Yalanı kim uydurar?
Bəşəriyyət üçün ən zərərli günahlardan biri də yalandır. Yalan mənəvi bir xəstəlikdir. Yalan qiyamət günü insanın əleyhinə ən böyük dəlil olaraq qarşısına çıxacaq bir yükdür. Yalan böyük günahlardan sayılır.
İnsanlar əsasən xəcalətdən çıxmaq və ya özlərini təmizə çıxartmaq üçün yalan danışarlar. İnsan yalan danışmaqla başqalarını aldada bilər, amma hər şeyi bilən Uca Allahı aldada bilməz. İnsanın bu dünyada pərt olmamaq üçün söylədiyi yalan axirətdə onu daha da rəzil-rüsvay edəcəkdir. Bu dünyada beş-altı adam qarşısında üzünün qızarmasından qorxaraq yalan danışan insanın axirətdə bütün insanların hüzurunda yalanı ortaya çıxacaqdır. Bir az dara düşəndə özünü xilas etmək üçün yalan danışanlar əbədi həyatda həddindən çox çətin və sıxıntılı bir vəziyyətdə olacaqlar.
Yalan insanın qəlbini qaraldan çirkin bir xüsusiyyətdir. Bu barədə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Bəndə yalan danışmağa davam etdikcə qəlbinə qara bir nöqtə vurular. Sonra bu nöqtə böyüyər və qəlb tamamilə qapqara olar. Bu kimsə, nəhayət, Allah qatında “yalançılar” arasında yazılar”. (Muvatta, Kəlam, 18)
Yalan insanı cəhənnəmə aparan qorxunc bir xəstəlikdir. Hədisi-şərifdə buyurulur: “Yalan insanı günaha, günah da cəhənnəmə aparar. İnsan yalan danışmağa davam etdikcə, nəhayət, Allah nəzərində yalançı olaraq yazılar”. (Müslim, Birr, 103-105)
Yalan möminə yaraşmadığı kimi, cənnətə də yaraşmayan pis bir xüsusiyyətdir. Yalançılar cənnətdən uzaq olduğu kimi, yalanın da cənnətdə əsla yeri yoxdur. Bir ayədə belə buyurulur: “Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər”. (ən-Nəbə, 35)
Qurani-Kərim yalanı inkarçılara şamil edərək belə buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurarlar. Onlar əsl yalançılardır!” (ən-Nəhl, 105)
Hz. Peyğəmbər (s.ə.s) də yalanı münafiqliyin əlamətlərindən sayaraq belə buyurmuşdur: “Münafiqin əlaməti üçdür: danışanda yalan deyər, söz verəndə sözündən dönər, ona bir şey əmanət ediləndə əmanətə xəyanət edər”. (Müslim, İman, 107)
Mövzumuzla əlaqəli başqa bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Mən, haqlı da olsa, münaqişəni tərk edən kəsə cənnətin kənarında bir imarət veriləcəyinə zaminəm. Zarafat da olsa, yalan söyləməyən kimsəyə cənnətin ortasında bir imarət veriləcəyinə zaminəm. Əxlaqını gözəlləşdirən şəxsə də cənnətin ən üstündə bir imarət veriləcəyinə zaminəm”. (Əbu Davud, Ədəb, 7, 4800)
Hədisdən başa düşüldüyünə görə, mömin haqlı da olsa, böyük bir kamillik göstərib mənasız mübahisə və münaqişələrə girməməlidir. Ümumiyyətlə, nəfsimizin mübahisə və münaqişədən xoşu gəlir. Mübahisədə qalib gəlməkdən böyük bir həzz alırıq. Halbuki nəfsini tərbiyə edərək bu həvəsinə qalib gələn müsəlmanın mükafatı cənnətin kənarında bir imarət əldə etməkdir.
Hədisdə keçən digər məsələ, zarafat da olsa, yalan danışmamaqdır. İnsan başqaları ilə zarafat edərək gülüb-əylənməyə meyillidir. Bunu edərkən də çox vaxt yalana müraciət edir. Məsum görünüşlü bu təhlükəli vərdişi tərk etmək çox çətindir. Bu səbəbdən onu tərk etmənin mükafatı da böyükdür – Rəsulullah (s.ə.s) bunu tərk edənə cənnətin ortasında bir imarət vəd edir.
Bundan əlavə, ticarət məsələlərində də yalandan çəkinmək lazımdır. Yalan yerə and içmək malın bərəkətinin yox olmasına səbəb olar. (Buxari, Büyu, 44, 26) Rəsulullah (s.ə.s) alış-verişinə səhvən yalan və yalançı and qatan tacirlərə sədəqə verərək bu günahdan təmizlənməyə çalışmalarını tövsiyə etmişdir. (Əbu Davud, Büyu, 1, 3326-7)
Bütün bunlarla yanaşı, yalan danışmağın caiz olduğu bəzi yerlər də vardır. Bu barədə bir hədisi-şərifdə belə buyurulur: “Ey insanlar! Pərvanənin atəşə atılması kimi sizi yalan danışmağa sövq edən şey nədir? Halbuki üç yer xaric yalanın hər növü adəmoğluna haramdır. Bu üç yer bunlardır:
- Ər-arvadın bir-birilərinə ailənin xeyri üçün söylədikləri yalan.
- Müharibədə danışılan yalan. Çünki müharibə hiylədən ibarətdir.
- İki müsəlmanı barışdırmaq üçün söylənən yalan”. (Tirmizi, Birr, 26)
Başqa bir hədisdə isə belə buyurulur: “İki nəfəri barışdırmaq üçün xeyir söyləyən və xeyir tələb edən kimsə yalançı deyildir”. (Buxari, Sülh 2; Müslim, Birr, 101)
Əbu Kahildən belə rəvayət edilir: “Səhabələrdən iki nəfərin arasında qılınc-qılınca gələcək dərəcədə münaqişə oldu. Mən onlardan biriylə qarşılaşdım və ona: “Səninlə filan kimsənin arası nə üçün pozuldu? Halbuki o səni çox tərifləyir (səndən çox razıdır) dedim. Sonra digəri ilə rastlaşdım, eyni şeyləri ona da söylədim. Bu yolla onların ikisini barışdırdım. Daha sonra dedim ki, bu iki nəfəri barışdırdım, amma (yalan danışmaqla) özümü həlak etdim. Bunun üzərinə Hz. Peyğəmbərin (s.ə.s) yanına getdim və hadisəni ona danışdım. Allah Rəsulu (s.ə.s) belə buyurdu: “Ey Əbu Kahil! Yalanla da olsa, camaatın arasını düzəlt!” (Təbərani, Sidq, 57)
ŞƏRHLƏR