Azərbaycançılıq şüuru

Azərbaycançılıq şüuru

İllər əvvəl idi. Oğlum birinci sinfə yenicə qədəm qoymuşdu. Sinif rəhbəri uşaqları bir-bir danışdıraraq onlarla tanış olurdu. Uşaqlara verilən suallardan biri də bu idi: “Haradansan?”. Müxtəlif cavablar səslənirdi: “Bakı, Gəncə, Şəki, Lənkəran, Astara, Qazax, Qəbələ...”. Növbə bizimkinə gəlir. Müəllim adını soruşduqdan sonra növbəti sualını təkrarlayır: “Haradansan?”. Oğlum çox da fikirləşmədən cavab verir: “Azərbaycanlıyam!”. Bu cavab qarşısında üzünə təbəssüm yayılan müəllim onu ayaqda alqışlamışdı: “Bax bu çox gözəl cavab oldu, afərin!”.

Azərbaycançılıq şüuru – bütün vətəndaşları tək bir məqsəd və məfkurə ətrafında birləşdirmək ideyası Ümummilli liderimiz Heydər Əliyevin ən böyük məqsədi və ən əzəmətli nailiyyətlərindən biri idi. Bunun üçün illər boyu sərf edilən əmək, çəkilən zəhmət növbəti illərdə, xüsusilə də Zəfər tariximizdə öz bəhrəsini vermiş, səmərəsini göstərmişdir.

Azərbaycançılıq şüuru təkcə Azərbaycan Respublikasının vətəndaşlarını deyil, ümumiyyətlə, bütün dünya azərbaycanlılarını birləşdirən müdrik bir siyasət, əvəzolunmaz bir ideyadır. Bu həmçinin bizim dövlətçilik ideologiyamız, xalqımızın geninə hopmuş həyat tərzimizdir. Bu bizim həmrəyliyimizin, birliyimizin məşəl kimi işıq saçan, mayak kimi yol göstərən parlaq rəmzidir. Siyasi düşüncəsindən, yaşından, cinsindən, sosial statusundan, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların vahid məqsəd ətrafında birləşməsindən daha böyük nailiyyət ola bilərmi?!

Şübhəsiz, bu şüurun kamil nöqtədə zirvələşməsindən əvvəl də tarix boyu eyni amal uğrunda bir çox səylər göstərilmiş, müəyyən uğurlar əldə edilmişdir. Heç bir millət, heç bir dövlət öz soy-kökünü, tarixi keçmişini danaraq parlaq gələcək qura bilməz. Hər bir müvəffəqiyyətdə olduğu kimi, bugünkü parlaq tariximizin kökündə də əcdadımızın dərin ləpirləri, bərəkətli toxumları yatmaqdadır.

Müasir Azərbaycançılıq ideologiyası əsasən imperiyaların parçalanaraq milli dövlətlərə çevrilməyə başladığı XIX əsrin sonlarında formalaşmağa başlamış, XX əsr boyunca müxtəlif mərhələlərdən keçərək XXI əsrin əvvəllərində zirvə nöqtəsinə çatmışdır. Bir çox şəxsiyyətlərimiz bu uzun yola daş döşəmiş, əmək sərf etmişdir. Bu tarixi yolçuluqda S.Ə.Şirvani, M.F.Axundov, Qasım bəy Zakir, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə kimi bir çox şəxsiyyətlərin mübarizəsini xatırlamaq yerinə düşər. Onların arxasınca Əhməd Cavad, Cəfər Cabbarlı, Ümmügülsüm və bir çox qələm əhli insanımız aydınlanma məşəlini əldən-ələ ötürməyə davam etdilər. Əbəs yerə deyil ki, Çar Rusiyası dağılan kimi milli düşüncəli ziyalılarımız tərəfindən qurulan Şərqin ilk demokratik respublikası 70 il sonra, Sovetin dəmir pəncələri şüşə kimi çilik-çilik olduğu zaman həmin cümhuriyyətin varisi olaraq yenidən tarix səhnəsində boy göstərdi. Əslində, azərbaycançılıq ideyası elə müstəqillik ideyasının təməli və özüdür.

Bu ideyanın qatı Sovet təzyiqi altında yenidən cücərməsi sahəsində Ümummilli liderin 60-cı illərdən etibarən tətbiq etdiyi siyasi xətti xüsusi ilə vurğulamaq lazımdır. Milli bayramların, şəxsiyyətlərin, abidələrin tanıdılması, yaşadılması, milli özünüdərkin yenidən inşası xüsusunda həmin illərdə görülən işlər əvəzsizdir.  

1990-cı ilin yanvar ayında yek kütlə olaraq meydanı dolduran xalq, kimliyindən, yaşından, milliyyətindən asılı olmayaraq bir amal uğrunda birləşmişdi. Və o amal yenidən müstəqilliyin qapılarını ardına kimi araladı, dövlətimiz yeni bir mərhələyə qədəm qoydu. Həmin illərin ağrılı-acılı günlərini yaşayanlar çox yaxşı xatırlayarlar; Sovet dövlətinin dağılmasına sevinən xarici qüvvələr hər bir respublikanı da darmadağın edərək rahatca udula biləcək xırda tikələrə bölmək sevdasına düşmüşdü. Xüsusilə Azərbaycanı zəiflətmək, daxildə çaxnaşma yaratmaq, həm siyasi məqsədlər uğrunda, həm də milli zəmində bölünmələrə nail olmaq ən çox bədnam qonşularımızın məkrli siyasətinə xidmət edirdi. Bu uğurda aparılan qara propaqandanın Birinci Qarabağ müharibəsinin necə əleyhimizə nəticələnməsinə səbəb olduğu da heç kimə sirr deyil. Odur ki, belə bir şəraitdə Ümummilli liderimizin yenidən hakimiyyətə qayıdışı böyük bir fəlakətin qarşısının alınması ilə nəticələndi.

Azərbaycançılıq əsasında qurulan siyasət xalqımızın birliyini möhkəmlədərkən eyni zamanda düşmənlərimizi narahat etməyə davam edir. Necə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində bunu çox bariz nümunələri ilə müşahidə etdik. Hər nə qədər erməni təbliğat maşınları Azərbaycan türkləri ilə Azərbaycanda yaşayan fərqli etnik qrupların birliyini pozmağa çalışsa da, bunun heç bir təsirini görə bilmədi. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri – talışlar, tatlar, ləzgilər, kürdlər, yəhudilər, ruslar, rutullar və s. həm sözlü bəyanatları ilə, həm də fiziki olaraq – istər silaha sarılaraq, istərsə də maddi yardımları ilə böyük bir birlik və səfərbərlik nümayiş etdirdilər. Nəticədə Azərbaycan xalqı böyük bir həsrətə son qoyaraq müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdı, möhtəşəm bir vətənpərvərlik nümunəsi sərgilədi. Budur, öz töhfəsini verən azərbaycançılıq ideyası, fərx etdiyimiz Azərbaycan! Bu yerdə mərhum Ümummilli liderimizin müdrik kəlamını təkrar etmək yerinə düşər: "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!".

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz