Müharibə və sənətkar mövqeyi
Norveç yazıçısı Knut Hamsun ömrünün sonuna qədər Hitlerə rəğbətini gizlətmədi, cəngavər hesab etdi onu, 1940-cı ildə ölkəsini işğal edən Almaniyanı alqışladı, 1939-45-ci illərdə alman faşizmini müdafiə edən on beş məqalə yazdı. Hitlerlə bağlı oğluyla ciddi mübahisələri oldu, üstəlik, bəşəri cani özünü öldürəndə, bu yazıçı utanmaz-utanmaz nekroloq yazdı. Bütün bunlar məni yazıçı Hamsundan soyutmayıb, nə vaxtsa ola bilsin, “Aclığı” təkrar oxuyacağam, “Torpağın bərəkəti”ylə tanış olacağam. Amma bir vaxtlar həvəslə oxuduğum nəsildaşlarım olan rus nasirləri Zaxar Prilepinin, German Sadullayevin, Andrey Şarqunovun əsərlərini Rusiyanın Ukraynaya qarşı artıq bir ildən çoxdur davam etməkdə olan hərbi təcavüzünə dəstək verdikləri üçün oxuya bilmirəm, onlara ideoloji qatillər kimi baxıram, sayı 500-ə yaxınlaşmaqda olan ukraynalı uşağın ölümünə görə onların ya bu, ya da o biri dünyada cəza almasını istəyirəm. Eyni zamanda özümə sual verirəm, Rusiya-Ukrayna müharibəsi, tutaq ki, Rusiyanın, ya Ukraynanın qələbəsiylə bitsə, mən onların dünya ədəbiyyatında səs salacaq yeni əsərlərini oxuyacağammı? Cavabım belə olur: Ukrayna uduzsa, ömrümün sonuna qədər oxumayacağam. Ukrayna udsa, onda... hmm, bir az düşünəcəyəm və bunları yazarkən, hiss edirəm ki, oxumağa meyilli olacağam.
Qəribə səslənsə də, Ukraynanın mümkün qələbəsi, nəticədə, adlarını çəkdiyim imperiya təfəkkürlü nasirləri məğlub, miskin durumda görməyim, ya təsəvvürümdə canlandırmağım onlara olan nifrətimi bir az azaldacaq. Müharibədə hansı ölkənin qalib gəlməsindən asılı olmayaraq, adlarını çəkdiyim həmyaşıd nasirlərdən kimsə, hətta xoşsimalı A.Şarqunov intihar etsə belə, acımayacağam. Sonra qəfil yadıma sənətini bəyəndiyim rus aktyoru, Krımın işğalına, RF-nin Ukraynada törətdiklərinə haqq qazandıran Nikolay Burlyayev düşür. Təsəvvürümə gətirirəm, Moskvaya təyyarədə bir uçuruq, yanımda oturub və onun cavanlıqda çəkildiyi “Anam ərə gedir” filmiylə bağlı suallar vermək ürəyimdən keçir, amma qəfil yadıma düşür ki, bu adam... Birdən o, məni söhbətə tutur, yeri gəlmişkən, N.Burlyayev həm də intellektualdır. Nə edərdim? Cavab verməmək alınmazdı məndə. Bəs soyuq tonda cavab vermək, başımdan etmək alınardımı? Ən azından, “Bilirsiz, sizin həmkarınız Aleksey Panin birinci Rusiya-Ukrayna müharibəsində Rusiyanı müdafiə etsə də, ikinci müharibədə “Qoy ölən ukraynalı uşaqlar bu müharibəni dəstəkləyən rusiyalıların yuxusuna girsin” deyib?” - deyərdim.
Yeri gəlmişkən, 1830-31-ci illərdə Polşada milli istiqlaliyyət uğrunda xalq üsyanını yatıran rus ordusuna haqq qazandıran, öz qələbələri haqda şeir yazan, eyni zamanda tutduğu bu mövqeyə görə dostu, həmvətəni Vyazemskinin və həmin dövrdə yaşayan başqa söz adamlarının qınağına tuş gələn böyük rus şairi Puşkin məlum kontekstdə nadir hallarda xatırlanır. Milli istiqlaliyyət tərəfdarı olan puşkinsevərlər təsadüfən onun anti-Polşa mövqeyi ilə rastlaşanda, uzağı, təəssüf hissi keçirir, çünki indi Polşa müstəqil, Avropanın inkişaf etmiş ölkəsidir və həmin dövrdən iki əsrə yaxın bir zaman keçib. Bu gün Ukraynada Puşkinin heykəllərinin kütləvi şəkildə sökülməsinin səbəbi onun Polşa üsyanının yatırılmasına münasibəti ilə yox, sırf ruslara olan nifrətlə bağlıdır.
Qısası, “Ədalətsiz müharibəni dəstəkləyən yazıçını oxumaq və ya aktyorun çəkildiyi filmə baxmaq” dilemması ilə üzləşəndə ənənəvi olaraq “Sənətkar, yoxsa şəxsiyyət?”, “Sənətkar, yoxsa prinsiplər?” suallarıyla üzləşirik. Bunun cavabı isə sadə və məlum məntiqə söykənir. Yazıçının qələmindən, printerindən çıxan mətn, səhnəyə çıxan film artıq öz müstəqil həyatını yaşayır; oxucu, tamaşaçı istəyər, sənətkarın ideoloji prinsiplərini nəzərə alar, istəməz, almaz. Sonda mətnin, aktyor oyununun dəyəri sənətkarın ideoloji baxışlarıyla ölçülə bilməz.
ŞƏRHLƏR