Sual? - Cavab!

Sual? - Cavab!

- Haram yollardan mal qazanan birinin hədiyyəsini qəbul etmək və verdiyi ehsandan yemək caizdirmi?

- Müsəlman cəmiyyətlərdə bizə bir şey verən və ya hədiyyə edən bir müsəlmanın verdiyi hədiyyənin və ya yeməyin halal, yoxsa haram puldan alındığını araşdırmaqla dini baxımdan məsul deyilik. Çünki iş gördüyümüz hər şəxsin qazancını araşdırmaq həm bizi zəhmətə salacaq, həm də müsəlmanlar haqqında sui-zənn bəsləməyimizə səbəb olacaqdır. Fəqət bir kimsənin qazancına haram qarışdırdığı açıqca bilinirsə, onda qazancındakı haram nisbətinə baxmalıyıq. Əgər bütün qazancının haram olduğu açıqdırsa, onun verdiyi hədiyyəni götürmək və yedirdiyi yeməyi yemək haram olar. Bütün qazancını qumar, içki satmaq, faiz, oğurluq, rüşvət və qəsb kimi yollarla əldə etmiş şəxslər buna misal verilə bilər. Fəqət qazancdakı haram nisbəti qazancın hamısını deyil, bir hissəsini təşkil edirsə, buradakı haram nisbətinə baxmaq lazımdır. Əgər haram bu qazancın çoxunu təşkil edirsə, yenə onun hədiyyəsi alınmaz və yedirdiyi yemək yeyilməz. Amma qazancında bir miqdar haram olmaqla birlikdə, çoxu halaldan meydana gəlirsə, hədiyyəsi və ikramı qəbul edilə bilər. Yenə də ehtiyatlı davranaraq qazancına haram  qarışdıranlardan uzaq durmaq dini cəhətdən daha münasib yoldur.

- Rüşvətin dinimizdə hökmü və növləri nələrdir?

- Qurani-Kərim insanların mallarını haqsız yollarla yemək üçün hakimlərə rüşvət verilməsini qadağan etmiş (əl-Bəqərə, 188), Peyğəmbərimiz (s.ə.s) rüşvət alanın da, verənin də Allahın lənətinə məruz qalacağını ifadə etmişdir (Tirmizi, Əhkam, 9). Dinimizcə haram buyurulan rüşvəti alimlər bəzi növlərə ayırmış və rüşvəti almaq hər zaman haram olmaqla birlikdə, bəzi zəruri hallarda rüşvət verməyin haram olmayacağını bildirmişlər. Buna görə rüşvətin növləri aşağıdakılardır:

  1. Hakim və idarəçi olmaq üçün verilən rüşvət. Bu, bir vəzifəyə təyin olunmaq üçün verilən rüşvətdir. Bu rüşvət həm alana, həm də verənə haramdır.
  2. Hakimin bir kimsənin lehində hökm verməsi üçün rüşvət alması. Hakimin verdiyi hökm ədalətli olsa belə, bunun qarşılığında alınan rüşvətə görə həm alan, həm də verən haram işləmiş sayılır. Çünki hakim zatən haqq və ədalətə görə hökm verməli və dövlətin ona ayırdığı maaşla yetinərək rüşvət almaqdan uzaq durmalıdır.
  3. Bir kimsənin haqqı olduğu halda dövlət məmurlarına gördürə bilmədiyi bir iş üçün vasitəçilik edənə verdiyi rüşvət. Bu işdə vasitəçilik edənin bu rüşvəti alması haramdır. Fəqət rüşvəti verən baxımından bu, haram deyildir. Çünki o öz haqqını təmin etməyə çalışmaqda və bu yola məcburi olaraq baş vurmaqdadır.
  4. Bir kimsənin canına və malına zərər gəlməsini önləmək məqsədi ilə zərər verəcək kimsəyə verdiyi rüşvət. Bu, rüşvəti verən kimsə üçün halal, alan kimsə baxımından haramdır. Çünki burada rüşvəti verən bunu öz canını və malını qorumaq məqsədi ilə məcburiyyət qarşısında qalaraq verməkdədir.

Rüşvət haram olduğuna görə, rüşvət olaraq verilən pul və ya əşya rüşvət alanın malı sayılmaz. Alan şəxs bunu geri, sahibinə qaytarmalıdır.  

- Dinimiz satışda kar üçün bir hədd təyin edibmi? Satıcı satdığı məhsula nə qədər kar əlavə edib sata bilər?  

- Dinimiz satışda müəyyən bir kar həddi təyin etməmişdir. Buna görə qarşılıqlı razılığa əsaslanmaq, hiylə, yalan və qarşı tərəfin ehtiyacından sui-istifadə etməmək şərti ilə satıcı malını istədiyi qiymətə sata bilər. Alış-veriş zamanı müştəri satıcıya malın ona neçəyə başa gəldiyini və nə qədər kar qoyduğunu soruşa bilər. Bu zaman satıcı doğrunu söyləyər və müştəri də buna razı olarsa, kar miqdarının nə qədər olmasının bir əhəmiyyəti yoxdur.  İslam hüququnda qiymətlərin sərbəst şəkildə təyini əsasdır. Süni müdaxilələr, hiylə, spekulyasiya və inhisarçılıq kimi yollarla bazar qiymətlərinə təsir etmək dinimizcə qadağan edilmişdir. Qiymətlərin bazar şərtlərində sərbəst təyini əsas olmaqla birlikdə yuxarıda sadalanan mənfi hallar baş verdikdə və alıcılar zərər gördükdə, dövlət bazar qiymətlərinə müdaxilə edə bilər və mallar üçün üst və alt qiymətlər təyin edə bilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz