NƏFSİN MƏRTƏBƏLƏRİ
Yusuf surəsinin 53-cü ayəsində uca Rəbbimiz Hz. Yusufun (ə.s) dilindən buyurur: “Mən nəfsimi təmizə çıxartmıram. Həqiqətən, Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) şiddətli şəkildə pis işlər görməyi əmr edər. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”.
Ən çox eşitdiyimiz, ən çox rast gəldiyimiz və ən çox üzərində durulub kitablar yazılan mövzulardan biri nəfs və nəfsin tərbiyəsidir. Dünya imtahanında ən çətin məsələlərdən biridir nəfs. Allah hamımızı nəfslə yaradıb. Bəs nəfs nədir? Nəfs insanın içində var olan, onu arzularına doğru hərəkətə gətirən bir qüvvədir. Allah yolunda qala bilmək üçün cilovlanması gərəkən duyğulardır, nəfs.
Nəfs yaradılmışlar içərisində insanı həm yüksək bir mövqeyə ucalda bilən, həm də bunun ziddi olaraq “əsfəli-safilin”, yəni aşağıların ən aşağısı səviyyəsinə alçalda bilən ikiyönlü bir vasitədir. İslah edilsə, xeyrə; islah və tərbiyə olunmadıqda isə şərə yol açar.
Nəfsin tərbiyəsi ilə əlaqəli çox tövsiyə və təlimatlar dinləyirik. Bütün dini kitabların ana mövzusu nəfsin tərbiyə olunmasıdır. Bu mövzuda ən geniş məlumat verən kitab imam Qəzzalinin (r.aleyh) “İhyayi-ulumiddin” kitabıdır.
İstədik ki, bu yazıda qısa şəkildə də olsa, nəfsin mərtəbələrindən bəhs edək. Gəlin baxaq, nəfsimizi nə qədər tanıyırıq və nəfs tərbiyəsində kim hansı səviyyədədir, özümüzü hansı mərtəbədə görürük.
Nəfsin 7 mərtəbəsi var, yəni 7 cür nəfs var:
- Nəfsi-əmmarə. Buna “əmmarətus-sui” də deyilir. Yəni davamlı olaraq pisliyi əmr edən nəfs. İnsanı Rəbbindən uzaqlaşdıraraq pislik etməyə təhrik edən, ən çirkin vəziyyətdə olan üsyankar nəfs. Xeyrə heç marağı olmayan bir nəfs. Şəhvətin əsiri, şeytanın köləsi olmuş, kefinə, zövqünə, günaha düşkün olan bir nəfs. Ən pis və ən aşağı mərtəbədə olan nəfs budur.
- Nəfsi-ləvvamə. Birincidən bir az fərqlidir, günah və xəta işləsə də, az da olsa peşmanlıq hissi olan nəfsdir. Çirkin hal və hərəkətlərdən xilas olmaq, yaxşılıq etmək istəsə də, addım ata bilməyən nəfs. Cümə namazına zorla gələn, vaxt namazlarını qılmağa cürət etməyən nəfs buna nümunədir. Ayeyi-kərimədə buyurulur: “And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə!” (əl-Qiyamə, 2)
- Nəfsi-mülhəmə. Bir və ikincidən fərqli olaraq yaxşılıq etmək istəyi olan, nəfsin pis istəklərinə qarşı mübarizə yolları axtaran bir nəfs mərtəbəsidir. İslah olmağa çalışan, mənəvi tərbiyəyə könül verən, vəz və söhbətlərdən təsirlənməyə başlamış bir nəfs buna nümunədir.
- Nəfsi-mütməinnə. Bu, yavaş-yavaş özünü yaxşılıq tərəfinə yönləndirən, Allahın əmrlərinə əməl edib, qadağalarından həssasiyyətlə çəkinən, mənəvi dinclik və əmin-amanlığa qovuşmuş nəfsdir. Daim xeyrə təşviq edən, yaxşı əməllərə, ibadətə doymayan nəfsdir.
- Nəfsi-raziyyə. Yolunu tutmuş, Allahın hikmətinə və hökmünə təslim olaraq Rəbbindən razı hala gəlmiş nəfsdir. Allah və peyğəmbər haqqında gözü yaşaran, öz iradəsindən əl çəkib Haqqın iradəsinə ram olmuş nəfs mərtəbəsidir.
- Nəfsi-mərziyyə. Pis xasiyyətlər yox olub, gözəl xasiyyətlər və əxlaqi keyfiyyətlərin inkişaf etdiyi mərtəbədir. Raziyyə mərtəbəsi Allahdan razı olanların məqamı olduğu kimi, mərziyyə mərtəbəsi də Allahın bəndəsindən razı olduğu məqamdır.
- Nəfsi-kamilə. Peyğəmbərlərin və onların yolunu izləyənlərin nəfsi. Nəfsini cilovlamış, nəfsin istədiyini etməyən insanların nəfsi. Bu mərtəbəyə qovuşanlara insanları tərbiyə etmək vəzifəsi verildiyindən bu məqama eyni zamanda irşad məqamı da deyilir. Bu, Allahın lütf etdiyi vəhbi bir məqamdır.
Qısa şəkildə də olsa, bəhs etdiyimiz nəfsin bu 7 mərtəbəli məqamlarında heç bir müsəlman nəfsin birinci və ikinci mərtəbəsində qalmamalıdır. Hər müsəlman nəfs tərbiyəsinin son mərtəbəsinə qədər getməyə çalışmalı, səy göstərməlidir. Bunu bizdən həm Rəbbimiz, həm də Peyğəmbərimiz istəməkdədir.
Bacara bilməsə belə, hər müsəlmanın Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Əli kimi olmaq xəyalı olmalıdır. O yolda çalışmalıdır. Səhabə olmaq kimi şansımız yoxdur, lakin Allah-Təala Hz. Əbu Bəkri sənə nümunə göstərir, yarışın deyir, həmçinin digər səhabələri. Bu nümunə bir xəyal/teorem olaraq qalmamalıdır, isbatı həyata əks olunmalıdır.
Hər insan özünü daha yaxşı tanıdığı üçün yaşayışında nəfsin hansı mərtəbəsində olduğunu da bilər. Təkbaşına qaldığında, Rəbbi ilə baş-başa qaldığında nəfs mərtəbələrindən hansı səviyyədə olduğunu düşünər. Öz-özünə sual verər: Qaçırdığım ibadətlər məni narahat edib yuxusuz qoyurmu? Yalanın, faizin arxasınca qaçıram, yoxsa?..
Bizim mücadiləmiz və hədəfimiz nəfsin yeddinci mərtəbəsinə qədər çıxmaqdır. Aşağıdakı mərtəbələrdə qalmamağa çalışmalıyıq. Bəs bunun üçün nə edilməlidir? Aşağı nəfs mərtəbələrindən yuxarıya, Allah və Rəsulunun dəvət etdiyi mərtəbəyə doğru çıxmaq üçün günahlardan qurtulmağa çalışmaq, tövbə-istiğfar etmək və bu yolu izah edən dərslərdə/söhbətlərdə iştirak etmək lazımdır.
ŞƏRHLƏR