SUSUZ QALAN BALIQ OLMAQ
Bir ölkəni gəzməyə gələn insanların ilk getdikləri məkanlar arasında parklar da yer alır. Park və meydanlar o ölkənin iqtisadi gücünü və sosial-mədəni səviyyəsini göstərən güzgü kimidir.
Bişkekdə evimin yaxınlığındakı kiçik bir parka getmişdim. Köhnəliyindən və arxitekturasından bəlli olurdu ki, park Sovet dövründən qalıb. Tarix qoxuyurdu desəm, yanılmaram. Daş və mərmərdən düzəlmə fontanlardan çıxan su içində beton balıqlar olan kanaldan axaraq digər hovuza tökülür(müş).
Beton balıqlar illərin izini və məruz qalınan dağıntını əks etdirir. Balıqların hamısının ağzı fəryad edirmiş kimi açıqdır. Bəlkə də, heykəltaraş beton balıqlar vasitəsilə ruhundakı dərin iztirabı göstərmək istəyib?! İçində Allah, Kitab və Rəsulullah olmayan könül sudan çıxmış balıq kimi çırpına-çırpına qalar.
Balıqlar üçün su, quşlar üçün qanad, bitkilər üçün kök vacibdir. Toplum üçün də dil, din və adət-ənənələr su, qanad və kök kimidir.
Nazim Hikmət rəssam dostu Abidin Dinoya: “Sən xoşbəxtliyin rəsmini çəkə bilərsənmi, Abidin?” – deyə bir şeirində sual vermişdi. Dostu da ona şeirlə cavab vermiş, ayrılıqdan, qovuşmaqdan bəhs etdikdən sonra sonunu belə bitirmişdi: “...Bax o zaman çəkərdim, xoşbəxtliyin rəsmini; Buna da ki, nə kətan, nə də boya yetərdi”.
“Adəm xoca! Sən dinindən və imanından uzaqlaşdırılmış insanların rəsmini çəkə bilərsənmi?” – desəydilər, bir susuz hovuzdan digər susuz hovuza gedən betonlaşmış balıqları çəkərdim. Bu balıqlar necə də sayt-sayt, ekran-ekran, dizi-dizi, klub-klub gəzən insanlara bənzəyir.
“Bəs Ümməti-Muhammədin və məhəbbətin şəklini çəkə bilərsənmi?” – desəydilər, yağışla torpağın qovuşduğu anı çəkərdim. Rəsulullah (s.ə.s) ümmətini yağışa bənzətmişdir: “Mənim ümmətim yağış kimidir. Əvvəli, yoxsa sonu xeyirlidir, bilinməz”. (Tirmizi)
İmansızlıq adamı susuz qoyar. Bir səhradan digərinə, bir qaranlıqdan o biri qaranlığa sovurar. Allah bir dənədir, ilahlar çoxdur. Qurani-Kərimdə “nur” kəlməsi tək halda işlədilir. “Nurlar” deyə bir ifadə yoxdur. Qaranlıq mənasına gələn “zülm” isə cəm halda – “zülümat” (qaranlıqlar) deyə işlədilir.
Su tapmaq ümidi ilə digər hovuza getməyə çalışan balıqlar! Gedəcəyiniz yer də elə gəldiyiniz yer kimi susuz, quru və səmərəsizdir. Bir günahdan digər günaha yuvarlanan və sürünən insanlar! Gedəcəyiniz yer də ayrıldığınız yer kimi quraqdır.
Mars planetinin qırmızımtıl, dünyanın isə mavi görünməsinin səbəbi sudur. Bütün canlılar sudan yaradıldığı üçün rəngarəngdir. (ən-Nur, 45) Cansız varlıqlar isə tək rəngdədir. İman və məhəbbət insana rəng verir. Hədisi-şərifə görə, iman və əxlaq su kimidir: “Allahın məni peyğəmbər olaraq göndərdiyi elm və hidayət torpağa yağan bol yağış kimidir. Elə torpaq var ki, yağışı içinə hopdurar, elə torpaq var ki, suyu canına çəkməz, amma üstündə saxlayar, elə torpaq da var ki, suyu nə içinə çəkər, nə də üstündə saxlayar”. (Buxari)
Tarix yağışla torpağın, su ilə balığın qovuşmasına mane olmağa çalışılan dövrlərlə doludur. Torpaqdan yaradılan insanın bədəni üçün su nə qədər mühümdürsə, qəlb üçün də iman və məhəbbət o qədər mühümdür. “Ey iman gətirənlər! Sizi həyat verən şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin dəvətini qəbul edin!” (əl-Ənfal, 24) – ayəsində İslamın su kimi həyat verdiyi vurğulanmışdır. İslamdan uzaq qalmaq susuz qalmaqdır. İslamı təbliğ etmək su ilə torpağı qovuşdurmaq deməkdir. Balıqlar hər zaman suyun içində olduqlarına görə dəriləri qırışmaz. Susuzluq qurumağa və qırışmağa səbəbdir. Kosmetika sənayesində dərinin nəmləndirilməsi vacibdir. Muhammədsizlik və məhəbbətsizlik könüllərin quraqlaşmasının ən birinci səbəbidir.
Parkdakı balıqlar sanki hal dili ilə: “Kömək edin, bizi suya çatdırın!” - deyir. Parkın içindəki və ətrafındakı insanlar balıqlardan fərqsizdir? İman və təslimiyyətdən uzaq qalan insan daxilindəki narahatlıq və aramsızlıq səbəbi ilə balıqlar kimi ağzıaçıq qalar. Dünyadakı quraqlıq bu dünyanı, könüllərdəki quraqlıq isə hər iki dünyanı yaşanmaz hala gətirər. Qurani-Kərimdə həm Quran, həm də su üçün “ənzəlna – endirdik” ifadəsi işlənir. Quran və su şərəflidir, əzizdir. Su paylamaq sədəqədir. Quranı başqalarına anlatmaq və öyrətmək də su paylamaq kimi təşviq edilmişdir. Qurana “səhra kitabı” deyərək təhqir edənlər ona qurumuş gözləri və səmərəsiz qəlbləri ilə baxdıqları üçün özlərini görür, düz deyirlər. Qurana baxdığı zaman onda sudan, süddən, şərabdan və süzmə baldan çaylar (Muhamməd, 15) gördüyünü deyənlər də düz deyirlər. Suya baxan orada sudan əvvəl özünü gördüyü kimi, Qurana baxan da Qurandan əvvəl öz könlünü görər. Hər ikisi də özünə baxanı göstərir. Necə baxsan, elə də görərsən; necə olsan, elə də görünərsən.
ŞƏRHLƏR