Bir Ayə
بسم الله الرحمن الرحيم
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ
“Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz?!” (əs-Saff, 61/2)
Bu ayədəki “Ey iman gətirənlər!” ifadəsi ilə həqiqi möminlər, yaxud zahirən müsəlman kimi görünən münafiqlər nəzərdə tutulur. Digər tərəfdən, ayeyi-kərimə hər birimizə inandığımız kimi yaşamaq gərəkdiyini xatırladır. Bu xəbərdarlığı həyatımıza tətbiq etməyimiz isə yalnız səmimi şəkildə İslamın əmr və qadağalarına riayət etməklə mümkündür. Buna görə də davranışlarımızda yalnız Allah-Təalanın rizasını güdməli, qəlbimiz, sözümüz və əməlimiz bir olmalıdır. Eləcə də riyakarlıq və ikiüzlülükdən qaçınmalı, əməllərimizdə səmimi olmalıyıq. Həzrət Peyğəmbərin (s.ə.s) həyatına nəzər saldıqda onun etməyəcəyi bir şeyi demədiyini, özünün etmədiyi bir əməli əshabına tövsiyə etmədiyini, özündə və sözündə bir olduğunu görürük. Bu mövzuda Həzrət Peyğəmbərdən (s.ə.s) belə bir hədisi-şərif nəql olunmuşdur: “Qiyamət günü bir adam gətirilib cəhənnəmə atılar. O, bağırsaqları çölə çıxmış bir halda dəyirman daşının döndüyü kimi fırlanmağa başlayar. Cəhənnəm əhli onun ətrafına yığışıb ona: “Ey filankəs, axı sən bizə yaxşılığı tövsiyə edib pis işlərdən çəkindirirdin”, - deyərlər. O da: “Bəli, elədir. Lakin mən sizə yaxşılığı tövsiyə etdiyim halda özüm onu etmirdim. Sizi pis işlərdən çəkindirdiyim halda özüm pis işlər görürdüm”, - deyər”. (Buxari, “Bədül-xəlq”, 10)
Batinimizin və zahirimizin bir-birinə zidd olması dini cəhətdən münafiqlik əlaməti hesab olunduğu üçün mömin buna çox diqqət etməlidir. Çünki növbəti ayədə: “Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar”, (əs-Saff, 61/3) - buyurularaq bu kimi davranışların Uca Allah tərəfindən xoş qarşılanmadığı xəbər verilir. Necə ki, başqa bir ayədə də: “Kitabı oxuduğunuz halda insanlara yaxşı işlər görmələrini əmr edib özünüzü unudursunuz? Məgər düşünmürsünüz?!” (əl-Bəqərə, 2/44) - buyurularaq buna diqqət çəkilir. Merac gecəsi Həzrət Peyğəmbərin (s.ə.s) şahid olduğu mənzərələrdən biri məhz bununla bağlı idi. Buna dair hədisində Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Merac gecəsi dodaqları oddan qayçılarla kəsilmiş insanlarla rastlaşdım. Bu zaman: “Ey Cəbrayıl, bunlar kimlərdir?” – dedim. Belə dedi: “Bunlar dünya əhlindən olan xətiblərdir. Onlar insanlara yaxşılığı əmr edir, lakin özlərini unudurdular”. (Əhməd ibn Hənbəl, “Müsnəd”, 3/120)
Mömin etməyəcəyi bir iş üçün söz verməməlidir. Özünün tətbiq etmədiyi bir əməli də başqasına tövsiyə etməməli və ya ondan bunu gözləməməlidir. Möminin qəlbindəki duyğularla davranışlarında ziddiyyət olmamalıdır. Necə ki, Uca Allahın kitabı da ziddiyyətdən uzaqdır. Bu səbəbdən digər bir ayədə: “Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar”, (ən-Nisa, 4/82) – buyurularaq bütün insanlara xəbərdarlıq edilir.
ŞƏRHLƏR