Xurma Ağacı və İnsan

Xurma Ağacı və İnsan

İnsanın qulağı hər gün yeni bir şey eşitməsə, kar olar deyirlər. Sözün həqiqi mənasında, bəlkə də, bu belədir. Mən də bu dəfə yeni eşitdiyim və çox təəccübləndiyim bir məlumatı sizinlə paylaşmaq istəyirəm. Deməli, qısa müddət öncə ümrə ziyarəti üçün mübarək torpaqlara səfərimiz baş tutmuşdu. Mədinə şəhərində olarkən xurmanın vətəni sayılan bu torpaqlarda ənənəyə uyğun olaraq bütün zəvvarları Mədinənin məşhur xurma bağlarından birini ziyarətə aparırlar. Həm zəvvarlara xurma və xurma bağları haqqında məlumat verilir, həm də ki, onlara münasib qiymətə müxtəlif çeşidli xurmalar təklif edilir.  Elə bu minvalla biz də məşhur xurma bağlarından birinə təşrif buyurduq. Xurma bağında əvvəlcə bütün qonaqlara müxtəlif xurma növləri ilə çay təqdim etdilər. Bundan sonra cavan bir oğlan xurma ağacının yanında dayanaraq səbir və ehtiramla xurma ağacının insana bənzərliyi haqqında danışmağa başladı. O məlumatları necə eşitmişəmsə, sizə o şəkildə ərz edirəm:

Hər birimizin bildiyi kimi, yaxşı bir lif tərkibi, antioksidan və bir çox vitamin mənbəyi olan xurma hər kəs tərəfindən möcüzəvi meyvə adlandırılır və Ramazan ayının əvəzolunmaz meyvəsi olaraq qəbul edilir. Ancaq xurma meyvəsinin və ağacının hikmətləri bunlarla bitmir.  O, demək olar ki, bütün inkişaf proseslərində insana bənzərliyi ilə hər kəsi təəccübləndirə bilir.

Belə ki, xurma ağacı isti, tropik, mülayim və səhra iqlimlərində yetişir və bir-birindən dadlı  bir çox növləri var. Hər nə qədər quru, yağışsız və isti iqlimlərdə yetişsə də, mütləq şəkildə yeraltı su mənbələri olan sahələr onun üçün daha əlverişli hesab edilir. Vətəni Fars körfəzi əraziləri olmasına baxmayaraq, uyğun iqlimi olan bir çox fərqli ölkələrdə də yetişdirilir. Tarixin ən qədim meyvələrindən olan bu meyvənin ağacları xüsusilə səhra bölgəsində yaşayanlar üçün böyük dolanışıq mənbəyidir. Suyu və günəşi sevən bu ağac bunlardan biri əskik olduğu zaman meyvə vermir. Buna görə də xurmanın kökündə su, başının üzərində isə günəş olmalıdır.

Bəzi dini mənbələrdə Hz. Adəmin üzərində yaradıldığı torpağın ələkdən keçirildiyi, ələkdə qalan torpaqdan isə xurmanın yaradıldığı bildirilir. Xurma ərəbcə “nəxlə” adlanır və bu sözün dilimizdə qarşılığı “ələkdə qalan” kimi tərcümə  edilir.

Xurma ağacının “qummar” hissəsi olaraq adlandırılan yeri insanın qəlbi ilə eynilik təşkil edir. İnsan ürəksiz yaşaya bilmədiyi kimi, xurma ağacı da qummar bölgəsinə dəyən bir zərbəyə dözə bilmir və həyatını itirir. Eyni zamanda qəlbi kimi başının da kəsilməsi xurma ağacının ölümünə səbəb olur. Xurma ağaclarının və meyvələrinin rəngi insan dərisinin rənginə çox oxşardır.

Xurma ağacının boyu insanda olduğu kimi zamanla uzanır. Bundan əlavə, köhnə budaqlar tökülür və yeni hissələrdən yeni budaqlar çıxır. Doğuşdan etibarən uzanmağa və böyüməyə davam edir. Xurma ağacının ömrü də insanın ömrü kimi ortalama 60-70 il arasındadır. Eyni zamanda xurmanın da gənclik və qocalıq dövrləri var və bu dövrlər insanların inkişaf dövrü ilə eynidir. İnsanlar kimi xurma da susuz yaşaya bilmir və su qəbul etmədikcə zamanla ölür.

Xurma ağacları erkək və dişi olmaqla iki cinsə ayırılır. Erkək xurma ağacı fəhl (erkək xurma), dişi xurma ağacı isə ünsa (dişi xurma) adlanır. Dişi xurma ağacları yanında erkək xurma ağacları olmadan çoxala bilmir. Bu ağaclarda 15-40 yaş arası olan dövr insanlar kimi çoxalma baxımından ən məhsuldar dövrdür. Bundan əlavə, bu möcüzəli ağaclar 60 yaşından sonra az meyvə verməyə başlayır və ya heç meyvə vermir.

Erkək xurma ağacında olan polenlər  insan əli ilə götürülür və qurudulur. Daha sonra dişi ağacın yuxarı hissəsindəki yarıqdan tökülür və bu yarıq bir müddətdən sonra bağlanır. Bu şəkildə döllənmə prosesi baş verir. Erkək xurma ağacının polenləri də insan sperması ilə eyni qoxuya malikdir.

Bu möcüzəvi ağacın ən təsirli tərəfi isə ondan ibarətdir ki,  ağacın gövdəsindən (ana ağacdan) götürülüb ondan uzaqda əkilən yeni tumurcuq (balası) böyüyə bilmir. Eyni zamanda ana ağac da öz balası yanında əkilmədiyi zaman küsür və meyvə  verməməyə başlayır. Ona görə də həm bala ağacın, həm də ana ağacın küsməməsi və daha məhsuldar olması üçün onlar bir-birinin yaxınlığında əkilir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz