ƏMƏL DƏFTƏRİ
Əməl dəftəri insanın dünya həyatında etdiyi yaxşı və pis bütün işlərin, dediyi sözlərin Allah dərgahında qeyd edildiyi dəftərdir. Bu dəftər kamera kimi insanın hər cür hal və hərəkətini, danışıqlarını qeyd edən bir mənbədir. Bu qeydlərlə insan axirətdə hesaba çəkiləcək, bu dəftər insanın lehində və ya əleyhində şahid olacaq. Quranda bundan “kitab” olaraq bəhs edilmişdir.
Dünya həyatında insanla birlikdə olan və onun etdiklərini yazan xüsusi vəzifəli mələklər vardır. Həmin mələklər insanın etdiyi yaxşı və pis hər şeyi hesab günü üçün bir dəftərə qeyd edərlər. Qurani-Kərimdə bu mələklər haqqında belə buyurulur:
“...Halbuki üzərinizdə müşahidə edici mələklər var, şərəfli yazıçı (mələklər). Nə etsəniz, bilərlər”. (əl-İnfitar, 10-12)
“O, (insan) hər nə söz söyləsə, şübhəsiz ki, yanında olan mühafiz (qoruyucu/yazıçı mələklər) vardır”. (Qaf, 18)
Əməl dəftərinə insanın etdiklərini yazan mələklərə “hafizə mələkləri” və ya “kiramən-katibin” (şərəfli yazanlar), yaxud “rəqib-atid” (nəzarətçi, hər an insanın yanında hazır vəziyyətdə olan) deyilmişdir.
Hər insana onun əməl dəftəri axirət günü veriləcək və insan öz etdiklərini orada şəxsən görüb oxuyacaq. Dəftərləri sağ tərəfindən verilən kəslər cənnətlik, sol tərəfindən və ya arxa tərəfindən verilənlər isə cəhənnəmlik olacaqlar. Cənnətliklərin hesabı ya çox sadə keçəcək və ya onlar heç hesaba çəkilməyəcəklər. Cəhənnəmliklər isə çox çətin bir hesabla qarşılaşacaqlar. Qurani-Kərimdə bu barədə belə buyurulur:
“O vaxt kitabı (əməl dəftəri) sağ əlinə verilmiş olan kimsə deyər ki: “Gəlin, kitabımı oxuyun. Çünki mən hesabıma çatacağıma (hesaba çəkiləcəyimə) inanmışdım!” Artıq o, məmnun bir həyatda, yüksək bir cənnətdədir”. (əl-Haqqa, 19-22)
“Kitabı (əməl dəftəri) sol əlinə verilmiş olan isə deyər ki: “Əfsus, kaş ki, kitabım mənə verilməsəydi. Hesabımın da nə olduğunu bilməsəydim!” (əl-Haqqa, 25-27)
İnsan öz əməl dəftərində həyatının bütün təfərrüatlarını gördükdə heyrətlənəcək və ah-vay edəcək:
“Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz”. (əl-Kəhf, 49)
Əməl dəftəri insanın dünya həyatında etdiyi əməllərlə doldurulduğuna, insan da iradəyə sahib olduğuna görə əməl dəftərinin yaxşı və ya pis şeyləri ehtiva etməsində insan özü birbaşa məsuliyyət sahibidir. Ayeyi-kərimədə buyurulur: “İman edərək saleh əməl işləyənlərin əməlləri məhv olmaz. Biz onu yazmaqdayıq”. (əl-Ənbiya, 94) Elə isə hesab günündəki çətinlik barəsində başqasını günahlandırmağa heç bir səbəb yoxdur.
Dünya həyatında edilən bütün yaxşı və pis əməllərin yazıldığı “əməl dəftəri” qiyamət günü hər kəsin öz əlinə veriləcək və inkar etməməsi üçün özünün oxuması istənərək belə buyurulacaq: “Kitabını oxu! Bu gün hesaba çəkilməyin üçün özün özünə kifayətsən!” (əl-İsra, 14) Hz. Peyğəmbərimizin (s.ə.s) Allah-Təaladan rəvayət etdiyi qüdsi bir hədisdə belə buyurulur: “Ey qullarım! Bunlar sizin əməllərinizdir. Onları sizin üçün saxladım (olduğu kimi mühafizə etdim), sonra da sizə geri verirəm. İndi kim bir xeyir taparsa, Allaha həmd etsin. Kim də xeyirdən başqa bir şey taparsa, bunun öz əməli olduğunu bilsin və özündən başqasını ayıblamasın!” (Müslim, Birr, 55)
Bu dünya əkin yeri kimidir. Axirət, məhşər günü isə məhsulun toplandığı biçin mövsümü kimidir. İnsanlar məhşər yerinə ilk olaraq analarından doğulduqları gün kimi, çılpaq, təkbaşına, malı və övladı olmadan gələrlər. Hər kəs özü ilə başbaşa, çarəsiz və əlinə aldığı əməl dəftəri ilə qalar. Dünyada ikən belə önəmli bir günün olacağını fikirləşməyən insan oğlu o gün dünyada iman etmənin, əməl etmənin, namaz qılmanın, oruc tutmanın nə qədər önəmli olduğunu anlayacaq. Təəssüf ki, özünə nöqsanlarını təlafi etmə fürsəti verilməyəcəkdir.
Bunun şüurunda olan saleh möminlər hər dəfə dəstəmaz alanda sağ qolunu yuyan zaman: “Allahım, əməl dəftərimi sağ əlimdən ver və məni rahat hesaba çək”, sol qolunu yuyan zaman isə: “Allahım, əməl dəftərimi sol tərəfimdən və arxa tərəfimdən vermə və məni ağır hesaba çəkmə”, - deyə dua edərlər. Dinimiz bizi hər fürsətdə bu çətin günün məşəqqətindən qurtulmağa, həmin gün Rəbbimizin hüzuruna üzüağ çıxmağa sövq edir.
ŞƏRHLƏR