaşadıqlarına inanırlar. Bu dünyada evlilik, dünyaya övlad gətirmək deyə bir qayğı yoxdur. İnsan laboratoriyada yetişdirilir. Təbii olaraq burada valideyn-övlad münasibəti də yoxdur. Huxley bu insanların həyatından bəhs edərkən 1931-ci il idi. Huxleyin dedikləri, həqiqətən də, günümüzdə qismən mövcuddur. Humanizm pərdəsi altında insanları insan olmaqdan çıxardırlar. Bu insanlara müasir dünyanın kölələri deyilir. Varlıq içində yoxluq yaşayan insanlar. Xoşbəxtliyi həyatın özü olaraq görə bilməyən bu insanlar sanki qapalı qutu işərisində yaşayıb həqiqəti görmürlər. Çünki onlara hər gün yeni bir şeylər xoşbəxtlik adı altında hipnoz olunur.
Bu hipnoz sayəsində insanlar təbii həyat yaşaya bilmirlər. Ağıllı telefonlar, sosial şəbəkələr insanları ələ aldı. Bu dünyada onların sevgililəri, ailələri, uşaqları, dərdini bölüşəcək insanları, ən əsası da, dəyərləri yoxdur. Dəyərləri olmayan bir insan və cəmiyyətin taleyi yaxşıya doğru getməz. Burada həmçinin sənət, ədəbiyyat, din və elm də yoxdur. Cəmiyyəti məhv etmək üçün ailə sistemini dağıtmaq, elmlə məşğul olanları toplumda etibarsızlaşdırmaq və onları dindən uzaqlaşdırmaq yetər. Təəssüf ki, bu özəlliklər artıq bizə də gəlib çatmışdır. Ailələrin dağılması pik həddə qalxıb, elmlə məğul olanlar azalır, insanlar da getdikcə dindən uzaqlaşmaq üzrədir. Toplum həzçi, hedonist bir hala gəlmişdir. Mənə televiziya, sosial şəbəkələr və əyləncə imkanı verin, ancaq məni həqiqətin suallarıyla narahat etməyin deyir bu insanlar.
“Sahib olduğumuz şeylər zamanla bizə sahib olmağa başlayar” deyə gözəl bir söz var. Hər şeyə yetişmək istəyərkən heç bir şeyə yetişməmək, hər şeyə sahib olmaq istəyərkən əslində heç bir şeyə sahib olmamaq. Biz bir şeyi əldə etdikdə zaman keçdikcə onun üzərində nəzarətimizi itiririk. Çoxumuz həyatı yaşamırmış kimi yaşıyırıq. Sahib olmadığımız şeylər arxasınca qaçarkən sahib olduğumuz şeylərdən ötrü dilənməyə başlayırıq. Modern dünyanın keyf verici vasitələrindən, bizi boğazlarımızdan və qollarımızdan bağlayan, ayaqlarımıza qandal vuran və bizə sevə-sevə boyun əydirən, bizi bizdən alan görünməz zəncirlərindən qurtula bilmirik. Dünya mərhəmət, sevgi, empatiya və mənəvi dəyərlərin olmamasından can çəkişir. Həyatda hüzurun yerini keçici həzz, zövq və müxtəlif əyləncələr alıb. Müqəddəs dəyərlərin olmadığı bir dünyada gözəllik, mərhəmət, hüzur, fərqində olmaq kimi şeylər öz mənasını getdikcə itirir.
Yaşamaq yerinə yaşlanmış durumdayıq. Bu həyat bizə bir dəfəyə məxsus olaraq verilib. O həyatı da lazımsız əyləncələrlə keçirmək bizim və gələcək nəslimizin yox olmasına gətirib çıxara bilər. Kimliyimizi, mənliyimizi, düşüncələrimizi özümüz formalaşdırmalıyıq. Dəyərlərimizi ayaq üstə tutmalıyıq. Ən əsası da ailə dəyərlərimizə xüsusi diqqət yetirməliyik. Çünki cəmiyyətin sağlamlığı ailəyə bağlıdır. Cəmiyyətin məhv olması böyük ölçüdə ailədən başlayır.
Mühüm olan bu həyatı fərqində olaraq yaşamağa davam etməkdir. Nəyi etmək bizim üçün xeyirlidir, nəyi etmək zərərlidir, bunu dərk edərək seçim etməliyik. Unutmayaq, azadlıq hər istədiyini etmək deyil, etmək istəmədiyin şeyi də etməməkdir.
ŞƏRHLƏR