Təfəkkürə Dəvət

Təfəkkürə Dəvət

 Təfəkkür hər hansı bir məsələ haqqında dərin-dərin düşünmək, zehni yormaq və məsələnin mahiyyətinə varmaq deməkdir. Təfəkkür yalnız insana aid bir xüsusiyyətdir. İnsan bunun sayəsində digər varlıqlardan seçilir və üstün tutulur. Yəni bir adamın ucalması da, alçalması da təfəkkür qabiliyyətini istifadə edib etməməsinə bağlıdır.

Təfəkkür yalnız qəlbdə təsəvvürü mümkün olan şeylər haqqında edilə bilər. Ona görə də yaradılmış olan varlıqlar haqqında təfəkkür mümkündür, amma Allahın zatı haqqında təfəkkür mümkün deyil. Çünki Allah heç bir şəkildə surət və şəkil olaraq xəyal edilə bilməz. Necə ki, Rəsulullah (s.ə.s) buyurmuşdur:

“Allahın yaratdıqları üzərində təfəkkür edin, lakin zatı üzərində düşünməyin. Çünki siz Onun qədrini (layiq olduğu şəkildə) qətiyyən təqdir edə bilməzsiniz”. (Deyləmi, II, 56) Bununla belə, Allahın zatı xaricində onun sifətləri, etdikləri və yaratdıqları haqqında təfəkkürü tərk etməmək lazımdır. Uca Allahın nemətlərini təfəkkür etmək ən fəzilətli ibadətlərdən biridir. Peyğəmbərimizin (s.ə.s) ilk ibadəti təfəkkür idi.

Qurani-Kərimdə Allahın keçmişdə bəzi qövmləri necə ucaldıb, digərlərini də necə alçaltdığını təfəkkür etməyimiz əmr edilir. Uca Rəbbimiz buyurur:    

Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər. Onlar (əkinçilik məqsədi ilə) torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər”. (ər-Rum, 9)

Allah Rəsulu (s.ə.s) təfəkkür üçün xüsusilə gecələrdən istifadə edərdi. Göz yaşları içində ayaqları şişənə qədər ayaq üstə dayanar, saatlarla rüku və səcdə edərdi.

Ata (rəhmətullahi əleyh) belə rəvayət edir: “Həzrət Aişəyə “Allah Rəsulunda gördüyün ən təəccübləndirici hadisəni mənə xəbər verərsənmi?” dedim. Aişə anamız: “Onun hansı halı təəccübləndirici deyildi ki! - dedi və belə davam etdi: - Bir gecə yanıma gəldi, yatağa girdi, sonra: “İcazə ver, durub Rəbbimə ibadət edim”, - dedi. Mən: “Vallah, səninlə bərabər olmağı çox sevirəm, lakin səni sevindirən şeyi daha çox sevirəm”, - dedim. Bundan sonra qalxdı, dəstəmaz aldı, sonra namaza durdu və ağladı. O qədər ağladı ki, göz yaşları köksünə axdı. Sonra rükuya getdi, yenə ağladı, sonra səcdəyə getdi, səcdədə ikən də ağladı, sonra səcdədən başını qaldırdı və yenə ağladı. Bu hal ta ki, Bilal gəlib sübh azanını oxuyana qədər davam etdi.

Bilal (r.a) Peyğəmbərimizin (s.ə.s) ağladığını görəndə: “Ey Allahın Rəsulu, keçmiş və gələcək bütün günahların bağışlandığı halda səni ağladan nədir?” - deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s): “Allaha çox şükür edən bir bəndə olmayımmı? Allaha and olsun, bu gecə mənə elə bir ayə endirildi ki, onu oxuyub üzərində təfəkkür etməyənlərin vay halına!” - dedi və bu ayəni oxudu:

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 3/ 190-191/İbn Hibban, II, 386)

Allah-Təala Qurani-Kərimin bir çox yerində “Düşünməzsinizmi?”, “Düşünənlər üçün dəlillər vardır!” ifadələri ilə möminləri təfəkkürə dəvət edir. Belə ki, Uca Allah baxıb düşünmək üçün saysız-hesabsız varlıqlar yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın varlığının dəlili olduğuna görə, göylərdə, yerdə və onların arasında olan bütün varlıqlar bizim üçün təfəkkür səbəbidir. Necə ki, Uca Rəbbimiz buyurur:

“Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir”. (ər-Rum, 8)

“(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın birliyini sübut edən) dəlillər vardır!” (ən-Nəhl, 11)

Yekun olaraq bunu deyə bilərik ki, təfəkkür o qədər mühümdür ki, Uca Allah möminləri təfəkkürə dəvət etdiyi kimi, kafirləri də təfəkkürə dəvət edir: 

“(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir (durub gedin), sonra da bir dərindən düşünün!..” (Səbə 34/46)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz