“Məscidi-Əqsa və Qüds birbaşa imanımızla əlaqəli bir məsələdir”

“Məscidi-Əqsa və Qüds birbaşa imanımızla əlaqəli bir məsələdir”

 Musa Biçkioğlu:

“Məscidi-Əqsa və Qüds birbaşa imanımızla əlaqəli bir məsələdir”.

 

Musa Biçkioğlu kimdir?

14 aprel 1975-ci ildə Mardində anadan olan Musa Biçkioğlu tarix fakültəsindən məzun olmuşdur. Tarix və mədəniyyət sahəsində doktorantura təhsilinə davam edən Biçkioğlu 1997-ci ildən bəri turizm sektorunda fəaliyyət göstərir. Eyni zamanda mədəniyyət mərkəzlərini tədqiq edən müəllif bu sahədə bir çox məqalələr qələmə almışdır. İyirmi il Qüds səfərlərinə bələdçilik edən Musa Biçkioğlu televiziya və radio verilişlərində, həmçinin jurnal və qəzetlərdə müxtəlif yazılarla, müsahibələrlə çıxış edir. Türkiyədə və digər ölkələrdə İslam mədəniyyəti məzmunlu konfranslar verir. 

 

 

İrfan: Bilindiyi kimi, İslam dünyasında Qüds şəhəri xüsusi bir yerə malikdir və Məscidi-Əqsa müqəddəs məkanlardandır. Eyni zamanda digər səmavi dinlərə görə də Qüds şəhəri mühüm yer tutur. Qüdsü bu qədər dəyərli edən nədir?

Musa Biçkioğlu: Həqiqətən, yer üzündə səmavi dinlərin hər üçünün ortaq qəbul etdiyi, müqəddəslik baxımından hər biri üçün xüsusi yeri olan başqa bir məkan yoxdur. Bir başqa maraqlı nüans ondan ibarətdir ki, bura yəhudilik və xristianlığın ən müqəddəs şəhəridir. Buranın müqəddəs olması, əlbəttə ki, ilahidir. Yəni hər hansı bir məkana, hər hansı bir varlığa müqəddəsliyi verən Allah-Təaladır. O, müqəddəs olduğunu bildirər, biz müsəlmanlar da “eşitdik, iman etdik” deyərik. “Kəbə nə üçün Məkkədədir, niyə ora müqəddəsdir” kimi suallar vermərik, amma hikmətlərini də axtarıb tapmağa çalışarıq. Qüdsün bərəkətli qılınması da sırf vəhyə dayanır. İsra surəsinin birinci ayəsində Rəbbimiz Məscidi-Əqsa və ətrafını bərəkətli qıldığını bildirir. Uca kitabımızın başqa ayələrində də bu torpaqların müqəddəs olduğu bildirilir.

Yəhudi inancına görə, yer üzünün ilk yaradılan nöqtəsi Qübbətüs-Səxranın altındakı müəllaq daşıdır, Adəm peyğəmbərin torpağı buradan götürülmüşdür. Həmçinin bu düşüncəyə görə, Qüds əslində səmadadır, yer üzündəki Qüds onun kölgəsidir. Məscidi-Əqsa bu müqəddəs şəhərin ən müqəddəs yeridir. Müəllaq daşı da onun mərkəz nöqtəsidir və Məscidi-Əqsanın içərisi, müəllaq daşının yaxınlığındakı məkan qurbangahdır. Bura yaradılışın əvvəli olduğu kimi, həm də sonudur. Yəni qiyamət də burada qopacaq. Xristianlığa gəldikdə isə, bilirik ki, bu din yəhudiliyin təməlləri üzərində yüksəlmişdir. Əhdi-Ətiqdə bu şəhərdən Yeruşalayim və Yeruşalim olaraq söz edilir. Sonradan Hz. İsanın onlara – xristianlara görə çarmıxa çəkildiyi yeri və müqəddəslik izafə etdikləri məkanları saymasaq, yəhudiliyin müqəddəs qəbul etdiyi məkanlar onlara görə də müqəddəsdir. Bütün bunlara əlavə olaraq, onlara görə, Qüds tanrının şəhəridir, bu torpaqlar Hz. İsanın doğulduğu yerdir. Qiyamətin qopması ilə Hz. İsanın ədalət taxtını quracağı yer də məhz buradır, xristianlara görə.   

İslam dinində də Qüds mühüm məkanlardan biri sayılır. Ora Darus-Salamdır, sülh, əmin-amanlıq yurdudur. Bizim ilk qibləmizdir, yer üzündəki ikinci məsciddir və Peyğəmbərimizin ziyarət etməmizi tövsiyə etdiyi 3-cü məscidimizdir. Bir az əvvəl də qeyd etdiyim kimi, bura Allahın bərəkətli qıldığı yerdir. Bərəkət tamamən Allahdan olan bir şeydir, heç bir bəndə ona müdaxilə edib bərəkətini zədələyə, yaxud artıra bilməz. Bərəkət ilahi xeyrin bir şeyin içərisində daimi olması mənasına gəlir. Yəni bərəkət nöqteyi-nəzərindən ilahi xeyir burada daimidir, gəlib-keçici deyil.  Bir sözlə, o bölgə Allahın bərəkətli qıldığı müstəsna bir yerdir.

- İslam tarixi nöqteyi-nəzərindən baxsaq, Qüdslə bağlı nəyi qeyd edərdiniz? Bir az da müsəlmanların buraya baxışındakı mühüm nüanslara toxunaq, mümkünsə.

- Gözəl sual verdiniz. Əvvəla, mən mühüm bir xüsusa diqqət çəkmək istəyirəm. Qüdsün fəthi dedikdə bəzən Səlahəddin Əyyubinin 1187-ci ildəki fəthi, bəzən Osmanlılar tərəfindən 1516-cı ildə Məmlüklülərdən alınması, ən yaxşı halda isə Hz. Ömər tərəfindən 638-ci ildə fəthi nəzərdə tutulur. Amma Qüdsün ilk fatehi Hz. Davuddur. Bizim üçün Qüds macərası Davud peyğəmbərlə başlayır. Hz. Davud şəhəri fəth etdikdən sonra ciddi abadlaşdırma işləri aparmış, oğlu Süleyman Peyğəmbər də burada Məscidi-Əqsanı inşa etmişdir. Bir maraqlı məqam da ondan ibarətdir ki, biz Hz. İbrahimi Qurani-Kərimdə daha çox Kəbə ilə birlikdə oxuyuruq. O, Kəbə ilə eyniləşmiş peyğəmbərdir. Gəlin Qüdsdən söz açmışkən birlikdə Ənbiya surəsinin 71-ci ayəsini oxuyaq: “Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq...” Allah-Təala onu Nəmrudun zülmündən xilas etdikdən sonra bugünkü Fələstin torpaqlarına, Qüdsün təxminən 30 kilometrliyindəki Xəlil şəhərinə hicrət etdirmişdir. Hz. İbrahim orada yaşamış, dinini orada təbliğ etmiş, oğulları, həmçinin Hz. İshaqın oğlu Yaqub peyğəmbər, onun da oğlu Yusuf (ə.s) o bölgədə doğulmuş, böyüyüb boya-başa çatmışdır. Həmçinin Hz. Yusuf xaric, sözünü etdiyimiz peyğəmbərlərin özlərinin və xanımlarının da məzarı buradadır. Daha sonrakı dövrə baxdıqda Hz. Məryəmin burada yaşadığını, məbədə ibadətə verildiyini, Hz. İsanın bu bölgədə doğulub təbliğ etdiyini, Hz. Zəkəriyyə və oğlu Yəhyanın da burada peyğəmbərlik vəzifələrini icra etdiklərini və yenə burada şəhid edildiklərini görürük. Son Peyğəmbər Hz. Muhammədin İsra hadisəsini də bu kontekstdə dəyərləndirdiyimiz zaman məsələ daha da əhəmiyyət kəsb edir. Xülasə, Məscidi-Əqsa, Qüds və ümumilikdə bu torpaqlar bizim imanımızla birbaşa əlaqəlidir.

- Buraların son din İslamla yenidən şəkillənməsi və formalaşması haqda nə deyə bilərik?

- Qüds ikinci raşidi xəlifəsi Hz. Ömər zamanında fəth olunmuşdur. Hətta xəlifə şəxsən özü buraya gələrək şəhəri qan tökülmədən təslim almışdır. O gün şəhərin yepiskopu Sofraniusla təhvil-təslim əsnasında aralarında yaşanan mühüm bir hadisə var. Onu xüsusilə qeyd etmək yerinə düşər. Deməli, xristianlar üçün mühüm yerə malik olan, onların inancına görə Hz. İsanın çarmıxa çəkildiyi Qiyamət kilsəsində görüşdükləri əsnada namaz vaxtı girir. Yepiskop Hz. Ömərə namazı burada qıla biləcəyini deyir. Lakin o, namazını kilsədən bir az aralıdakı ərazidə qılır. Sonra yepiskop nə üçün belə etdiyini soruşduqda Hz. Ömər İslamın digər dinlərə qarşı nə qədər ehtiramla yanaşdığını göstərən bir cavab verir: “Əlbəttə, kilsədə də namazımı qıla bilərdim, buna heç bir maneə yoxdur. Lakin məndən sonra yaşayan müsəlmanların burada İslam xəlifəsi namaz qılmışdır deyib kilsənizi məscidə çevirmək istəyəcəklərindən qorxdum”,  - deyir. Yeri gəlmişkən onu da qeyd edim ki, o gün Hz. Ömərin bölgə xalqına verdiyi əmannaməyə baxdıqda bu gün bütün dünyada misligörülməmiş bir haqq-hüquq təsis edildiyini görmək mümkündür. Əlqərəz, Hz. Ömər Sofraniusdan müqəddəs məkan olan Məscidi-Əqsanın yerini soruşur, şəxsən özü ora gedərək Romalılar tərəfindən zir-zibil içərisinə qərq edilən məkanı əlləri ilə təmizləyir və burada taxtadan bir məscid inşa edir. Daha sonra bu ərazidə, yəni Məscidi-Əqsa bölgəsində Əməvilər tərəfindən abadlaşdırma işləri aparılır, Abdulməlik bin Mərvan tərəfindən 685-ci ildə Qübbətüs-Səxra tikilir. Bütün ehtişamı ilə bu gün gördüyümüz həmin bina öz orijinal halını qoruyub saxlayır. Belə bir möhtəşəm memarlıq abidəsinin məhz burada inşa edilməsi İslam hakimiyyətinin və bizim burada müvəqqəti olmadığımızın ən gözəl ifadəsidir. Buradakı İslam məbədi xristianların ən müqəddəs şəhəri olan Qüdsdə xristianların ən müqəddəs məkanı olan kilsəsindən geri qalmamalı idi. Çünki Məscidi-Əqsa və Qiyamət kilsəsi bir-birinə çox yaxındır, iki təpə üzərindən bir-birinə baxır. Bu nöqteyi-nəzərdən İslam mədəniyyətinin memarlıq baxımından da digər mədəniyyətlərdən geri qalmadığını göstərmişdir. Qübbətüs-Səxranın qarşısındakı gümüş qübbəli məscidi isə Vəlid bin Abdulməlik 705-ci ildə inşa etdirmişdir. Hər zaman söylədiyimiz bir şey var: Müsəlmanlar bəzən yanlışlıqla Məscidi-Əqsanın Qübbətüs-Səxra, bəzən də gümüşü qübbəli məscid olduğunu zənn edirlər. Əslində isə Məscidi-Əqsa hər iki məscidin də daxil olduğu 14.4 hektarlıq ərazinin adıdır. Həmin ərazidə təxminən 300-ə yaxın tarixi əsər var. Bütün İslam dövlətlərinin orada bir mehrabı, mədrəsəsi, şadırvanı, məscidi, kəməri və bu kimi bir çox əsəri var. Yəni İslam mədəniyyətinin hər dövrünə aid nümunələrə burada rast gəlmək mümkündür. Bu da özlüyündə müsəlmanların buraya nə qədər dəyər verdiyini göstərir.

- Gənc nəsillərə Məscidi-Əqsanı və Qüdsü sevdirmək üçün nələr edə bilərik?

- İslam gəncliyini bizim dəyərlərlə yetişdirmək ən böyük vəzifələrimizin başında gəlir. Dinimizin əmr və qadağalarını, eləcə də İslam tarixini, onun mədəniyyətini övladlarımıza öyrətməli, əcdadımızın mirasına sahib çıxmaları üçün əlimizdən gələni etməliyik. Bu mənada görüləcək çox iş var. Ən bəsiti, evlərimizdə yetişən azyaşlılara Məscidi-Əqsadan bəhs edən, Qüdsün əhəmiyyətini dilə gətirən hekayə və qissələr oxuya bilərik. Qurani-Kərimdən də öyrəndiyimizə görə, Hz. Məryəmin uşaqlıq illəri Qüdsdə, xüsusilə Məscidi-Əqsanın içərisindəki mehrabda – kiçik hücrədə keçib. Bu mənada qız uşaqlarımıza onun həyatının uşaqlıq dövrü ilə bağlı və bu torpaqlarla əlaqəli nüansları ötürə bilərik. Həmçinin Hz. İsa, Hz. Yəhya, Hz. Yusuf kimi peyğəmbərlərin istər uşaqlıq, istər gənclik dövründən misallar verərək bizim olan şəxsiyyət və məkanları ön plana çıxartmaq mümkündür. Görüləcək çox iş var; Allah hər birimizin yardımçısı olsun. “İrfan” jurnalı olaraq bu mövzunu işıqlandırmağınızı böyük təqdirlə qarşılayıram. Bunun özü də bir maarifləndirmə vasitəsidir.

- Son günlərdə bölgədə, xüsusilə Qəzzada ciddi mənada təlatümlər yaşanır. Bir az da Qəzza haqda məlumat verərdiniz mümkünsə.  

- Aralıq dənizi sahilində yerləşən Qəzza tarixən karvan yollarının kəsişməsində olduğundan əhəmiyyət kəsb etmişdir. Peyğəmbərimizin babası Əbdülmüttəlibin atası Haşimin qəbri buradadır, həmçinin İmam Şafei də burada anadan olmuşdur. Səlahəddin Əyyubi 1187-ci ildə buranı xaçlı işğalından qurtarmışdır. Bölgəni Osmanlı torpaqlarına ilhaq edənsə Yavuz Sultan Səlim olmuşdur. Hətta 1517-ci ilin yanvar ayında buradan Misir səfərinə çıxmışdır. Birinci dünya müharibəsində ingilis ordusu iki dəfə Qəzza döyüşlərində Osmanlılara məğlub olmuşdur. Çanaqqala cəbhəsində döyüşərək şəhid olan qəzzalı əsgərlərin adına Gelibolu yarımadasında rast gəlmək mümkündür.

- Bu gün müsəlmanlar olaraq Fələstində, Qəzza bölgəsində yaşananları necə dəyərləndirməliyik?

- Bütün dünya ictimaiyyətinə məlum olduğu kimi, uzun illərdən bəri bölgədə ərəb-israil qarşıdurması gedir. Bu qarşıdurma nəticəsində xeyli sayda müsəlman qətlə yetirilir, böyük itkilər və qırğınlar yaşanır. Fələstinli qardaşlarımız BMT qətnaməsinə və Beynəlxalq hüquqa görə İsrail işğalı olaraq qəbul edilən torpaqlarını qorumağa çalışırlar. Açıq ifadə etsək, Qüdsün təxminən 50 kilometrliyindəki Qəzzanı – vətənlərini müdafiə edirlər. Unutmayaq ki, Qəzza 1 ildir ki, heç bir hüquqi əsas olmadan blokadaya alınmışdır. Hətta bölgə xalqına dəniz sahilində balıq tutmaq belə qadağan edilib. Müharibə olmadığı dövrdə belə dərman və qida kimi zəruri tələbat malları buraya məhdud sayda və izinlə buraxılırdı.

Xüsusilə Qəzza bölgəsində oktyabrın 7-dən bəri yaşanan hadisələr nəinki müsəlmanları, hər bir vicdan sahibini dərindən sarsıdır. Əliyalın günahsız insanların, qadınların, körpə uşaqların amansızcasına qətlə yetirilməsi əsla yolverilməzdir. Cəmi 363 km2-dən ibarət olan və bu qədər dar bir ərazidə sanki açıq həbsxanaya çevrilən Qəzza bölgəsi artıq həftələrdir ki, bombardman altında inləyir. Bir nüansı da qeyd edim ki, burada yaşayan əhalinin 40 faizindən çoxu uşaqlardan ibarətdir. Günahsız insanları öldürmək hansı kitabda var? Bu qədər vəhşət hansı vicdana sığar? Qəzza xalqına rəva görülənlər bir insanlıq suçudur, bəşəriyyəti hədəf alan ağır cinayətdir. Fələstinli qardaşlarımıza yönəldilmiş bu vəhşəti durdurmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Əlimizdən heç bir şey gəlməsə də, dualarımızla, göz yaşımızla, qəlb ağrımızla haqqın yanında olduğumuzu bildirməliyik. Biz uşaqların öldürülmədiyi, anaların ağlamadığı, ataların çarəsiz qalmadığı, işğal və terror canavarının susduğu bir dünya istəyirik. Bütün dünya buna möhtacdır. Unutmamalıyıq ki, İslamın hakim olduğu dövrlərdə bütün din və irq mənsubları sülh şəraitində yaşamışdır. İslamın və İslam dövlətlərinin tarixən yəhudi və xristianları qoruyaraq təmin etdiyi sülh və əmin-amanlığa baxmayaraq bu gün qadın, qoca və uşaq demədən müsəlman əhaliyə qarşı rəva görülən zülmü izah etmək mümkün deyil.

- Bizə vaxt ayırıb dəyərli fikirlərinizi bölüşdüyünüz üçün bütün “İrfan” oxucuları adından təşəkkür edirik.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz