NAMAZIN FORMALAŞMASI
Bütün dinlərdə Xaliqə qarşı qulluğun göstəricisi kimi müxtəlif rituallar vardır. İbadətlərin bəziləri şəkilləri baxımından bir-birinə bənzəyir, bəziləri isə özünəməxsusdur. Bu yazımızda İslam dininin ibadət əsaslarından birincisi olan və düşmən qarşısında belə vaxtında əda edilməsi tələb olunan, xilqətimizin məqsədi sayılan namaz ibadəti ilə əlaqəli tarixin səhifələrinə ekskursiya edəcəyik. Görəsən, namaz ibadəti təkcə İslam dininə məxsusdur, yoxsa əvvəlki şəriətlərdə də var idi?
Qurani-Kərimə nəzər yetirdikdə -şəkil və üslubu fərqli olsa da- namazın Hz. Muhamməddən (s.ə.s) əvvəlki peyğəmbərlərin şəriətində də var olduğunu müşahidə edirik. Belə ki, Qurani-Kərimdə Adəm, Nuh və İbrahim peyğəmbərlərdən sonra namazı tərk edən nəsillərin gələcəyi (Məryəm, 59), Zəkəriyyə peyğəmbərin namaz qıldığı (Ali-İmran, 39), İbrahimlə yanaşı, Lut, İshaq və Yaqub peyğəmbərə də namazın vəhy edildiyi (əl-Ənbiya, 73), Şüeyb, Musa və İsa peyğəmbərin namaz qıldıqları (Hud, 87; Taha, 14; Məryəm, 31), Hz. İsmayıl peyğəmbərin ailəsinə namaz qılmağı əmr etdiyi (Məryəm, 55), Hz. Loğman peyğəmbərin övladına namazı düzgün qılmasını tövsiyə etdiyi (Loğman, 17), Hz. İbrahimin namazını ancaq Allah rizası üçün qıldığı (Taha, 14) bildirilir. Bu ayələr namazın bəşər övladı xəlq edildiyi gündən qiyamətə qədər Allahın insanlardan tələb etdiyi ən önəmli ibadət olduğunu göstərir. Allah tərəfindən göndərilən bütün peyğəmbərlərə və onların ümmətlərinə namaz qılmaq vacib buyurulmuşdur. Allahın İsrail oğullarından aldığı vədlər arasında namazın da qeyd olunması (əl-Bəqərə, 83) bu fikri əsaslandıran dəlillərdəndir.
İslam tarixinin mənbələrinə nəzər yetirdikdə görürük ki, İslamdan əvvəl ərəb cəmiyyətində Hz. İbrahimin təbliğ etdiyi ibadət formaları mahiyyəti dəyişdirilərək tətbiq edilmişdir. Məsələn, Əbu Zərr əl-Qifari və Zeyd ibn Əmr Kəbəyə sarı yönələrək namaz qılmış və onlar “hənif” adlandırılmışlar (Müslim, Fəzail əs-Səhabə, 132). Fəqət cahilliyə ərəbləri arasında müəyyən, vahid namaz formasının olduğuna dair məlumat yoxdur.
Mənbələrin verdiyi məlumata görə, İslamın ilk vaxtlarından etibarən namaz qılınırdı. Ancaq namazın fərz qılınması meracda baş vermişdir. Merac hadisəsi Hz. Peyğəmbərin (s.ə.s) Mədinəyə hicrət etməsindən bir il əvvəl olmuşdur (Buxari, Bədul-xəlq, 6). Deməli, beş vaxt namaz hicrətdən bir il əvvəl fərz qılınmışdır. Namaz gündə beş dəfə fərz qılınmadan əvvəl gündə iki dəfə, səhər və axşam qılınırdı. Hz. Aişədən rəvayət edildiyinə görə, fərz namazlar əvvəl iki rükət qılınırdı. Sonra səfərdə olanlar üçün namazların rükət sayı dəyişdirilmədi, fəqət muqim (səfəri olmayanlar) üçün rükət sayı artırıldı (Buxari, Salət, 1). Zöhr, əsr və işa namazlarında rükət sayı ikidən dördə çıxarıldı. Bu rəvayət bizə göstərir ki, namaz hicrətdən əvvəl başlayaraq azdan çoxa doğru artırılmışdır.
Rəvayətə görə, Müddəssir surəsinin ilk ayələrinin nazil olduğu, vəhyin başlanğıcının ilk dövrlərində Cəbrayıl (ə.s) Hz. Peyğəmbəri (s.ə.s) Məkkənin kənarında bir yerə aparmış, oradakı bulaqdan dəstəmaz aldırmış və necə namaz qılacağını öyrətmişdir. Üç illik gizli dəvətdə və sonrakı bir neçə ildə Kəbədən uzaqda, dağ və dərələrdə gizli şəkildə, günorta çağı heç kimin olmadığı vaxtlarda isə Kəbənin qarşısında - “harəm”də namaz ibadətini yerinə yetirmişdir. İlk müsəlmanlar da cəm şəkildə ancaq Ərkamın evində və gizli olaraq namazlarını əda edirdilər.
Namazın beş vaxt şəklində fərz qılınması həm Qurani-Kərimdə öz əksini tapır, həm də hədislərdə. Belə ki, Abdullah ibn Abbasa “Quranda beş vaxt namaz varmı?” deyə sual verildikdə “Bəli, var” demiş və arxasınca Rum surəsinin 17-18-ci ayələrini oxumuşdur: “Ona görə də axşam və səhər Allahı təsbeh edin (namaz qılın)! Göylərdə və yerdə həmd Ona məxsusdur! Gün batarkən və günorta vaxtı da (namaz qılın)!” Bu ayələrdə sübh, zöhr, əsr və məğrib namazları qeyd olunub. Abdullah ibn Abbas bu ayələrdən sonra Nur surəsinin 58-ci ayəsinin “...gecə (işa) namazından sonra” hissəsini oxumuşdur. Bu da işa namazına dəlalət edir. Cəbrayıl (ə.s) Hz. Peyğəmbərə (s.ə.s) iki gün namaz qıldırmış və bu günlərdə beş dəfə hansı saatlarda namaz qılınacağını əyani şəkildə bildirmişdir. Rəvayəti tədqiq etdikdə bu vaxtların hal-hazırda namazlarımızı qıldığımız sübh, zöhr, əsr, məğrib və işa namazı vaxtları olduğunu açıqca görürük.
Xülasə, namaz Hz. Adəmdən başlayaraq Hz. Muhammədə (s.ə.s) qədər bütün peyğəmbərlər tərəfindən qılınmışdır. Digər peyğəmbərlərin qıldığı namazlarda da qiyam, rüku və səcdələrin olduğu bilinməklə yanaşı, təfərrüatı barəsində məlumat yoxdur. Cahiliyyə dövründə “hənif” adlandırılan, yəni Hz. İbrahimin şəriəti üzrə dinlərini yaşayan insanlar tərəfindən də qılınmışdır. Gündə beş dəfə fərz qılınmadan əvvəl də Hz. Peyğəmbər (s.ə.s) və səhabələri tərəfindən qılınmışdır. Fərz qılındıqdan və təfərrüatları bildirildikdən sonra isə günümüzə qədər gəlib çıxan şəkli ilə qılınmağa davam etmişdir.
ŞƏRHLƏR