Bir Ayə
بسم الله الرحمن الرحيم
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَىٰ أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ ...
“Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın!..” (əl-Bəqərə, 2/282)
İslam dini bir-birimizlə yardımlaşmağı əmr edir. Bu yardımlaşmanın bir yolu da bir-birimizdən borc alıb-verməkdən keçir. Əlbəttə, borc qaytarılarkən qarşılığında əlavə bir şey verilməz. Yoxsa bu, faiz olar və dinimizcə haramdır. Buna görə də insanlara qarşılıqsız borc verib kömək etmək fəzilətli bir davranış hesab olunmuş və hətta sədəqə verməkdən üstün tutulmuşdur. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurur: “Merac gecəsi Cənnətin qapısı üzərində: “Sədəqə on misli savabla qarşılanar. Borc isə on səkkiz misli savabla qarşılanar”, - deyə yazıldığını gördüm. Cəbraildən: “Borc verməyin sədəqə verməkdən üstün olmasının səbəbi nədir?” - deyə soruşdum. Cəbrail: “Çünki dilənçi varı olduğu halda dilənir. Halbuki borc istəyən kimsə yalnız ehtiyacı olduğu üçün borc alır”, - deyə cavab verdi”. (İbn Macə, Sədəqat, 19) Borc verərək müsəlman qardaşımızın ehtiyacını təmin etmək İslamın əxlaq prinsiplərindəndir. Xüsusilə indiki dövrdə imkan sahiblərinin darda qalan din qardaşlarına bu baxımdan yardım etməsi zəruri bir hal almışdır. Digər tərəfdən, borclunun da borcunu ən qısa vaxtda qaytarmağa səy göstərməsi gərəkdir. İmkanı olduğu halda borcunu qaytarmayanlar barəsində Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Zənginin borcunu qaytarmağı təxirə salması zülmdür”. (Buxari, İstiqraz, 12)
Yuxarıda ilk hissəsi qeyd olunan ayeyi-kərimədə də məhz bu önəmli xüsus ələ alınır. Qurani-Kərimin ən uzun ayəsi (Quran müshəfində bir səhifə həcmində) olan və “müdayinə ayəsi” olaraq adlandırılan bu ayədə borc alıb-vermə müqaviləsi ilə bağlı qaydalara aydınlıq gətirilmiş və bu barədə diqqət etməyimiz gərəkən digər xüsuslar da qeyd olunmuşdur. İslam alimlərinin əksəriyyəti ayədəki “borc alıb-verdiyiniz zaman onu yazın!” ifadəsindəki buyruğun əmr deyil, tövsiyə xarakteri daşıdığı barəsində həmfikirdirlər. Uca Allah bir-birimizdən borc alıb-verərkən zərər çəkməməyimiz üçün bunu yazıb qeyd etməyimizi istəyir və hətta ayənin davamında ifadə edildiyi kimi: “Öz adamlarınızdan iki kişini də şahid tutun!” - buyurur. Çünki insan oğlu unutqandır və bəzi hallarda kimə nə qədər borc verib-aldığını unuda bilər. Bu kimi hallara yol verməməyimiz üçün Allah-Təala bizə borclarımızı qeyd etməyimizi tövsiyə edir. Bütün bunlar həm borc verənin, həm də borc alanın zərər çəkməməsi üçündür. Çünki “Zərər vermək də, zərər müqabilində zərər vermək də olmaz!” (İbn Macə, Əhkam, 17) hədisi-şərifində də qeyd olunduğu kimi, İslam dini zərər verməyi də, zərərə uğramağı da xoş qarşılamır.
ŞƏRHLƏR