Mərifətullah minbəri
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Göydə də tanrı, yerdə də tanrı Odur (Allahdır)! O hikmət sahibidir, hər şeyi biləndir. Göylərin, yerin və onlar arasındakı hər şeyin ixtiyarı əlində olan Allah nə qədər də ucadır!” (əz-Zuxruf, 84-85)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Şanı uca olan Allahı (c.c) tanıma mədəniyyəti tam bir könül işidir. Allah-Təalanın, varlığının tanınmasına məhəbbət edərək məxluqatı və şah əsəri olan insan övladını yaratmasına müqabil, insan övladının da bu böyük məhəbbəti həm varlığında hiss etməsi, həm də onu lazımi şəkildə qiymətləndirməsi naminə ehtişamlı bir mərifətullah məsuliyyətinə yiyələnməsi onun insanlıq həssasiyyətinə dəyər qazandıran ən mühüm amillərdən biridir. Peyğəmbərlər və Allah dostları bu böyük məsuliyyətin məşəqqətinə qatlanaraq onun ülvi və lətafətli təbiətini könüllərində min bir əziyyət bahasına ərsəyə gətirərək bəşəriyyətin mərifətullah mədəniyyətinə olan ehtiyacını daima qarşılamışlar və bu zərif xidmətin onların fədakarlığı ilə qiyamətə kimi davam edəcəyinə də heç bir şübhə yoxdur. Lakin axır zamanın məkrlə dolu hadisələri mərifətullah mədəniyyətini görünməmiş bir cəhalət fırtınası ilə yox etmə əzmindədir. Yenilməz bir məhəbbət eşqi ilə yaradılmış insan övladının Xaliqini tanıma və Ona yenilməz bir mərifət eşqi ilə qul olma mədəniyyətinin iflas etməsinə çalışmaq ümumən insanlığın iflasına yol açmaq deməkdir. Bir zamanlar Hz. Mövlananın: “Mənim aşiq olduğumu hər kəs bildi. Amma (bənzərsiz varlığı, ucalığı, ehtişamı ilə aləmləri xəlq edən və onları sonsuz qüdrəti ilə ayaqda tutan Allah-Təalanı üstün bir mərifət eşqi ilə tanıma həyəcanını nəzərdə tutaraq) kimə aşiq olduğumu kimsə bilmədi!”- şəklində söylədiyi bu ifadə dövrümüzdəki mərifətullahdan məhrum buraxılan cəhalət mədəniyyətsizliyinin könüllərə acı verən qaranlıq üzünü necə də yerində anlatmaqdadır. “Yaxşı, bəs Hz. Mövlananın mərifət və irfan eşqi ilə tanıdığı Xaliqini, yəni hər birimizin Rəbbi olan Uca Allahı (c.c) könül aləmimizdə mərifətlə tanımamıza mane olan nədir?” sualına yaşamış olduğu mərifət və irfan həyəcanını qardaşları ilə bölüşməyə tələsən Mövlana həzrətləri belə cavab verir:
“Fani varlığını sevdiyin zaman Haqqa qovuşa bilməzsən. Varlığından sıyrılınca Haqqa yaxınlaşa bilərsən. Fani varlığınla məşğul olduğun zaman qəm buludlarının əsarətində qalarsan. Fani varlığından sıyrılınca qucağına Sevgiliyə yaxınlıq ayı doğar və sən hər tərəfi işıqlandırarsan. Fani varlığınla bir olduğun zaman yalnız özünü sevərsən. Varlığından imtina edincə gülün belə qısqandığı bir Haqq aşiqi olarsan”. (Mövlana, “Divani-Kəbir”)
Mövlana həzrətlərinin, o böyük könül dühasının müəllimi, can sirdaşı olan Şəms Təbrizi mərifətullah mədəniyyətinə yetişmənin həqiqətini belə açıqlayır:
“Allahın (c.c) sirri sənsən! Odur ki, qəlbinə yolçuluq et! Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil. Yol göstəricin daima ürəyin olsun. Allah (c.c) sənə sadəcə qəlbini vermişdir. İçini (xeyirlə) doldurmaq sənə aiddir”.
Hər bir varlıq Uca Rəbbimizin müstəsna məhəbbət əsəri olan kamil insana mərifətullah mədəniyyətini təbliğ etməkdədir. Muhyiddin Ərəbi həzrətlərinin bu istiqamətdə yaşamış olduğu mərifət hekayəsi cansız kimi görünən, lakin əsl həqiqətdə insanı böyük bir mərifət eşqi ilə qulluq mədəniyyətinə dəvət edən hər bir hadisəyə bizi fərasətlə baxmağa və dəyərləndirməyə dəvət etməkdədir: “Dövrün tanınmışlarından biri Misirdə ikən bizi evinə dəvət etdi. Şeyxlərdən ibarət camaat olaraq orada toplandıq. Süfrə açdılar. Fəqət yemək üçün boşqab yetmədi. Yaxınlıqda şüşədən bir qab var idi. Bu qab ayaqyolu ehtiyacı üçün nəzərdə tutulmuş və hələ ki istifadə edilməmişdi. Naəlac qalan ev sahibi yeməyin bir qismini o qabın içinə qoydu və camaat da yeməyə başladı. Yemək zamanı şeyxlərin hüzurunda həmin qab birdən dilə gələrək iştirak edənlərin anlayacağı şəkildə: “Rəbbim mənə, məndən bu irfan sahiblərinin yemələrini nəsib etdikdən sonra artıq mən (ayaqyolu ehtiyacları üçün ayrılma) taleyimə əsla razı olmaram!”- dedi və ikiyə bölündü. Ərəbi həzrətləri topluluğa yönələrək soruşdu: “Qabın söylədiklərini duydunuzmu?” Onlar da: “Bəli”, - cavabını verdilər. Ərəbi həzrətləri: “Qab başqa bir şey də söylədi”, - dedi. Oradakılar: “Daha nə söylədi ki?”- deyə təəccüblə qarşılıq verincə oturduğu o mərifətullah minbərindən həm yoldaşlarına, həm də bizlərə yönələn Ərəbi həzrətləri hər birimizi bənzərsiz bir mənəviyyat və əxlaq nemətinə dəvət edəcək o kəlmələri söylədi:
“Əzizlərim, qab söylədi ki, qəlbinizə diqqət yetirin! Allah-Təala (c.c) qəlbinizə iman nəsib etdi. Artıq siz də bu imanı Rəbbimizin razı olduğu şəkildə mərifətlə yaşama qeyrətinə bürünərək qəlblərinizin günah, üsyan və dünya sevgisi ilə kirlənmə bədbəxtliyinə əsla razı olmayın!”.
ŞƏRHLƏR