İSTİQAMƏT

İSTİQAMƏT

İSTİQAMƏT

Boşluq-Dünya-Axirət

İstiqamət dedikdə üç şey başa düşürük: boşluq, dünyaaxirət. İnsanların niyyətləri haraya yönəlirsə, onların əməlləri də o istiqamətə yönəlir. Bəzi insanlar təkcə dünyanı istəyir və ona yönəlirlər. Bəzi insanlar isə həm dünyanı, həm də axirəti istəyirlər (əl-Bəqərə, 201). İnsanlar arasında elələri də var ki, haraya getdiklərini bilmirlər (əl-Furqan, 44). Niyyətinin istiqamətində hərəkət etdiyi üçün insanın əlinə keçən fayda o nisbətdə olur (Hud, 109). Uca Allah Qurani-Kərimdə belə buyurur: “Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır”. (əş-Şura, 20)

Peyğəmbərlərin istiqaməti axirət yurduna, yəni Allahadır. Onlar Allah rizası üçün əməl etdiklərini və fəaliyyət göstərdiklərini açıqlayaraq, Onun rizasını hər şeydən üstün tuturdular (Yunus, 72). Bəzi insanlar isə axirət istiqamətini bir tərəfə qoyub, var gücü ilə boşluğa doğru, özlərinin də bilmədiyi istiqamətə tərəf yol tuturlar. Bir ayədə Rəbbimizin: “Yer üzündə şaşqın bir halda dolaşarkən şeytanların azdırdığı kəs” (əl-Ənam, 71) adlandırdığı insan, boşluq istiqamətinə yönələn, hara getdiyini özü də bilməyən kəsdir. Bu elə bir boşluqdur ki, sonu pis yerə çıxır.

Hər hansı bir əməl sahibi öz əməlini ölçmək üçün özünə üç sual verməlidir: niyə? necə? nə? Başqa sözlə: niyə edirəm? necə edirəm? nə edirəm? Birinci sualın cavabı “Allah üçün edirəm”, ikinci sualın cavabı “şəriətə uyğun şəkildə edirəm”, üçüncü sualın cavabı “saleh əməllər edirəm” şəklində olarsa, deməli, istiqamət doğrudur. Hər hansı bir ibadəti yerinə yetirən insan, məsələn, namaz qılan bir insan da bu üç funksiyanı icra etməlidir. İnsan niyə qıldığını, necə qıldığını və nə qıldığını bilməlidir.

Şəkildə “Qızıl dairə” verilib. “Qızıl dairə” nəzəriyyəsində ilk öncə düşünülməli olan, ən əhəmiyyətli hissə “niyə?” sualına cavab axtarmaqdır. Bu sualın cavabını tapmaq işin 70 %-ni təşkil edir. İkinci hissə “necə?” sualının cavabını tapmaqdır və bu, işin 20 %-ni əmələ gətirir. Geridə qalan 10 %-lik hissəni isə “nə?” sualının cavabı təşkil edir. Deməli, bir iş görərkən “niyə?” sualını daha çox fikirləşməliyik. “Niyə namaz qılıram? Niyə qonşuma kömək edirəm? Niyə kitab oxuyuram?” kimi suallara mütləq cavab axtarmalıyıq. İkinci mərhələdə “Necə (hansı tərzdə) kömək edirəm? Necə kitab (hansı tərzdə) oxuyuram?” suallarına, ən axırıncı isə “Nə köməklik etməliyəm? Nə oxumalıyam?” suallarına cavab tapmalıyıq. Məsələn, kitab yazmaq istəyən insan əvvəlcə niyə kitab yazdığını özü üçün aydınlaşdırmalıdır. Yazmaqdakı məqsədi nədir, nə kimi hədəfləri var, kitab yazaraq nə əldə edəcək? İkincisi, o insan necə bir kitab - komediya, faciə, sevgi, macəra, araşdırma janrlarından hansına aid kitab yazmaq istədiyini aydınlaşdırmalıdır. Daha sonra kitabın şəklini, həcmini və s. planlaşdırmalıdır. Kitabı niyə yazacağını və necə bir kitab yazacağını bilməyən bir insanın bu kitabın səhifə sayı, mövzuların həcmi, bölmələrin sayı kimi təfərrüatları ilə məşğul olması vaxt israfıdır. Bunun kimi, niyə namaz qıldığını bilməyən bir insanın qıldığı namazda rükət sayı, necə oturub, necə qalxması kimi zahiri ünsürlərə ilişib qalması da mənasızdır.

Nuh əleyhissalama Allah gəmi inşa etməsini əmr elədi və o, səhranın ortasında gəmi düzəltməyə başladı. Gəmini niyə düzəltdiyini Nuh əleyhissalam bilirdi, amma qövmü bundan xəbərsiz olduğu üçün Nuhu ayıblamağa başladılar. Niyə düzəltməsi, necə düzəltməsi və nə düzəltməsi haqqında Nuha tam məlumat verilmişdi (Hud, 37-38). Nuh əleyhissalam səhranın ortasında gəminin niyə düzəldiyini bilməsəydi, o zaman öz xalqının düşdüyü xətaya düşə bilərdi. Çünki onlar gəminin səhrada quraşdırılmasını mənasız qəbul edirdilər.

Fironun qabağında qorxmadan Allaha səcdə edərək iman edən sehrbazlar Musa əleyhissalama tabe oldular. Bunun üzərinə Firon onları ağır cəza ilə cəzalandırdı. Ağır cəza qarşısında belə, Allaha imandan imtina etməyən sehrbazların səbir etmələrinin “niyə”si Firona aydın deyildi. Lakin sehrbazlar bu ağır cəzanın “niyə”sini çox yaxşı bilirdilər (Taha, 72-74).

Musa əleyhissalamı körpə vaxtı çaya atan anası bunun “niyə”sini bilirdi (əl-Qasas, 7). Məryəm əleyhəssalama insan şəklində gələn mələyin gəliş “niyə”si ona açıqlandıqdan sonra narahatçılığı keçdi (Məryəm, 17-21). Yunus əleyhissalam dənizə “niyə” atıldığını bildiyi üçün Allaha yalvarmağa başladı (əl-Ənbiya, 87). İbrahim əleyhissalam böyük tonqalın içinə “niyə” atıldığını bildiyi üçün narahat deyildi (əl-Ənbiya, 68-70).

Nəticə etibarilə, hadisələrə məna verən, dərs və hikmət mənbəyinə çevirən əsas ünsür “niyə?” sualının cavabıdır. Bəzən bu həyatda bir çox hadisənin “niyə”si gizli qalır, amma axirətdə bütün “niyə”lər detallı şəkildə açıqlanacaqdır (ət-Tariq, 9).

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz