Müstəqillikdən Heydər zirvəsinə
Hər il may ayının gəlişi Azərbaycanda xüsusi ab-hava yaradır. Yazın çal-çağır vaxtında, təbiətin gül-çiçək açdığı, bülbül nəğmələrinin könül oxşadığı bir məqamda bu sevincimizə başqa bir sevinc də şərik olur. Axı 105 il bundan əvvəl eynilə qış yuxusundan ayılan təbiət kimi, qara torpağın bağrından baş qaldıran lalələr kimi biz də dirçələrək köləlik buxovlarımızı qırmış və Şərqin ilk cümhuriyyətini qurmağı bacarmışdıq. Bəli, 1918-ci ilin yazında müjdəçi qaranquş olub Şərqdə müstəqil dövlət qurmağın mümkünlüyünü xəbər verən ilk xalq biz olmuşuq. Qanlı-qadalı yollardan keçsək də, mübarizə əzmimiz qırılmamış, qoca dünyanın bir çox millətlərinə nümunə olmağı bacarmışıq. Qəlbi vətən eşqi ilə döyünən bir ovuc ziyalımızla qurulan dövlətin ömrü qısa olsa da, əsrin əvvəlində daddığımız azadlıq həzzini unutmamış və məhz həmin əsrin sonlarında yenidən müstəqil olmağı bacarmışıq. Hər il 28 may tarixini Respublika Günü kimi qeyd edərək dövlətçilik təməllərimizin atıldığı o əlamətdar günü sevinclə yada salırıq. Bir vaxtlar mərhum şairimiz Məhəmməd Hadi yenidən dizayn edilən dünya arenasında özümüzə yer edə bilmədiyimizi:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində...
- deyərək ürək ağrısı ilə dilə gətirirdisə, 28 may tarixi bu fəryadımızın sevinc hayqırışı ilə əvəz olunduğu əlamətdar gün oldu.
Tarix səhifələrini vərəqləyərkən yaşadığımız bütün çətinliklərə baxmayaraq millət olaraq varlığımızı davam etdirmə əzmini qoruyub saxladığımız üçün əcdadımıza çox şeyi borcluyuq. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasını quran və yaşatmağa çalışan Rəsulzadələri, Topçubaşovları, eləcə də XX əsrin sonlarında azadlığımızı qazandıqdan sonra bu müstəqilliyin inkişafı üçün öz töhfələrini verən hər bir Vətən övladını dərin hörmətlə anırıq. Əlbəttə, müstəqil bir dövlət qurmaq həddən artıq çətin və uzun sürən bir prosesin qürurverici nəticəsidir. Lakin qazanılan müstəqilliyi qoruyub saxlamaq da bir o qədər çətin və məsuliyyətlidir. Təəssüf hissi ilə qeyd edək ki, 1918-ci ildə qurulan müstəqil Azərbaycan cümhuriyyətinin ömrü qısa oldu. Ogünkü şərtlər və mövcud imkanlar gənc dövlətin yaşamasına icazə vermədi. Özünü bu ülvi amala fəda edən Vətən oğulları əllərindən gələni etsələr də, yeni addımlarını atan müstəqil Azərbaycanı yırtıcı Sovetlərin caynağından qurtara bilmədilər. Lakin yaşadığımız hər məğlubiyyət bizi yenidən qələbəyə səslədi. Mərhum Sezai Karakoçun dediyi kimi “yenilgi, yenilgi böyüyən bir zəfər”in ayaq səsləri bəzən çox yaxından, bəzən dərinlərdən eşidildi. Nəhayət, 1990-cı ilin yanvar qətliamından sonra zəfər qatarımız qarşısına çıxan bütün maneələri dağıdaraq öz mənzilinə - azadlıq peronuna çatmağı bacardı. Müharibə şəraitində bərpa olunan müstəqilliyimizin ilk illərində yaşadığımız siyasi hərc-mərclik və hökm sürən anarxiya dövrü hər nə qədər ölkəmizin sabitliyini, torpaqlarımızın bütövlüyünü təhdid etsə də, Ümummilli lider, mərhum Prezident Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Vətən səmamızı bürüyən qara buludlar dağılmağa başladı. Artıq başımızın üstündəki açıq və günəşli səma gələcəyə olan ümidimizi artırdı. Qısa zaman içərisində Azərbaycan bütün dünyaya səs saldı. Bir-birinin ardınca həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, əsrin müqaviləsi kimi tarixə damğa vuran sazişlər regiondakı gücümüzü daha da artıraraq siyasi, iqtisadi və mədəni sahələrdə öz töhfələrini verdi. Əlbəttə ki, bütün bunlar uzaqgörən dahi Heydər Əliyevin tarixin axışını dəyişən həmlələri hesabına gerçəkləşdi.
Hər il may ayının gəlişi eyni zamanda bütün dünya azərbaycanlılarına Ümummilli liderin doğum gününü də xatırladır. Ölkəmizin hər bir regionunda, eləcə də azərbaycanlıların yaşadığı bütün coğrafiyalarda müasir Azərbaycanın dahi qurucusu şükran və vəfa hissi ilə yad edilir. Əbəs yerə “bütün dünya azərbaycanlıları” demirik. Axı o uzaqgörən dahi azərbaycançılıq ənənələrini sadəcə ölkə sərhədləri daxilində yaşatmadı. Dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların qəlbindəki vətən, millət, bayraq sevgisinin daha da alovlanmasına xidmət etdi. Bütün dünya azərbaycanlılarını bir amal uğrunda – azərbaycançılıq ənənələrini yaşatmaq naminə birləşdirməyi bacardı. Yeni və müasir Azərbaycanın inkişafı üçün o dahi liderin uzaqgörən siyasəti hər zaman öz töhfələrini verdi. Bu il Ümummilli liderimizin yüzilliyidir və cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” kimi qeyd olunur. Ən əsası odur ki, biz bu ildönümünü torpaq bütövlüyümüzü bərpa edərək həyata keçiririk. Onun görmək istədiyi kimi, artıq bir qarış torpağımız belə düşmən tapdağında deyil. Ən əsası isə bütün dünyanı mat qoyan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər keçən gün yeni uğurlara imza atırıq.
Ruhun şad olsun, cənab Heydər Əliyev! Canından çox sevdiyin Vətən torpağında rahat uyu; nə qədər ki bu xalq var, qəlblərdə yaşayacaqsan!
ŞƏRHLƏR