İki aya tay oruc
Hicri-Qəməri təqvimin doqquzuncu ayı olan Şəvval ayı mübarək Ramazan ayından sonra gəlir. Bu ayın ilk günü Ramazan bayramıdır. Bu bir günlük bayramdan sonra ayın sonuna qədər olan müddət ərzində altı gün oruc tutmaq Allah Rəsulunun (s.ə.s) tövsiyə etdiyi sünnə ibadətlərdəndir.
Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Kim Ramazan orucunu tutar və ardından Şəvval ayında da altı gün oruc tutaraq buna əlavə edərsə, bütün ili oruclu keçirmiş kimi olar”. (Müslim, Siyam, 39)
Uca Rəbbimiz hər yaxşı əməlin əvəzində, hər bir ibadətə qarşılıq ən az on savab verməkdədir. Qurani-Kərimdə belə buyurulur: “Kim (Allahın hüzuruna) yaxşı bir əməl ilə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməl ilə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz”. (əl-Ənam, 160)
Allah Rəsulu (s.ə.s) yuxarıda qeyd etdiyimiz ayəni şərh edərək buyurmuşdur: “Hər kim müsəlmanlıq vəzifəsini gözəl yerinə yetirərsə, onun edəcəyi hər bir yaxşı əməl on savabdan başlayaraq arta-arta yeddi yüz savaba qədər çatar. Edəcəyi hər bir pis iş isə eynisi ilə əvəz olunar (hər pis işə bir günah yazılar). Bu hal bəndə Allaha qovuşuncaya qədər davam edər”. (Buxari, İman, 31)
Səhabələrdən Sövban (r.a) Allah Rəsulunun (s.ə.s) belə dediyini rəvayət etmişdir: “Ramazan orucu on aya bərabərdir (hər günə on günlük savab yazılır). Şəvvalın altı gününün orucu isə iki aya bərabərdir. Bu da bir il edir”. (Nəsai, 2873)
Şəvval ayında altı gün oruc tutmaqla bir illik oruc savabına necə nail olacağımız haqda alimlərimizin izahı bu şəkildədir: Dinimizdə bir yaxşı əməlin əvəzində ən azı on savab veriləcəyi ayə və hədislərdə açıqca ifadə edilmişdir. Bunu əsas aldığımız zaman, bir Ramazan ayında oruc tutmuş bir şəxs ona əlavə olaraq altı gün də Şəvval ayında tutduqda otuz altı gün oruc tutmuş olur. Bu otuz altı rəqəmi ilə ayə və hədislərdə ifadə edilən on savabı vurduğumuz zaman üç yüz altmış gün edir ki, bu da bir hicri ili oruclu keçirmək kimi qəbul edilir.
Rəhməti bol olan Rəbbimiz biz mömin bəndələrinə qarşı o qədər mərhəmətlidir ki, Ramazan ayına hörmətlə yanaşıb onu ibadətlə keçirən şəxslərə Şəvval ayında da altı gün oruc tutmaqla bütün ilin oruc savabını lütf etməkdədir. Cəlal və ikram sahibi olan Rəbbimizin bu qədər lütf və mərhəmətindən uzaq düşmək üçün insan gərək kar, kor və lal olsun. Necə ki, ayeyi-kərimədə qeyd edilir: “Onlar (bu orqanları olduğu halda) kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar”. (əl-Bəqərə,18)
Şəvval ayının ilk günü Ramazan bayramı olduğu üçün həmin gün oruc tutmaq haram sayılmışdır. Çünki Uca Allah bir ay - Ramazan ayı boyunca oruc tutan bəndələr olaraq çətin, böyük səbir və iradə tələb edən bir aylıq oruc ibadətinin ardından bu günü bayram etməyimizi, sevinməyimizi və bir-birimizi təbrik etməyimizi istəməkdədir. Uca Yaradanın əmrinə tabe olaraq, dünya və axirətdə böyük lütf və ikramlara nail olduğumuz bu anları bayram ab-havasında keçirməklə qeyd etməyimiz vacib edilmişdir.
Bir gün bayram etdikdən sonra bu ayda qəza və nafilə oruc tutmağa icazə verilmişdir. Şəvval ayında tutacağımız altı günlük orucları bayramı qeyd etdikdən sonra ard-arda tuta biləcəyimiz kimi, ara verərək müxtəlif günlərdə də tuta bilərik. Bu ay daxilində olmaq şərti ilə hər ikisi də tərcih edilə bilər.
Şəvval orucunu tutmaq üçün gecədən (imsak vaxtı girmədən) niyyət etmək lazımdır. Ramazandan qəzası olan insan ilk olaraq qəzalarını tutmalı, sonra Şəvval orucuna keçməlidir. Çünki vaciblər müstəhəblərdən öncə gəlməkdədir. Əvvəlcə vacib olan borcumuzu əda edib sonra nafilələrə keçmək daha məqsədəuyğundur.
Əgər Şəvval orucu həftənin birinci və dördüncü gününün orucu ilə üst-üstə düşərsə, həmin şəxs ikiqat savab qazanmış olacaq. Həm Şəvvalın savabını, həm də birinci və dördüncü günün orucunun savabını əldə edəcək. Ard-arda tutduğumuz Şəvval orucu cümə və ya şənbə günü ilə üst-üstə düşərsə, bu günlərdə fasilə verilməz, həmin günlərdə də oruc tutular. Amma tək-tək tutduğumuz nafilə oruclarda orucun cümə və ya şənbə gününə düşməməsi daha doğru olar. Çünki tək-tək tutulan oruclarda Peyğəmbərimizin (s.ə.s) sünnəsi həftənin bazar ertəsi və cümə axşamı gününü tərcih etməkdir.
ŞƏRHLƏR