Milli-mənəvi dəyərlərimizə qayıdış

Milli-mənəvi dəyərlərimizə qayıdış

Milli-mənəvi dəyərlər  - bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir. Çıxışlarının birində Ümummilli lider Heydər Əliyev belə demişdi: Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik”.

Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülür? Milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir.[1]

Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi:  “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.[2]

Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirdi. İti fəhmi, intuisiyası ilə gələcək müstəqilliyi duyub, hiss edən Heydər Əliyev o illərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı.

Ulu Öndərimiz Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir.

Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bu günədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bu günədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.

 

[1] Heydər Əliyev və Milli-Mənəvi Dəyərlər, Bakı 2018, səh 23.

[2] Heydər Əliyev siyasəti: Tolerantlıq, Bakı 2018.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz