Bir Hədis
عَنْ البَرَاءِ بْنِ عَازِبٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: الخَالَةُ بِمَنْزِلَةِ الأُمِّ
Bəra ibn Azibdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Xala ana yerindədir". (Tirmizi, Birr, 6)
Qohumluq bağlarını və əlaqəni davam etdirməyə artıqlaması ilə layiq olan qohumlardan biri də xaladır. Ənənəmizdəki "Xala ana yarısıdır" sözü bu mövzudakı hədislərlə eyni mənanı daşıyır. İbn Ömərin rəvayət etdiyinə görə, bir adam Həzrət Peyğəmbərin yanına gələrək dedi: "Ey Allahın Rəsulu! Mən böyük bir günah etdim, mənim üçün tövbə imkanı varmı?" Həzrət Peyğəmbər: "Anan varmı?" - deyə soruşdu. Adam: "Xeyr", - deyincə: "Xalan varmı?" - dedi. O şəxs: "Bəli", - deyə cavab verdi. Rəsulullah (s.ə.s): "Elə isə get ona yaxşılıq et!" - buyurdu və dediklərinə bu sözləri əlavə etdi: "Xala ana yerindədir".
Bu hədisin səbəbi-vürudu, yəni söylənmə səbəbi ilə əlaqədar aşağıdakı hadisədən bəhs olunur: Rəsulullah (s.ə.s) hicrətin altıncı ilində ümrə ibadəti üçün Məkkəyə gəlmiş, lakin məkkəli müşriklər o il müsəlmanların ümrə etmələrinə icazə verməmişdilər. Buna görə də Rəsulullah (s.ə.s) ilə müşriklər arasında Hüdeybiyyə adlanan yerdə bir anlaşma olmuşdu. Bu müqaviləyə əsasən müsəlmanlar bir il sonra Məkkəyə gələcək və orada üç gün qalaraq ümrə edəcəkdilər. Növbəti il Rəsulullah (s.ə.s) səhabələri ilə bərabər Mədinədən Məkkəyə gəlmiş və orada üç gün qalaraq ümrə ibadətini yerinə yetirmişdi. Məkkədən qayıdarkən Uhud qəzvəsində şəhid olan Həzrət Həmzənin qızı Ümamə onun arxasınca düşərək, onunla birlikdə getmək istəyincə Rəsulullah (s.ə.s) bunu qəbul etdi. Mədinəyə gəldiklərində oradakı qohumların hər biri balaca qızı öz himayəsinə götürmək istədi. Cəfər (r.a) uşağın onun yanında qalması üçün ən çox özünün layiq olduğunu söylədi. Çünki uşaq Cəfərin əmisinin qızı, onun xanımı isə uşağın xalası idi. Özünün buna daha çox layiq olduğunu deyən Həzrət Əli isə xanımının Rəsulullahın (s.ə.s) qızı olduğunu dedi. Zeyd ibn Harisə də onu Məkkədən özünün gətirdiyini və uşağın himayəsinin ona aid olduğunu ifadə etdi. Vəziyyət Allah Rəsuluna (s.ə.s) danışıldıqda: "Mən xalası ilə birlikdə qala bilməsi üçün qızı Cəfərə verəcəyəm. Çünki xala ana yerindədir", - buyurdu. (Əbu Davud, Talaq, 34-35)
Uşağın həvalə ediləcəyi şəxslər arasında qadınların öncəlik haqqı vardır. Ruhi və fiziki baxımdan sağlam olmayan, ətrafındakı insanlar tərəfindən güvənilən biri kimi tanınmayan şəxslərə uşaq həvalə olunmaz. Uşağın əmanət ediləcəyi qadın ilk olaraq onun bacısı, xalası, bibisi kimi yaxını olmalı, uşağın aralarında yaşayacağı ailə və mühit güvən verməlidir. "Xala ana yerindədir" hədisi miras hüququ çərçivəsində yox, münasibət, sevgi və mərhəmət baxımından yaxınlığın bir ifadəsi olaraq başa düşülməlidir.
ŞƏRHLƏR