Təsəvvüfi Tərbiyədə Təfəkkürün rolu
Təfəkkür kəlməsi məna olaraq “ibrət alaraq bir şeyi düşünmək və dərinləşmək deməkdir. Təsəvvüf terminlərinə baxdığımızda bu mənada qarşımıza üç ifadə çıxmaqdadır: təəmmül, təfəkkür və tədəbbür.
Təəmmül - düşünmək, təfəkkür - düşünməkdə davam etmək və dərinləşmək, tədəbbür isə bir işin nəticələrini və aqibətini düşünmək mənasını verir. Bu gün biz bunları sadəcə təfəkkür və düşünmək kimi ifadə edirik.
Allah-Təala bizi təfəkkür etməyə dəvət edir. Qurani-Kərim təfəkkürlə başlayır. İlk enən ayə olan “oxu”, dolayı yolla bilməyə, düşünməyə, təfəkkür etməyə bir səslənişdir, çağırışdır.
Allah-Təalanın əzəmətini idraka aparan təfəkkür ağıl ilə bağlı bir fəaliyyətdir. Bu fəaliyyəti kamilliyə çatdıran isə qəlbdir. Qəlbimiz ən şəfərli üzvümüz olduğuna görə onun əməli də digər üzvlərin əməllərindən fəzilətlidir. Çünki qəlb nəzərgahi-ilahidir, yəni Allah-Təalanın nəzər etdiyi yerdir.
Bu bir həqiqətdir ki, vəhylə tərbiyə edilmiş ağılın təfəkkürü bəsirət və irfana çatmaqda vəsilədir. Ən faydalı təfəkkür ilahi qüdrəti, əzəməti və ehtişamı təfəkkür etməkdir.
Qurani-Kərim bizi bunları düşünməyə dəvət edir:
- Dünya niyə yaradılmışdır?
- Biz bu dünyaya nə üçün gəldik?
- Missiya və vəzifəmiz nələrdir?
- Dönüşümüz haraya olacaq?
- Bu gediş harayadır?
Allah-Təala yol göstərici olaraq göndərdiyi kitabında bu sualların hər biri haqqında bizi məlumatlandırmış, dünya və axirət həqiqətlərini bildirmişdir.
Rəbbimiz Quranın oxuyuşunu və mənasını bilməyimizlə birlikdə, əsl mənada Qurani-Kərimin ruhuna girməyimizi, ona bürünməyimizi istəyir. Necə ki, ayədə: “Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlblərində qıfıllarmı var?!” - buyurulmaqdadır. (Muhamməd, 24)
Qulluğun ən əhəmiyyətli vəzifələrindən biri də “Mən gizli bir xəzinə idim, bilinmək istədim” mənasındakı buyruqda bildirildiyi kimi, Qurani-Kərimi və kainatı Onun kitabı işığında təfəkkür etməkdir. Bəs hər yönü ilə bizə nümunə olan Hz. Peyğəmbərimiz (s.ə.s) necə təfəkkür edərdi?
Hz. Peyğəmbərimiz (s.ə.s) sükutu və təfəkkürü çox sevərdi. Nübüvvət gəlmədən əvvəlki zamanlarda tənhalığa çəkilər, Məkkə yaxınlığındakı Hira mağarasına gedər, orada günlərlə qalardı. Bu Hz. Peyğəmbərin təfəkkür etməsi Hz. İbrahim (ə.s) kimi göylərin və yerin möhtəşəm nizamından ibarət alması idi. O günlərdə kainat və onun Xaliqi haqqında təfəkkür edən Hz. Peyğəmbər daha sonra da hər zaman təfəkkür halında olmuşdur. Ümmətini də təfəkkürə dəvət edərək, “Rəbbim mənə sükutumun təfəkkür olmasını əmr etdi” – buyurmuşdur. “Təfəkkür kimi ibadət yoxdur” – buyuraraq (Beyhəqi) təfəkkürün ibadət olduğunu bəyan etmişdir.
Əbu Dərda (r.a) Peyğəmbərimizin “bir saat təfəkkürün qırx gecəlik nafilə ibadətdən üstün olduğunu” buyurduğunu rəvayət etmişdir. (Deyləmi)
Bişri-Xəfi həzrətləri də təfəkkürün əhəmiyyətini belə ifadə etmişdir: “İnsanlar Allah-Təalanın əzəməti haqqında layiqincə təfəkkür etsələr, Ona üsyan etməz, günah işləməzdilər”. (İbn Kəsir)
Qeyd olunanlardan aydın olur ki, təfəkkür savabı böyük olan bir ibadətdir və əsl təfəkkür hər zaman Allahın onu gördüyünün və hər etdiyindən xəbərdar olduğunun şüurunda olmaq, yəni ehsan duyğusunu itirməməkdir.
Böyük vəlilərdən biri təfəkkürün növlərindən bəhs edərkən belə deyir:
Təfəkkür 5 növdür:
- Allah-Təalanın yaratdıqlarına baxıb Onun ucalığını düşünmək. Bununla mərifət, yəni Rəbbi tanımaq əldə olunur.
- Allah-Təalanın nemətlərini və ehsanlarını düşünmək. Bununla məhəbbət əldə olunur.
- Allah-Təalanın vəd etdiyi nemət və mükafatları düşünmək. Bununla ibadətlərə qarşı rəğbət və ibadət etmə şövqü əldə olunur.
- Allah-Təalanın əzabını düşünmək. Bu cür təfəkkür edən biri Allaha üsyan etməkdən çəkinər.
- Allah-Təalanın verdiyi nemət və ehsanları ilə yanaşı, nəfsin çirkinliklərini düşünmək. Bununla da keçmiş günahlar xatırlanaraq Rəbbə qarşı həya, utanma hissi yaranar.
Təfəkkür yolu ilə insan dünya həyatını islah etməyi, axirətinə zərər verəcək şeyləri tərk etməyi düşünər. İnsan Allahın nemətlərini, ehsanlarını, əmr və qadağalarını, isim və sifətlərini təfəkkür etdikcə qəlbində məhəbbət və mərifət toxumları cücərər və mənən səviyyə qazanmağa başlayar. Axirəti, onun əbədi olacağını, dünyanın bir imtahan yeri olduğunu və faniliyi düşününcə axirətə rəğbəti artar və dünyaya həddi qədər rəğbət göstərməyə başlayar. Dünya həyatının beşiklə məzar arası bir qaçış məsafəsi olduğunu dərk edər. Ömrün, axirət səadətini qazanmaq üçün verilmiş bir sərmayə olduğu həqiqətini qavrayaraq onu daha səmərəli və bərəkətli keçirə bilməyə can atar. Vaxtı qənimət bilərək xeyir işlər görməkdə və saleh əməllər işləməkdə yarışar.
Təsəvvüfi tərbiyə yolunun əsaslarından olan təfəkkürün nəbəvi bir miras olduğunu unutmamaq, mənəvi kamillik zirvəsində atılacaq mühüm addımlardan olduğunu bilmək və ibadət niyyəti ilə Uca Rəbbimizin yaratdığı möhtəşəm mənzərələri seyr etmək dünyada ən böyük səadətlərdəndir.
ŞƏRHLƏR