Təfəkkürün Qədərsən

Təfəkkürün Qədərsən

Allahın insan oğluna bəxş etdiyi əvəzsiz nemətlərdən biri də təfəkkür və düşünməkdir. İnsan düşünən varlıqdır. Bir çox əməlimizdən fərqli olaraq təfəkkür elə bir əməldir ki, onu eyni anda başqa davranışlarımızla birlikdə həyata keçirmək mümkündür. Bir insan yolda gedərkən, maşın sürərkən, işləyərkən, kitab oxuyarkən, hər hansı bir şeyə qulaq asarkən eyni zamanda təfəkkür edə, düşüncələrə dala bilər. Düşünmək insanın yaşadığı, nəfəs alıb-verdiyi hər bir anda gerçəkləşən mühüm bir hadisədir, yetər ki, oyaq olsun. Gözümüzün, qulağımızın müəyyən görmə və eşitmə sərhədi var, lakin düşüncə və xəyal dünyamız daha geniş, ucsuz-bucaqsızdır. Hürriyyətimiz, böyüklüyümüz təfəkkürümüz ölçüsündədir. Təfəkkür dünyamızın zənginliyi kamilliyimizin göstəricisidir. Şərqin dahi Mövlanası boş yerə demirdi:

“Ey qardaş!

Sən təfəkkürlə həyat tapmalısan.

Əgər təfəkkürün güldürsə, deməli, gül bağçasındasan.

Təfəkkürün tikandırsa, deməli, qazanxanada yanan kötükdən bir fərqin yoxdur”.  

Bəli, hər şey düşüncə ilə başlayır, qurulan və yıxılan nə varsa, öncə təfəkkür dünyasında qurulur, yaxud yıxılır. Tarix səhifələrini vərəqlədikdə atılan bütün böyük addımların arxasında təfəkkür gerçəyinin yatdığını görmək mümkündür. Kütlələrə istiqamət verən, dünyada mühüm dəyişikliklərə rəhbərlik edən öndərlər hər zaman mütəfəkkirlər olmuşdur. Cəmiyyətin düşüncə və həyat tərzinin, millətlərin mədəniyyətlərinin formalaşmasında fikir adamlarının rolu əvəzsiz olmuşdur.

İlahi vəhy insan üçün təfəkkürün çox mühüm olduğunu bildirir. Bir çox Quran ayələrində Allah-Təala “təfəkkür etməzsinizmi?”, “düşünməzsinizmi?” kimi xəbərdarlıqlarla təfəkkürün əhəmiyyətinə diqqət çəkir. Təfəkkür edən qullarından təriflə bəhs edir. Məsələn, Ali-İmran surəsində: “Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan...”[1] - buyuraraq Allahı yada salan, kainatı təfəkkür edən xas bəndələrini möminlərə nümunə göstərir. Həmçinin İbrahim peyğəmbərin kiçik yaşlarında ikən Aya, ulduza və Günəşə baxaraq düşünməsini və bu yolla Allahın varlığından xəbərdar olmasını misal verərək təfəkkürün peyğəmbər sünnəsi olduğuna işarə edir. 

İslamda təfəkkürün xüsusi yerinə diqqət çəkən Həzrət Peyğəmbər (s.ə.s): “Bir saatlıq təfəkkür bir illik (nafilə) ibadətdən daha xeyirlidir”,[2] - buyuraraq biz ümmətini təfəkkür dünyamızı zənginləşdirməyə səsləyir. Hədis və siyər kitablarında Allah Rəsulunun özünün də şəxsən hələ peyğəmbərlik verilməzdən əvvəl Hira mağarasına çəkilərək təfəkkür iqlimində dərinləşdiyini oxuyuruq. Kamillik yaşı sayılan qırxına qədəm basan o ali şəxsiyyət kainatın sirləri və yaşadığı dövrün gedişatı üzərində dərin düşüncələrə dalaraq bir çox şeyin doğru olmadığını səlim ağılla dərk edirdi. Nəhayət, Uca Rəbbimiz onun təfəkkür dünyasını vəhylə zənginləşdirərək bir peyğəmbər kimi bəşəriyyətə ərməğan etdi. Qurani-Kərim adlandırdığımız bu vəhyin özü isə başlı-başına bir təfəkkür təlimindən ibarətdir. İlk ayəsində insana öz yaradılışını düşünərək oxumağı əmr edən Qurani-Kərim bəşər övladını kövni (yaradılmışla bağlı) və qövli (sözlü)  təfəkkürə sövq edir.

Rəbbimiz biz bəndələri üçün hər gün, hər saat, hər an təfəkkür süfrəsi açır. Ətrafımızda gördüyümüz hər bir varlığa – bitkisindən həşəratına, mikrodan makroya, gözlə görülməyən hüceyrədən nəhəng ulduzlara baxaraq təfəkkür etməmizi istəyir. Ətrafımızdakılarla yanaşı, daxili dünyamızdakı qüsursuz nizam-intizama, yaradılış xariqəsinə baxaraq haradan gəlib, hara getdiyimizi, Yaradanın misilsiz əzəmətini dərk etməmizi arzu edir. Fussilət surəsində: “Biz (varlığımızı və qüdrətimizi göstərən) dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun (Quranın) haqq olduğu onlara aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?”[3] - buyuraraq insan oğlunu üfüqlərdə seyr etdiyi ilə öz nəfsində seyr etdikləri üzərində təfəkkürə dəvət edir. Beləcə, kövni təfəkkürlə yaradılışın sirlərindən az da olsa agah olub Yaradanı tanımamızı və Ona qarşı ədəblə qulluq etməmizi murad edir. Digər tərəfdən, kövni ayələrlə yanaşı, qövli ayələrini, yəni ilahi vəhylə Peyğəmbərinə nazil etdiyi Qurani-Kərimi təfəkkür etməmizi istəyir. Əslində hər iki təfəkkürü bir-birindən ayrılmaz bütün olaraq ələ alsaq, görərik ki, kövni ayələr qövli ayələrə, qövli ayələr də kövni ayələrə təşviq edir. Yəni Quran oxuyanlar kainatın sirlərinə vaqif olmaq üçün məxluqatı təfəkkürdə dərinləşdikləri kimi, kainatı təfəkkür edənlər də Qurana sarılaraq onun əvəzsiz məna iqlimindən doymurlar. Beləcə, hər ikisi bir-birini bəsləyən təfəkkür mənzuməsi olaraq insanın ixtiyarına verilmiş ilahi nemət: Quran və kainat...       

[1] Ali-İmran, 191

[2] Süyuti, Camius-Sağir, II/127

[3] əl-Fussilət, 53

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz