İlk cümhuriyyət və din
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsinin qəbul olunması ilə Şərqdə demokratik dəyərlərə söykənən ilk müsəlman dövləti – ilk cümhuriyyət quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin diqqət ayırdığı mühüm məsələlərdən biri də milli-mənəvi özünəməxsusluğun qorunması ilə əlaqələndirilən dini etiqad azadlığı problemi idi. Azərbaycan Xalq Cümhuriyyətinin milli mədəniyyəti, milli kimliyi və mənəvi dəyərləri ön planda tutacağı hər kəsdə əminlik yaratmışdı. İstiqlal Bəyannaməsinin 4-cü maddəsində belə deyilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində (sərhədləri daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər”. Açıq şəkildə görünür ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün siyasi və vətəndaşlıq kimi geniş hüquqlar verdiyini elan etməklə, etnik və dini azlıqlara tolerant münasibət ifadə edən siyasət yürüdəcəyini bəyan edirdi.
Vətəndaşların istədikləri dinə etiqad etmək, dini etiqadını dəyişmək, dini birliklərdə sivil şəkildə iştirak etmək, eləcə də heç bir dinə etiqad etməmək və dindarların inancına toxunmamaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətində dini etiqad azadlığının fundamental əsasını təşkil edirdi. Həmin dövrdə Cənubi Qafqazın digər dövlətləri olan Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanda dinlərdən hər hansı birinə üstünlük verilməsindən söhbət gedə bilməzdi. Çünki hansısa dinin sıxışdırılması, dini bərabərsizlik mühitinin yaradılması insan hüquq və azadlıqlarını, demokratik prinsipləri yüksək tutan Cümhuriyyətin digər dinlərə mənsub vətəndaşlarının hüquq bərabərliyinin pozulmasına səbəb olardı.
Müsəlman olmalarına, hətta bir çoxunun ruhani ailəsində dünyaya gəlmələrinə, mədrəsə təhsili almalarına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qurucuları dünyəvi fikirli, tolerant baxışlı ziyalılar olmuş, ölkəmizdə yaşayan digər dinlərə etiqad edən insanların vicdan azadlığı sahəsində çox demokratik mövqe tutmuş, dini bərabərlik prinsipinə əməl etmişlər. Cümhuriyyətin mövcud olduğu illərdə Azərbaycanda müsəlman məscidləri ilə yanaşı, çoxlu sayda xristian, yəhudi və müxtəlif təriqət mənsublarının ibadət evlərinin sərbəst fəaliyyət göstərməsi də bunu aydın şəkildə göstərir.
Mövcud olduğu 23 ay müddətindəki fəaliyyəti dövründə ölkə ərazisində fəaliyyət göstərən məscidlərdə ibadət üçün əlverişli şəraitin yaradılması sürətləndi, məscidlərin sayı artdı, qədim məscidlərin təmiri sürətləndi, məscidlərdə ibtidai dini təhsil verən mədrəsələr açıldı. O cümlədən, qeyri-müsəlman din xadimlərinə dövlət diqqət və qayğısını əsirgəmədi. Milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Dini Etiqad Nazirliyinin yaradılması, ruhanilərə geniş imtiyazlar verilməsi, şiə və sünni müsəlmanların ruhani qurumlarını birləşdirən şeyxülislamlığın – həmin dövrdəki adı ilə “Məşyəxəti-İslamiyyə”nin yaradılması, din xadimlərinin ən mühüm dövlət tədbirlərində iştirak etmələri, ordunun mənəvi ruhunun yüksəldilməsi üçün din xadimlərinin dəstəyindən istifadə olunması, ibadət ocaqlarına və dini təhsilə dövlətin xüsusi diqqət göstərməsi Cümhuriyyət dövründə dövlət-din münasibətlərini tənzimləmək yolunda atılmış addımlar idi.
Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu.
Ümumiyyətlə, dini məsələlərdə həssas mövqe nümayiş etdirilirdi. Azərbaycan Demokratik Respublikası milli ənənələrin qorunması ilə bağlı da əhəmiyyətli addımlar atdı. Dini bayramların dövlət səviyyəsində qeyd edilməsinin ən başlıca səbəbi milli-mənəvi dəyərlərimizin yaşadılması olmuşdur. Hökumətin qərarı ilə ruhanilər və dini idarələr büdcədən maliyyələşdi, dini vergilər də bilavasitə dövlət xəzinəsinə daxil oldu.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca qanun qəbul etməyə imkan tapmasa da, yuxarıda göstərilmiş bütün faktlara söykənərək belə bir nəticəyə gəlmək olar ki, dövlət vicdan - dini etiqad azadlığı probleminə həssas yanaşaraq, özünün ən mühüm prioritetləri sırasına daxil etmiş, bütün dinlərin nümayəndələri üçün ölkədə tolerant mühit yaratmağa müvəffəq olmuşdur.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında qəbul edilmiş Konstitusiya Aktında Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. Cümhuriyyətin tarixi, uğurları, atdığı dünyəvi addımlar kimi milli-mənəvi dəyərlər və dini etiqad – vicdan azadlığı sahəsindəki təcrübəsi də müstəqil Respublikamızın müvafiq sahə üzrə yürütmüş olduğu siyasətin fundamenti rolunu oynamaqdadır.
Çox qısa ömür sürməsinə baxmayaraq, onun əsasını qoyduğu ideyalar ölmədi. İkinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra bu ideyalar Ulu Öndər Heydər Əliyev tərəfindən reallığa çevrildi. Onun tərəfindən həyata keçirilən dövlət strategiyası məhz Cümhuriyyətin şanlı tarixi üzərində dayanmışdır. Ulu Öndər kimi, layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də dövlətçilik tariximiz daim ehtiramla xatırlanır, bu şanlı tarixə hərtərəfli diqqət və qayğı göstərilərək yeni-yeni parlaq səhifələr əlavə olunur.
ŞƏRHLƏR