Dünya qəzzaya ağlayır!

Dünya qəzzaya ağlayır!

Bu günlərdə dünya gündəminin mərkəzində Qəzza var. 7 oktyabr tarixində Fələstinin Həmas təşkilatı və İsrail arasında başlayan müharibə zamanı hər iki tərəfdən xeyli sayda hərbçi və dinc sakin həlak oldu. Hadisənin əsas səbəbi İsrailin işğal etdiyi Fələstin torpaqları olan İordan çayının qərb sahilində kütləvi şəkildə yəhudi yaşayış məskənləri salması, həmçinin İsrail hərbçiləri və təhlükəsizlik qüvvələri tərəfindən müsəlmanların müqəddəs məkanlarından sayılan əl-Əqsa məscidində insanların ibadətinə maneçilik törədilməsi kimi hallar oldu. Həmasın 7 oktyabrda bu hadisələrə cavab vermək məqsədi ilə başlatdığı “əl-Əqsa Fırtınası əməliyyatı” İsrailin sonrakı gün Qəzza zolağına qarşı “Dəmir Qılınc əməliyyatı” ilə nəticələndi. İsrail Qəzzaya humanitar yolu kəsərək bölgəni havadan bombalamağa başladı. Sonra quru əməliyyatı keçirəcəyini elan etdi. Bütün dünyanın gözü qarşısında İsrail tərəfindən heç bir beynəlxaq hüquq normalarına riayət edilmədən keçirilən əməliyyat zamanı xeyli sayda fələstinli müsəlman qətlə yetirildi.

Qeyd etmək lazımdır ki, keçən il İsrail Knessetinə keçirilən seçkilərdə sionist Likud partiyasının qalib gəlməsi və onun lideri Benyamin Netanyahunun sağçı hökumət təşkil etməsindən sonra bölgədə vəziyyət əhəmiyyətli dərəcədə ağırlaşmışdır. İsraildə sağçı qüvvələrin məqsədi İordan çayının qərb sahilində kütləvi şəkildə yəhudi yaşayış məskənləri salmaq və mümkün olduqca tez bir zamanda Qəzza zolağını işğal edib yaradılmalı olan Fələstin dövlətinin təməlini məhv etməkdir. İsraildəki bugünkü sağçı hökumət bölgədəki “İki dövlətli həll planı”nı qəbul etmir. Bu plan bölgədə İsraillə bərabər paytaxtı Qüds şəhəri olacaq Fələstin dövlətinin də yaradılmasını nəzərdə tutur. Ancaq İsrail, Fələstin torpaqlarında yaradılmasına baxmayaraq, özü Fələstin dövlətinin yaradılmasını qəbul etmək istəmir.

İsraildəki sağçı-sionist Netanyahu hökumətinin məqsədi fələstinlilərin dövlətçilik əzmini qırmaq və xəyalında olduqları “Böyük İsrail dövləti”ni yaratmaqdır. Ancaq İsrail 70 ildən çoxdur ki, fələstinlilərin mübarizə əzmini qıra bilmir. Dünyanın əksər dövlətləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Fələstinə bu haqlı mübarizəsində dəstək verir. Güclü müqavimətlə üzləşən İsrail 70 ildir ki, məqsədinə nail ola bilmir. Böyük ehtimalla yenə də buna nail ola bilməyəcək. Bunun ən önəmli səbəbi İsrailin yerləşdiyi Yaxın Şərq bölgəsində güclü blokada təhdidi ilə üz-üzə qalmasıdır. Bölgədə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ kimi ölkələrin başını çəkdiyi ərəb koalisiyası mövcuddur. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qlobal liderliyi ilə dəstəklənən güclü İslam həmrəyliyi fələstinli qardaşlarının yanındadır və Fələstin dövlətinin yaradılması ideyasını ən yüksək səviyyədə dəstəkləyir. Azərbaycan da İslam həmrəyliyinə sadiq qalaraq Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir. Azərbaycan Prezidenti  İlham Əliyev dəfələrlə öz çıxışında  Azərbaycanın rəsmi mövqeyinin paytaxtı Qüds şəhəri olmaqla Fələstin dövlətinin yaradılmasından ibarət olduğunu və bölgədəki sülhün yalnız “İki dövlətli həll planı”nın həyata keçməsi ilə mümkün olacağını bildirmişdir. 18 oktyabrda Ciddədə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bir daha Azərbaycanın rəsmi mövqeyini dünya birliyinə çatdırmış, Azərbaycanın Fələstin dövləti ideyasını dəstəklədiyini və İslam həmrəyliyinə sadiq qaldığını bəyan etmişdir.                   

 

POLŞA SEÇKİLƏRİNDƏ ERMƏNİPƏRƏST PARTİYA QALİB GƏLƏCƏKMİ?

Bütün dünyanın diqqətlə izlədiyi əsas hadisələrdən biri də Polşada 15 oktyabrda keçirilən kritik Parlament seçkiləri idi. Seçkilərdə əsas mübarizə hazırda iqtidarda olan Yaroslav Kaçinskinin liderliyindəki mühafizəkar Hüquq və Ədalət Partiyası və Avropa İttifaqının keçmiş prezidenti Donald Tuskun liderliyindəki neoliberal, LGBT dəstəkli Vətəndaş Platforması Partiyası arasında gedirdi. Partiyalar arasındakı fikir ayrılıqları çoxdur. Məsələn, Hüquq və Ədalət Partiyası öz hakimiyyəti dövründə abortu qadağan edən qanun qəbul edib. Kaçiniski çıxışında Polşada nikahdankənar cinsi münasibəti qəbul etmədiklərini bildirib. Bu qanunun qəbulunda əsas səbəbin məhz nikahdankənar münasibətin qarşısını almaq olduğu bildirilir. Ancaq Vətəndaş Platforması Partiyası bu qanunun əleyhinə çıxır və evlilikdənkənar cinsi münasibətin azadlıq əlaməti olduğunu irəli sürərək bunu qəbul edir.

Bundan başqa, HƏP Avropa Birliyi ilə əlaqələrin zəiflədilməsinin tərəfdarıdır. Kaçinski hesab edir ki, ittifaqın Polşanın daxili işlərinə davamlı müdaxiləsi yolverilməzdir. Polşa öz tarixi ənənələri olan dövlət olaraq öz  inkişaf  yolu ilə getməlidir. Partiyaların ortaq mövqeyi yalnız NATO ilə bağlıdır. Hər ikisi Polşanın təhlükəsizliyi üçün NATO-nu əsas hesab edirlər. Seçkilərin ən qalmaqallı siması isə müsəlmanlara qarşı sərt mövqeyi ilə seçilən, çıxışlarında davamlı şəkildə Azərbaycanı və Türkiyəni tənqid edən qatı ermənipərəst, antimiqrant Konfederasiyaçılar Partiyasının lideri Kristof Boşak idi. Seçkilərdə ilk yeri 36,6 faiz səslə Hüquq və Ədalət Partiyası tutsa da, təkbaşına hökuməti qurmaq üçün lazım olan səsi toplaya bilmədi. Polşada hazırda koalisiya hökuməti qurmaq üçün partiyalar arasında siyasi bazarlıqlar davam edir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz