HEYDƏR ƏLİYEVƏ YARAŞANLAR

HEYDƏR ƏLİYEVƏ YARAŞANLAR

Əkbər QOŞALI

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı

HEYDƏR ƏLİYEVƏ YARAŞANLAR

 

Bu il Azərbaycan Respublikasında “Heydər Əliyev İli”dir. Mən bu ili Ümummilli liderin adına layiq qarşılayıb, keçirə bildiyimiz üçün, ümumən son 3 ildəki bayramları, əlamətdar günləri, hadisələri alnıaçıq, üzüağ qeyd edə bildiyimiz üçün Tanrımıza çox minnətdaram.

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə bütün uğurları, yaxşılıqları xatırladığım kimi, ümid və inamımızın bitməsinin eşiyindən döndüyümüz illəri də xatırlayıram. Min bir zəhmətlə əldə etdiklərimizi qorumağımızın, ictimai-siyasi sabitləşmə reysləri üzərinə çıxışımızın da bu il 30-cu ildönümüdür.

1993-cü ilə, yeni tariximizə bu gündən ayna tutunca, nə görürük? –

-Heydər Əliyevin xilaskarlıq missiyası müstəqillik atributlarımızı sıradan çıxmaqdan, xalqı param-parça olmaqdan xilas etdi;

-İctimai-siyasi asayiş, qayda-qanun bərqərar edildi;

-Nizami ordu yaradıldı, hərbi xidmətkeçmə məsələləri qaydaya salındı;

-İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə, müstəqilliyin əbədiliyinə inam gücləndi;

-Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu;

-Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və ümumxalq səsverməsi yolu ilə Konstitusiya qəbul edildi;

-Azərbaycanın beynəlxalq əlaqələri ciddiyyət qazandı, dünya birliyinə inteqrasiyası prosesi başlandı;

-Ümumən vətəndaşda gələcəyə ümid, inam aşılandı, insanlar öz dövləti ilə özünü daha güclü hiss etməyə başladı və s.

Təsadüfi deyil ki, Heydər Əliyev adı məktəbləşib, öz örnəyi ilə yaxın-uzaq ellərdə anılmaqdadır. Yaxşı xatırlayıram, ötən illərdə, qardaş Qırğız Respublikasında, dost Ukraynada, başqa tanıdığımız, bildiyimiz ölkələrdə dövlətçiliklə, müstəqilliklə bağlı təbəddülatlı olaylar yaşananda, belə fikirlər yayılır, tirajlanırdı: onların öz Heydər Əliyevlərinə ehtiyacı var!

Yaxın-uzaq ellərdə dövlətçiliklə bağlı gərginliklər səngidildikdə isə dövlət başçısı haqqında belə deyilirdi: Heydər Əliyev kimi hərəkət etdi!

Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə dönüşü, ümumən o böyük ad öz tarixiliyi ilə bu günümüzdə də iştirak edir, bizimlə çağdaşdır, hər uğurumuza ruhu şadlanır, hər sabahımıza xeyir-duaçıdır! Şəxsiyyətin tarixdə rolu, şəxsiyyətin adının unudulmaz olması bir ömrə sığmayan ömürlə, titanik səylərlə, ən başlıcası, xalqına, insanlığa, ulu mədəniyyətə sevgi, sevgi, sevgi ilə mümkün olur. Necə ki olub!

***

Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”. – Bu sözləri bir azərbaycanlı, bir türk, bir müsəlman, hətta keçmiş sosialist məkanından olan ictimai-siyasi, dövlət xadimi deməyib, bu sözlər ABŞ-ın keçmiş Prezidenti Corc Buşa aiddir.

ABŞ-ın digər bir keçmiş Prezidenti Bill Klinton isə belə deyirdi: “Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük uğura nail olmuşdur”.

Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir”. – Bu sözlərsə Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerə aiddir.

Heydər Əliyev haqqında dünyanın bir çox böyük şəxsiyyətləri, ayrı-ayrı əməli fəaliyyət sahələrini təmsil edən nüfuzlu aydınlar, ictimai-siyasi, dövlət, elm, mədəniyyət, incəsənət xadimləri ürək sözlərini bölüşüb, altun sözlər deyib. Bu təqdirlər, dəyərləndirmələr bizim üçün çox xoşdur, qürurvericidir. Bizim üçün son dərəcə dəyərli olan, Heydər Əliyev kimi böyük bir şəxsiyyətin məhz bizim xalqa, ölkəyə, zəmanəyə aid olmasıdır. Biz onu görmüş, ondan öyrənmiş, onunla eyni dövrdə yaşamışıq. Mənə Ümummilli lider qarşısında çıxış etmək nəsib olub. Onda mənim 23 yaşım vardı. Gənc idim, həyəcanlıydım. – 2 fevral 1996-cı ildə Müstəqil Azərbaycan Gənclərinin I Forumu keçirilirdi. Bu, onun təşəbbüsü, öz istəyiydi. İstəyirdi ki, Müstəqil Azərbaycan gənclərinin nə ilə nəfəs aldığını, nə düşündüklərini, necə bir mənəvi iqlim içində olduqlarını bilavasitə görsün, bilsin. Yaxşı xatırlayıram, Forumdan bir gün öncə məsul şəxslər bizi Gənclər-İdman Nazirliyinin Akt zalına yığmışdılar və rəsmi şəxslərin mövqeyindən başa düşdük ki, biz çıxışçılar öz ürəyimizdə nə var onu bölüşüb, səmimi, xəlqi duyğularımızı, düşüncə və fikirlərimizi sərbəst şəkildə deyə biləcəyik. Yəni I Forum müstəqilliyin ilk illərinin gənclik hesabatı və gələcəyə səmimi baxışlarının ifadəsiydi. Ölkə başçısı gənclərin ali toplantısında axıradək iştirak etdi, tarixi nitq söylədi. Deyə bilərəm ki, məhz o Forumdan sonra respublikamızın dövlət gənclər işi təkmilləşdi, yeni fazaya keçdi, yenidən dizayn olundu.

Yalnız bir Forumla yalnız bir sahəyə deyil, ölkənin həyatına yeniliklər qazandırmağı bacaran Heydər Əliyev hadisələrə bir siyasi lider gözü ilə baxmır, məhz Ümummilli lider kimi, dövlət xadimi kimi baxırdı. – Doğrudan da, “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. (Uinston Çörçill).

Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın sözlərinə diqqət edək: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz Türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”. – Bu gün Türk Dövlətləri Təşkilatı var, digər ortaq türk qurumları var. Bu gün Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi” ilə taclandırılmış ən yüksək strateji müttəfiqlik birgə fəaliyyəti mövcuddur. Əgər Şuşa deyiriksə, əlbəttə, bu sözləri də burada xatırlatmalıyıq: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya azərbaycanlıları!” – Bu sözlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması münasibəti ilə Xalqa 8 noyabr 2020-ci ildə Şəhidlər Xiyabanından etdiyi tarixi müraciətdəndir. Bu gün Şuşanın girişində Azərbaycan bayrağı ilə Türkiyə bayrağı qoşa dalğalanır. Bu bayraqlar daha neçə-neçə ünvanlarda qoşa dalğalanacaq. Və hər yeni zəfər “Bir millət, iki dövlət” kəlamının müəllifi olan böyük insanın ruhuna əyan olacaq.

***

Dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatov vaxtı ilə deyirdi: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş çağdaş dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur....

Heydər Əlirzaoğlu XX yüzilin ən böyük liderlərindədir. O, çağdaş demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.

Türk dünyasının başqa bir ünlü ədibi – görkəmli qazax şairi Oljas Süleymenovsa belə deyirdi: “Heydər Əliyevlə tez-tez görüşmürdüm. Amma hər görüşün bir ömürlük xatirəsi var. O ki, mənim müəllimim idi. Heydər Əliyev, Dinmühəmməd Kunayev – bu insanlar mənim siyasi və ümumtürk dünyagörüşümü formalaşdırıblar”...

İnanırıq ki, bu il içində Heydər Əliyevin zəngin həyat yolu, irsi bir daha tədqiqata cəlb olunacaq, yeni əsərlər yazılacaqdır.

Ümummilli liderimizi 100 illik yubileyində dərin sayğılarla anırıq.

Ruhu şad olsun!

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz