HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 20
Hüdayi həzrətləri buyurur:
Var imdi aqil ol, xeyr işlə daim,
Olasan ta iki aləmdə salim...
İbadət və xeyir əməllər müəyyən zaman içərisində işlənərək tamamlanır. Lakin insanı əbədi səadətə qovuşduracaq olan Allaha qulluq daimidir. İman qəlbin Allaha daimi bağlılığıdır.
Yəni müsəlmanlıq sırf Ramazana və ya müəyyən vaxtlara məxsus olan bir mərasim deyil, ömürlük təqva həyatıdır. Bu barədə ayeyi-kərimədə belə buyurulur:
وَاعْبُدْ رَبَّكَ حَتّى يَاْتِيَكَ الْيَقينُ
“Və sənə ölüm gələnə qədər Rəbbinə ibadət et!” (əl-Hicr, 99)
Bu səbəblə, vaxtı naməlum olan son nəfəsə qədər ibadətlərdə tənbəllik göstərib arxayınlıq etməyə, bu xüsusda nəfsani rahatlığa dalmağa əsla izin yoxdur.
Allah-Təalanın bizə nümunəvi şəxsiyyət olaraq təqdim etdiyi Həzrət Peyğəmbər r heç vaxt qulluq vəzifəsindən geri durmadı, əsla arxayınlığa qapılmadı.
Vida həccində Rəsulullah r -ə dinin tamamlandığını bildirən ayeyi-kərimə[1] nazil oldu. Lakin Peyğəmbərimiz r ümmətinə qarşı o qədər mərhəmətli idi ki, son nəfəsinə qədər təbliğ vəzifəsinə davam etdi. Son nəfəsində belə öz iztirabını unudub ümmətinin əbədi qurtuluşunun təlaşı içində oldu. Vəfat edərkən belə səsi batana qədər: “Amandır! Namaza davam edin, namaza! Əlinizin altındakı insanların hüququna riayət edin! Onlar haqqında Allahdan qorxun!”[2] - deyə tövsiyə etdi.
Beləliklə, son nəfəsə qədər heç bitməyən, əksinə, durmadan yüksələn qulluq cəhdi içində yaşamalı olduğumuzu hal dili ilə biz ümmətinə təbliğ etmiş oldu.
Peyğəmbərimizin tədris məclisində yetişən və cənnətlə müjdələnən bir çox səhabələr də eyni həssas ölçülərlə yaşadılar. Onlar heç vaxt:
“Biz Allahın dinini ucaltmaq üçün canımız, malımız və bütün imkanlarımızla fədakarlıq etdik, cənnətlə müjdələndik, artıq kənara çəkilib istirahət edək”, - demədilər.
Haqq-Təala bizdən də Rəsulunu və Onun yetişdirdiyi seçkin əshabını nümunə götürməyimizi, onlara gözəl şəkildə tabe olan ehsan sahiblərindən olmağımızı istəyir.[3]
Yəni Rəbbimiz bizdən müəyyən mövsümlük deyil, ömrün hər anını əhatə edən gözəl bir qulluq istəyir. Çünki İslam bir bütündür. Din ömrün hər anını tənzimləyən bir həyat nizamıdır. Bəzən yaşanıb, bəzən tərk edilə bilməz.
Bu səbəblə Ramazani-Şərifdə qulluq səylərimizi artırdığımız kimi, bu cəhdimizi bütün ömrümüzə şamil etməliyik. Məhz bu hikmətə görə Qədr gecəsinin hansı gün olduğu gizlidir. Əhlullah bu gecənin bəzən Ramazan xaricinə də düşə biləcəyini bildirmişdir.
Səhabədən Abdullah bin Məsud t da:
“Hər kim bütün ili əhya edərsə, Qədr gecəsini də idrak etmiş olar”, - buyurmuşdur. (Müslim, Siyam, 220)
İnsanın mənəvi fürsətləri dəyərləndirmə xüsusunda ömür boyu ayıq-sayıq olmasının vacibliyini ifadə mahiyyətində “Hər gecəni Qədr, hər gördüyünü Xızır bil!” buyurulmuşdur.
Haqq-Təala Qədr gecəsini bütün bir ilin içində gizlətdiyi kimi, rizasının da, qəzəbinin də nə zaman təcəlli edəcəyini vaxtlar içərisində gizlətmişdir. Bununla da hər zaman rizası yolunda səy göstərib hər an qəflət və üsyandan uzaq olmağımızı murad etmişdir. Çünki elə an var ki, böyük qazanclara, elə an da var ki, böyük itkilərə vəsilə olur.
Bu etibarla, qulluq vəzifəmizi yerinə yetirmək xüsusunda daima səy göstərməli; tənbəllik və səhlənkarlıqdan, xüsusilə də qazandığımız ibadət əzmini itirməkdən son dərəcə uzaq olmalıyıq.
Bu qəbildən Rəsulullahın r Abdullah bin Amr bin As v-a tövsiyəsi ibrətamizdir:
“Ey Abdullah! Filankəs kimi olma! Çünki o, gecə ibadətinə davam etdiyi halda artıq namaza qalxmaz oldu”. (Buxari, Təhəccüd, 19)
Biz də Ramazani-Şərifdə bir ay boyunca sahura qalxaraq əslində sübh vaxtını əhya etmək vərdişi qazandıq. Məhz bu vərdişimizi itirməmək üçün ruhumuzun mənəvi qidalarla bəslənib, güc qazanacağı feyzli vaxtları yuxuda keçirərək hədər etməməliyik.
Rəsulullah r ən məşəqqətli anlarda, hətta ağır səhra səfərlərində də təhəccüd namazını tərk etməmiş, onu əda etmək üçün xüsusi diqqət göstərmişdir. Ümməti-Muhamməd olaraq Ramazandan sonrakı səhərlərə göstərəcəyimiz xüsusi diqqət “İnsan sevdiyi ilə bərabərdir”[4] hədisi-şərifi gərəyincə Peyğəmbərimiz r-ə olan məhəbbətimizin ən gözəl şahidlərindən biri olacaqdır.
Həmçinin Rəsuli-Əkrəm r -in ən çox sevdiyi ibadət davamlı edilən ibadət idi.[5]
İbadət xüsusundakı davamlılıq o qədər mühümdür ki, Peyğəmbərimiz r bir hədisi-şərifində belə buyurmuşdur:
“Əməllərin Allah-Təalaya ən sevimli olanı az da olsa, davamlı ediləndir”. (Müslim, Müsafirin, 218)
Həzrət Aişə c anamız da:
“Allah Rəsulunun əməli xəfif və davamlı yağan yağış kimi idi…”[6] - buyuraraq Peyğəmbərimizin başladığı bir ibadəti davamlı etdiyini, həmin ibadəti heç vaxt tərk etmədiyini bildirmişdir.
Az da olsa, davamlı edilən ibadət ilk baxışda bəsit və yetərsiz kimi görünsə də, səbirlə davam edildiyi təqdirdə böyük səmərələr verəcəyi şübhəsizdir. Atalar “Dama-dama göl olar” deyiblər. Mərməri dələn suyun gücü deyil, üstünə düşən damlaların davamlı olmasıdır.
Bu səbəblə, sadəcə mübarək gün və gecələri əhya edib digər günlərdə imkan olduğu halda səhlənkarlıq göstərmək böyük itki və zərərdir.
Mərhum atam Musa Əfəndi bizə belə tövsiyə edərdi:
“Övladım, mütləq surətdə riyazət halında (qənaətə riayət edərək) yaşayın və Allahın verdiklərini Allah üçün infaq edin! Riyazət halınız sadəcə üç aylara və Ramazana məxsus olmasın! Onu həyatınızın hər mərhələsinə şamil edin və ehtiyacınız olandan artığını Allah yolunda infaq edin!
Dolmabağça və ya Topqapı sarayında da yaşasanız, yenə riyazətlə ömür sürməyə (israf və xəsislikdən uzaq durmağa) məcbursunuz. Ona görə də bütün sərvətinizi, var-dövlətinizi qəlbinizə yük etməyin!..”
Xülasə, ibadətlərlə əhya edilən bir Ramazan ayından sonra günahlara, qəflət və səhlənkarlığa düçar olmaq eynilə doldurulan çuvalın ağzını bağlamadan bir kənara qoymağa bənzəyir. Bunun nəticəsində insanın qazanıb yığdığı nə varsa, hamısı tökülüb dağılar və ziyandan başqa heç nə əldə edilməz.
Bu səbəblə Həzrət Əli t:
“İşlədiyiniz saleh əməllərə göstərdiyiniz əhəmiyyətdən daha artığını onun qəbuluna və qorunmasına göstərin”, - deyə tövsiyə etmişdir.
Fikirləşməliyik ki, sayılı günlərdən ibarət olan dünya həyatı hər nə qədər uzun görünsə də, otuz günlük Ramazani-Şərif kimi, qısa bir zaman kəsiyindən ibarətdir. Ona görə də, Ramazan ayını müstəsna mənəvi qazanc mövsümü bilib səy və cəhdlərimizi artırdığımız kimi, ömrümüzü də beləcə mənalı yaşamağa çalışmalıyıq.
Fani ömrümüzü qulluq həyəcanı ilə yaşayaq ki, həyatımız Ramazani-Şərif, axirətimiz isə Allahın lütfü ilə əbədiyyət bayramı olsun…
Hüdayi həzrətləri buyurur:
Aqil isən xeyrə səy et daima
لَـيْـسَ لِلْاِنْـسَـانِ اِلَّا مَـا سَـعـى
“Ağıllısansa, daima xeyir əməl işləməyə çalış. Çünki ayeyi-kərimədə “İnsan üçün öz əməlindən başqa bir şey yoxdur”[7] buyurulur”.
Allah-Təalanın imtahan aləmi və mərifətullah məktəbi olaraq yaratdığı kainata ibrət nəzəri ilə baxsaq, heç bir şeydə ətalət və tənbəllik olmadığını görərik. Dünya, Günəş, Ay, ulduzlar və qalaktikalar ilahi təyinlə müəyyənləşmiş vəzifələrini axsatmadan yerinə yetirir, bunun üçün dayanmadan hərəkət halındadır.
Makro aləmdə olduğu kimi, mikro aləmdə də vəziyyət eynidir. Məsələn, maddənin ən kiçik zərrəsi sayılan atoma baxsaq, onun da tərkibində proton, neytron, elektron və digər kvarkların həddən artıq sürətlə və daimi qaydada dövr etdiyini görərik. Yəni cansız sayılan cəmadat aləmi belə daimi hərəkətlə Yaradıcısının təqdir etdiyi nizama boyun əymiş haldadır.
Belə olan təqdirdə məxluqatın ən şərəflisi olaraq və əhsəni-təqvim üzrə / ən gözəl surətdə yaradılmış olan insan oğlunun bu ilahi nizamdan kənarda qalması, yaradılış qayəsinə zidd hərəkət etməsi, saleh əməllərdən, xeyirli fəaliyyətlərdən uzaq durması necə də böyük qəflətdir!
Necə ki, Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:
“O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu. Əsla mizanı pozmayın!” (ər-Rahmən, 7-8)
Əgər insan kainatdakı bu ilahi nizama zidd yaşayar, nəfsani ətalət içində ömür sürərsə, yaxud gücünü Haqqın deyil, batilin əmrində sərf edərsə, özünə zərər vermiş, bir növ xəzinəni zibilliyə atmış olar.
Şair Mehmed Akif “Safahat”ında insanı tənbəllik və qəflətdən oyadaraq onu hərəkətə gətirmək məqsədi ilə belə deyir:
Yer çalışsın, göy çalışsın, sən sıxılmazsan, otur!
Bunların haqqında bilməm bir bəhanən varmı? Dur!
Masiva[8] bir şeymidir, boş durmuyor Xaliq belə:
Bax təcəlli eyliyor min şə’ni-günəgün[9] ilə.
Ey bütün dünya və mafiha[10] ayaqdaykən yatan!
Leşmisən, davranmıyorsun? Bari Allahdan utan!..
Uzun sözün qısası:
- Allah-Təalanın bizə lütf etdiyi ömür nemətinin hər anını saleh əməllərlə bəzəməyə çalışmalı,
- Yaxşılıq və təqvada yarışmalı,
- Saleh əməllərimizi, xeyir-həsənatımızı, fədakarlıqlarımızı heç vaxt kifayət görməyib Allah yolunda daha artığını etməyə çalışmalıyıq.
Zira faniliyini dərk edən bir mömin əsla boş dayanmaz, ətalət içində ömür sürüb, insanlara faydasız biri olmaz. Biz də canımız, malımız, əlimiz, dilimizlə - heç nəyə gücümüz çatmasa belə - qəlbi dualarımızla daima xeyirli çalışmalarda yer alaq ki, axirətimizi təhlükəyə atmayaq.
Digər tərəfdən, ilahi imtahan aləmi olan dünyada daima haqq ilə batilin, iman ilə küfrün, xeyirlə şərin mücadilə etdiyini unutmamalıyıq. Bu mücadilənin haqq tərəfində peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh möminlər var. Batil tərəfində isə şeytan və əsgərləri, yəni İslam düşmənləri yer alır…
Məhz bu mücadilədə möminin tənbəllik etməsi, laqeyd və hissiyyatsız qalması əsla iman şüuru ilə uzlaşmaz. Bu səbəblə mömin canı, malı, istedadı, insanlar üzərindəki təsiri, xülasə, sahib olduğu bütün imkanları ilə İslamın müzəffər olması, haqqın və xeyrin qələbəsi, şər və batilin məğlub olması üçün səy göstərməlidir. Çünki bu cəhd və səylər həm insanın axirətdə vəbaldan qurtulmasına, həm də böyük savab qazanmasına vəsilədir.
Hüdayi həzrətləri buyurur:
Növmü-qəflətdən oyanıb, aç gözün mərdanə bax,
Əhli-Haqq ilə olagör, olma anlardan iraq!..
“Qəflət yuxusundan oyanıb gözünü aç, mərd-mərdanə bax! (Aləmə Allah adamlarının gözü ilə nəzər sal!) Daima Haqq əhli ilə / Haqq dostları ilə bərabər ol, onlardan uzaq qalma!..”
İnsanın şəxsiyyətinə təsir edən iki mühüm amil var:
Birincisi; qazancın və yeyilən loğmaların halallıq dərəcəsidir. Çünki haram qazanc və loğma mənəvi həyata zəhər saçıb ibadətlərin ruhaniyyətini zədələyər. Halal qazanc və qida isə könül feyzini artırıb ruhaniyyəti gücləndirər, saleh əməllərə olan həvəsi artırar.
İnsan şəxsiyyətinə ən çox təsir edən ikinci amil isə; ünsiyyət qurulan adamların mənəvi vəziyyətidir. Su içinə girdiyi qabın şəklini aldığı kimi, insanın ağıl və könül dünyası da -əsasən- içində olduğu mühitin fikriyyat və hissiyyatına bürünər.
Ona görə, çox vaxt insanı doğru yola da, yanlış yola da sövq edən birlikdə olduğu kəslərdir. Yəni birlikdə olduğun insan saleh biridirsə, mənən əmin-amanlığa çıxarsan. Əksinə, fasiq biridirsə, fəlakətə düçar olarsan. Xeyirli insanlarla dost olsan, xeyir üzrə olarsan, şərli insanlarla dost olsan, şər üzrə olarsan.
Ona görə də saleh və sadiq möminlərlə ünsiyyət qurub onlara yaxın olmaq, dostluq etmək böyük qazanc sayılır. Çünki o möminlər qəlblərindəki imanın eşq, vəcd və həyəcanını bəzən söz və davranışları ilə, bəzən də halları ilə qarşısındakılara əks etdirərlər. Bu etibarla saleh kəslərlə ünsiyyət qurub onlarla həmhal olanlar bu müsbət təsirlər nəticəsində zaman içində salehləşərlər.
Necə ki, Haqq-Təala ayeyi-kərimədə belə buyurur:
“Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə (doğru insanlarla) birlikdə olun!” (ət-Tövbə, 119) Çünki bu bərabərliyin ən təbii nəticəsi insanın zaman içərisində sadiqlərdən olmasıdır.
Qurani-Kərimdə nəql olunan Əshabi-Kəhfin qissəsi bu xüsusda diqqət çəkici bir misaldır. Qitmir adi bir köpək olduğu halda saleh möminlərə sadiq qalaraq, onların keşiyini çəkdiyi üçün gözəl hallarından faydalanmışdı. Onun da sadiqlərlə birlikdə cənnətə girəcəyi bildirilmişdir.[11]
Fikirləşməliyik ki, bir köpək belə Allah-Təalanın saleh və sadiq qullarından ayrılmayıb onlara keşik çəkdiyi üçün bu dərəcəyə nail olursa, həqiqi bir möminin Allah dostlarından olan alim və ariflərə məhəbbət duyması və sədaqətlə onlara bağlanması necə mənəvi təkamülə səbəb olar.
Saleh və sadiq möminləri görüb onların iman həyəcanından və təqva həssasiyyətindən nəsiblənərək qəflət yuxusundan oyanmaq böyük bir nemətdir. Bu hal sanki enerjisi qurtaran bir alətin yenidən elektriklə qidalanması kimi mənəvi diriliş vəsiləsidir.
Məhz bu səbəblə mənəvi tərbiyə yolu olan təsəvvüfdə salehlərlə bərabərliyin minimum ölçüsü olmaq şərtilə müəyyən fasilələrlə bir yerə toplaşmaq sayılan “söhbət”lərə davam etmək həddən artıq mühümdür.
Gül bağçasında gəzən bir adamın üstünə gül ətri hopar. Eynilə bunun kimi, mənəvi söhbət məclislərinin ən bərəkətli nəticəsi də orada olanların müsbət hissiyyatının, yəni ixlas, təqva, məhəbbət və mərifət nurunun bir-birinə sirayət etməsidir.
Söhbət əsnasında qəlblər eynilə fizikadakı birləşmiş qablar qanununda olduğu kimi bir-birindən istifadə edər, hal nəqli və təsir gerçəkləşər. Zaman keçdikcə qəlbi keyfiyyətlər bir-birinə bənzəməyə başlayar. Zövqlər, duyumlar, fikir və seçimlər eyniləşər.
Bu səbəblə kiminlə dostluq edəcəyimizə, ünsiyyət qurduğumuz adamlara həddən artıq diqqət etməli və seçici olmalıyıq.
Bir hədisi-şərifdə belə buyurulur:
“Mömin digər mömin qardaşı üçün bina kimidir. Bir-birinə dəstək olaraq onu yıxılmaqdan qoruyar”. (Buxari, Salət, 88; Müslim, Birr, 65)
Yəni yanlış bir hərəkətimizi gördüyü zaman münasib dillə xəbərdarlıq edən, xəta və qüsurlarımızı səmimiyyətlə düzəldən, Quran və Sünnə istiqamətində həyat yaşamağımıza dəstək olacaq möminlərlə dost olmalıyıq.
Unutmamalıyıq ki, bizi doğru yola gətirmək üçün nəfsimizə ağır gələn sözlərlə də olsa, xəbərdarlıq edən biri, əslində, əbədi səadətimizi istəyən həqiqi dostumuzdur. Möminlərin əmiri Həzrət Ömər t bu haqda belə buyurur:
“Ən çox sevdiyim kəs mənə ayıb və qüsurlarımı xəbər verəndir”. (Süyuti, Tarixul-Xüləfa, s. 130)
Əlbəttə ki, dostcasına edilən bu xəbərdarlığın da təklikdə və uyğun dillə edilməsi lazımdır.
Bu səmimi xəbərdarlıqların əksinə, bizi yoldan çıxarmaq üçün üzümüzə gülüb iltifat edən, nəfsimizə xoş gələn şeylərə səsləyən biri də, əslində, dostumuz deyil, əbədi ziyana düçar olmağımızı istəyən düşmənimizdir.
Tabeun nəslindən Bilal bin Sad (r.a) belə buyurmuşdur:
“Dindarlığının güclənməsinə səbəb olan dost hər dəfə qarşılaşdığın zaman ovcuna bir qızıl dinar qoyan dostdan daha xeyirlidir”.
Bir sözlə, Allah üçün sevəcək, Allah üçün xəbərdar edəcək, Allah üçün himayə edəcək və çətin gündə Allah rizası üçün əlindən tutacaq həqiqi dosta sahib olan insan dünyanın ən qiymətli sərvətinə sahibdir.
Hüdayi həzrətləri buyurur:
Muqarin olan kəmə,
Yaramaz əmə-səmə!
Nəfsimə ismarlama,
Mədəd Səndən, mədəd Hay!..
“Kəm / pis insana yaxınlıq edən kəs heç bir işə yaramaz. Bu məsələdə məni nəfsimin ümidinə buraxma, yardım Səndəndir, ey Hay olan Rəbbim, imdad et!..”
Kamil iman layiq olana məhəbbət, haqq edənə də nifrət bəsləməyi tələb edir.
Haqqa, xeyrə və həqiqətə vasil olmaq istəyən insan batildən, şərdən, şeytandan və onun əlaltılarından uzaq durmaq məcburiyyətindədir.
Mömin həyata və yaşanan hadisələrə Allah və Rəsulunun düşmənlərinin baxdığı yerdən deyil, iman üfüqündən, saleh və sadiq möminlərin gözündən baxmalı, dünyanı axirət pəncərəsindən seyr edəcək arifanə baxış tərzinə sahib olmalıdır. Əks təqdirdə, nəfsin, şeytanın və İslam düşmənlərinin izindən gedərsə, Allahın neməti, rəhmət və yardımı üzərindən qalxar, sonrakı peşmanlıq da heç bir fayda verməz.
Haqq-Təala biz bəndələrinə belə xəbərdarlıq edir:
“Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz”. (Hud, 113)
Deməli, dünyada etibar sahibi olmaq, güc və tərəfdar toplamaq və ya maddi mənfəət əldə etmək üçün İslamdan və imandan güzəştə gedərək din və əxlaq düşmənlərinə, fasiq və qafillərə yaxınlıq göstərmək və onlara dəstək olmaq insanın Allah qatındakı etibarını yerlə-yeksan edər. Başqa bir ayədə buyurulduğu kimi:
“...Əsl izzət və üstünlük Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər”. (əl-Münafiqun, 8)
Hədisi-şərifdə yer alan bu xəbərdarlıq da çox ibrətlidir:
“Münafiqə “əfəndi” deməyin. Əgər onu əfəndi kimi görsəniz, Əziz və Cəlil olan Rəbbinizin qəzəbini üzərinizə çəkmiş olarsınız”. (Əbu Davud, Ədəb, 83; Əhməd ibn Hənbəl, V, 346)
Yəni Allah və Rəsulunun düşmənlərinə qarşı heyranlıq hissi duymaq, hətta onlara kiçicik də olsa iltifat nəzəri ilə baxmaqdan uzaq olmaq lazımdır. Əks təqdirdə bu kimi davranışlar onların etibarını artıracağı üçün Allahın qəzəbinə səbəb olar.
İbadət və qulluq səylərimizin hədər olmaması üçün nəfs və şeytanın hiylələrindən qorunmalı olduğumuz kimi, axirətimizi əbədi ziyana çevirməmək üçün də Allah və Rəsulunun düşmənlərinin ardına düşməkdən çəkinməliyik.
Haqq-Təala biz bəndələrinə belə xəbərdarlıq edir:
“…Allahın ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar (kafirlər) bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız…” (ən-Nisa, 140)
“Ey iman gətirənlər, möminləri qoyub kafirləri dost tutmayın! (Bunu edərək) öz əleyhinizə, Allaha açıq bir dəlilmi vermək istəyirsiniz?” (ən-Nisa, 144)
“Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın!..” (əl-Mümtəhinə, 1)
Xülasə, unutmamalıyıq ki, Allahın saleh və sadiq qulları ilə söhbət, dostluq və bərabərlik nəticəsində qəlblər müsbət təsirlənərək əhya olduğu kimi, münafiq və fasiqlərdən də mənfi təsirlər sirayət edər, onların qəflət və qəlbi qatılığı ruhlara zəhər saçar.
Bu səbəblə Rəsulullah r:
“İnsan dostunun dini üzrədir. Ona görə kiminlə dostluq edəcəyinizə diqqət edin!” - buyurmuşdur. (Tirmizi, Zöhd, 45)
İmam Qəzzali həzrətlərinin buyurduğu kimi; kafirlər, fasiqlər və qafillərlə zahiri bərabərlik zaman keçdikcə zehni bərabərliyə, zehni bərabərlik də bir müddət sonra qəlbi bərabərliyə gətirib çıxarar. Bu isə insanın addım-addım həlaka sürüklənməsi deməkdir.
Necə ki, Nuh u-ın ikinci arvadı və Lut u-ın arvadı da bu səbəblə cəhənnəmə düçar olmuşdular. Hətta Peyğəmbər arvadı olmaları da onları qurtara bilməmişdir.
O halda biz də kimlərə qarşı məhəbbət bəslədiyimizə, kimlərin səfində / dostluq və yaxınlığında olduğumuza, həyatdakı seçimlərimizin bizi axirətdə hansı mərtəbəyə qoyacağına həddən artıq diqqət etməliyik.
Unutmayaq ki, sabah axirət günündə salehlər karvanında yer almaq istəyiriksə, bu gün hal və davranışlarımız, hissiyyat və fikriyyatımız, dünya görüşümüz və seçimlərimizlə daima saleh möminlərin izini təqib etməliyik.
Allah-Təala hər birimizə lütf-kərəmi ilə müsəlman kimi yaşayıb, müsəlman olaraq can verə bilməyi, saleh və sadiqlərlə birlikdə həşr olunmağı nəsib etsin!
Amin!..
[1] əl-Maidə, 3.
[2] Bax. Beyhəqi, Şuab, VII, 477.
[3] Bax. ət-Tövbə, 100.
[4] Buxari, Ədəb, 96.
[5] Buxari, İman 32, Təhəccüd 18; Müslim, Müsafirin, 221.
[6] Buxari, Savm 64, Riqaq 18; Müslim, Müsafirin, 217.
[7] ən-Nəcm, 39.
[8] Masiva: Allahdan başqa bütün varlıqlar.
[9] Şə’ni-günəgün: bir-birindən fərqli yeni işlər.
[10] Mafiha: 1. Bir şeyin içindəkilər. 2. O biri dünya, axirət.
[11] Bax. İ. Haqqı Bursəvi, Ruhul-Bəyan, V, 226.
ŞƏRHLƏR