İlahi əmanət
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Sizdən (Haqqa dəvət müqabilində) heç bir mükafat istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!” (Yasin, 21)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Uca Allahın (c.c) yer üzünə yayılmış hidayət qəndilləri olan saleh, alim və elmi ilə əməl edən qullarının əxlaqsızlığın hakim kəsildiyi, nəfsani ehtirasların insan övladlarının qulluq məsuliyyətinə sağalmaz yaralar vurduğu bir zamanda cəhalətlə qaynayan savaş meydanına daxil olaraq göstərdikləri misilsiz hidayət mübarizəsi, Adəm övladlarının varlığına yüklənmiş olan ilahi əmanətin əsl qiymətini idrak etməyə imkan verən bir rəhmət vəsiləsidir. Bu həyat rəhbərlərinin fədakar irşad mübarizəsi olmasaydı, bizim nə elmdən, nə hidayətdən, nə də ilahi əmanətin həqiqətindən xəbərimiz olardı. İlahi nemətin, ilahi gözəlliklərin, nəbəvi əxlaqın, misilsiz qulluq mədəniyyətinin, bir sözlə, dil ilə ifadə edilməsi çox misralar aparacaq ilahi əmanətin həqiqətini ümmətə tam aydınlığı ilə Əbülhəsən Xərəqani həzrətlərinin timsalında təqdim edən Rəbbimizin şanı necə də ucadır! Xərəqani həzrətləri belə anladır:
“Bir gün Rəbbimdən məni özümə olduğum kimi göstərməsini istədim. Mən özümə bərbad bir geyimin içində göstərildim. Özümə, bu qorxulu halıma mat-məəttəl baxa-baxa qaldım və dedim ki: “Ya Rəbb! Mən yalnız bundan ibarətəm?” Bunun üzərinə nida gəldi: “Bəli!” O zaman mən: “Ya Rəbbi, bəs məndəki o ilahi əmanəti daşıma eşqi, o yenilməz iradə, möhtəşəm əxlaq, dua və yalvarış məharəti, hüzurunda sızlanma ədəbi?” - dedikdə nida gəldi: “Ey Əbülhəsən! Onun hamısı bizdəndir və bizim əmanətlərimizdir. Sən isə yalnız o bərbad geyimdəki məyusluq aşılayan haldan ibarətsən!” (“Təzkirətül-evliya” əsərindən)
İlahi əmanəti daşıma mədəniyyətini müstəsna bir sənət halına gətirən və bu halını dünyaya vida etdikdən sonra belə Allahın (c.c) izni və kəlam irsi ilə davam etdirən Mövlana həzrətləri belə buyurur:
“İnsan övladı daşıdığı ilahi əmanət səbəbindən böyük bir varlıqdır və iç aləmində bütün həqiqətlər yazılmışdır. Fəqət maddi olan bədən təbiətinin qaranlıqları və nəfsani istəklərin pərdələri varlığındakı həqiqətlərdən xəbərdar olma yolunda onun üçün ən böyük əngəl olmuşdur”.
Bu dünyaya böyük bir imtahan məqsədi ilə göndərilmiş insan övladının varlığındakı həqiqətlərdən bixəbər dolanmağına könlü əsla razı olmayan Mövlana həzrətləri mənəviyyatımızı silkələyəcək bir cəzbə ilə söz alaraq bu işin, yəni ilahi əmanəti daşıma ehtişamının sözün də, təfəkkürün də ifadə edə bilməyəcəyi daha dərin qəlbi idrak təməlləri üzərində qərar tutduğunu bildirməkdədir:
“Ey insan! Maddi yöndən sən çox kasıbsan, fağır oğlu fağırsan. Lakin mənəvi yöndən daşıdığın ilahi əmanət səbəbi ilə böyüksən, böyük oğlu böyüksən. Ey şəklə bürünmüş, bədən libası geyinmiş can! Sən qat-qat dövlətsən, mübarək bir talesən! Əslində sən torpaqdan da, surətdən də ibarət deyilsən! Nə də göylərdən gəlməsən! Sən əzəldən, göylərin belə ardından gəlmisən. Rəbbani gözəllikləri daşıyan o böyük ilahi əmanətə sahib çıx və özünü ucuza satma! Sənin dəyərin çox böyükdür”.
Mövlana həzrətlərinin könül dünyası zamanları aşan bir sevgi və mərhəmət seli ilə cazibəsinə qapılan hər bir insan övladını ilahi gözəlliklər aləminə dəvət edən bir xidmət dəryasıdır. İlahi mərifət sirləri ilə çağlayan bu məna çeşməsindən hər bir kəsi doya-doya içməyə israrla sövq edən Mövlana həzrətləri belə buyurur:
“Övladım, əgər sən Haqq yolunda addımlamağa başlasan, sənin yolunu asanlaşdırarlar. Əgər Haqqın varlığında yox olsan, səni həqiqi bir varlığa döndərərlər. Mənlikdən, nəfsin qaranlıqlarından qurtulsan, mənəvi həqiqətin o qədər böyüyər ki, aləm ona dar gələr. Bax o zaman Rəbbinin lütfü və rəhməti ilə Onun səndə görmək istədiyi ilahi əmanəti daşıma fəzilətini sənə (Xərəqani həzrətlərinin misalında, yəni ilahi əmanətin bərəkətindən məhrum buraxılmış zavallı halı ilə deyil, bu əmsalsız nemətin qulun fani varlığında Allahın (c.c) izni ilə şəkillənən möhtəşəm həqiqətini) sənsiz göstərərlər”.
İlahi əmanətə israrla sahib çıxmağa dəvət edən Mövlana həzrətlərinin iman qardaşlarının qurtuluşu üçün sərgilədiyi könül təlaşı ümmət məsuliyyətinin necə ağır bir iş olduğunu hər birimizə açıqlamaqdadır: “Adəm bir ilan üzündən cənnətdən qovuldu. Sən isə bu dünyada insan şəklində olan ilanlar və əqrəblər içində qalmısan, onlarla birgə yaşayırsan. Bu şəkildə qurtuluşa necə nail olacaqsan? Əmin-amanlığa necə yetişəcəksən? Ömrünün, yaşayışının ölümlə sona yetəcəyini əsla düşünmə! Bədənin ölər, amma səndə var olan o gerçək həqiqət - ilahi əmanət ölməz! Çünki sən Haqqın sifətlərində xəlq edilmisən! Allaha (c.c) isə nə son vardır, nə də sərhəd!”
ŞƏRHLƏR