QURANİ-KƏRİM NƏDİR ?
İnsanların yaradılışından etibarən hər dövrün nizam-intizamı necə olmalıdırsa, ilahi əmrlərlə bildirilmişdir. İlk peyğəmbər olan Hz. Adəmdən (ə.s) etibarən bəzi peyğəmbərlərə səhifələr şəklində göndərilən bu əmrlər daha sonra kitab halında endirilmişdir. Belə ki, Hz. Davuda (ə.s) Zəbur, Hz. Musaya (ə.s) Tövrat, Hz. İsaya (ə.s) İncil, nəhayət, son peyğəmbər Hz. Muhammədə (s.ə.s) Quran göndərilmişdir.
Quran sözünün mənası çox oxunan, təkrar-təkrar mütaliə edilən deməkdir. Bu söz Qurani-Kərimdə Yasin surəsinin 69-cu ayəsində belə vurğulanıb: “Bu ancaq öyüd-nəsihət və açıq-aydın Qurandır”.
Qurani-Kərim Uca Allah (c.c) tərəfindən, mələk Cəbrayıl (ə.s) vasitəsi ilə peyğəmbərimiz Hz. Muhammədə (s.ə.s) vəhy edilən müqəddəs kitabdır. Qurani-Kərimi oxumaqda əsas məqsəd onu anlamaq, davranışlarımızda tətbiq etmək və həyat tərzimiz halına gətirmək olsa da, anlamadan sadəcə ərəb dilində oxumaqla da ibadət edilən bir kitabdır.
Qurani-Kərim ümumilikdə 604 səhifə, 30 cüz, 60 və ya 120 hizb, 114 surə və 6236 ayədən ibarətdir. İlk surə Fatihə, son surə isə Nas surəsidir.
Qurani-Kərim, Hz. Peyğəmbərə (s.ə.s) 23 il ərzində göndərilmişdir. Bu 23 ilin 13 ili Məkkədə, 10 ili isə Mədinədə olmuşdur. İlk vəhy Peyğəmbərimizin (s.ə.s) 40 yaşında, Miladi təqvimlə 610-cu ildə enməyə başladı. Vəhyin başlanğıcı Ramazan ayında, Qədr gecəsində və bazar ertəsi günü olmuşdur. 23 ildə tamamlanan Qurani-Kərim ayələri bəzən dəri, bəzən ağac qabığı, bəzən də heyvanların kürək sümüklərinin üstünə yazılaraq cəm edilmişdir. Ayələrin qarışıq düşməməsi üçün Peyğəmbərimiz (s.ə.s) səhabələrə surələrin və ayələrin sırasını, ardıcıllığını şəxsən özü öyrədirdi. Səhabələr Qurani-Kərimi çox həssaslıqla əzbərləyir və həyatlarına tətbiq edirdilər.
Qurani-Kərimi başdan sona qədər əzbər bilənlərə “hafiz” deyilir. Peyğəmbərimizin (s.ə.s) vəfatından sonrakı müharibələrdə hafizlərin şəhid olmaları müsəlmanları təşvişə saldı. Beləliklə, Qurani-Kərim cəm edilib kitab halına salındı. Daha sonrakı illərdə İslam dini başqa ölkələrə yayıldıqca, Qurani-Kərimə olan tələbat artdı. Nəticədə Qurani-Kərim çoxaldılaraq fərqli ölkələrə göndərildi. O ölkələrdə də həmin kitablardan çox sayda nüsxələr çap edilərək yayıldı.
Qurani-Kərimin İslamiyyətin gəldiyi ilk gündən bütöv bir kitab halında endirilməməsinin səbəbini Allah (c.c) bizə Furqan surəsinin 32-ci ayəsində belə izah edir:
“Kafirlər dedilər: “Nə üçün Quran ona birdəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə hissə-hissə izah (nazil) etdik”.
Ayələr müəyyən səbəblərə, hadisələrə və məqsədlərə görə Peyğəmbərimizə (s.ə.s) vəhy edildiyi üçün tam kitab halında deyildi. Qurani-Kərimin son ayəsi nazil olduqdan qısa bir müddət sonra Peyğəmbərimiz (s.ə.s) vəfat etdi. Bu müddətin 9 gün ilə 81 gün arasında olduğu mübahisəli mövzu olsa da, ən qüvvətli görüşə görə 9 gün olmuşdur və bu qısa müddət ərzində ayələri toplayıb kitab halına gətirməyə imkan tapıla bilməzdi.
İslam dini digər ölkələr və millətlər arasında yayılmadan əvvəl Qurani-Kərimin hərflərində nöqtələr və hərəkələr yox idi. Ərəblərin öz dilləri olduğu üçün buna ehtiyac da yox idi. Daha sonra İslam dini fərqli coğrafiyalarda yayıldıqca, eləcə də bəzi bir-birinə bənzər kəlmələr səhv oxunduqca, nöqtə və hərəkələrin qoyulmasına ehtiyac görüldü. Bir çox fərqli işarələr və rənglərdən istifadə edildikdən sonra, nəhayət, günümüzdəki nöqtə və hərəkələr ən uyğun metod olaraq Qurani-Kərimdə tətbiq edildi. Beləliklə də, ərəb dilini bilməyənlər də çox asanlıqla Qurani-Kərimi oxuya bildilər.
Qurani-Kərimin düzgün oxunması üçün hərfləri və hərəkələri bilməkdən başqa bir də “təcvid” elmini bilmək lazımdır ki, bu elm sadəcə Qurani-Kərimə məxsus olan və Hz. Cəbrayıl tərəfindən Peyğəmbərimizə (s.ə.s) öyrədilən bir elmdir. Qurani-Kərimin nöqtə və hərəkələrinin qoyulduğu dövrdən sonra təcvid elminin ən əsas qaydalarından biri olan “vəqf” və “ibtida” ilə əlaqədar problemlərin qarşısını almaq üçün Muhamməd ibn Tayfur əs-Səcavəndinin ilk dəfə Qurani-Kərimdə tətbiq etdiyi və onun adı ilə adlandırılan “səcavəndlər” ayələr arasında öz yerini aldı.
Qurani-Kərimin hər bir ayəsini dərindən öyrənib başa düşmək üçün onun enmə səbəbini, endiyi mühiti və fəzilətini bilmək mühümdür. Quran ayələrinin ərəb dilindən tərcüməsinə “məal”, ayələrin geniş izahlı şərhinə isə “təfsir” deyilir. Bu yöndən baxdıqda ilk və ən mükəmməl təfsirçi elə Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s) olmuşdur. Peyğəmbərimizdən (s.ə.s) sonra günümüzə qədər bir çox təfsirçi möhtəşəm əsərlər ərsəyə gətirmişdir.
Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir”.
Quranı öyrənmək həmçinin onu başa düşmək və əmrlərinin necə yerinə yetiriləcəyini öyrənməkdir. Odur ki, Qurani-Kərimi gözəl oxumaq və onu başqalarına öyrətməklə yanaşı, Quranın ruhunu da yaşayıb, onu öz həyatımıza tətbiq edə bilsək, bu nümunəvi həyatımızla ən xeyirli müsəlmanlardan olarıq.
ŞƏRHLƏR