Qarabağ qələbəsi yuxu və reallıq kontekstində

Qarabağ qələbəsi yuxu və reallıq kontekstində

Yazı üçün bu adın seçilməsi təsadüfi deyil... Mühazirə oxuduğum tələbələrə bu yaxınlarda dedim ki, aid olduğum nəsil otuz ilə yaxın məğlubiyyət travması ilə yaşamış, nəhayət, Ermənistanın işğal etdiyi torpaqların azad olunmasına şahidlik edən nəsildir, siz isə o travma haqda elə təxminən mən yaşda olan valideynlərinizdən eşitmiş, amma o ağrını sadəcə kitablardan, filmlərdən görmüş bir nəslin nümayəndələrisiniz.

Məqalə başlığındakı “yuxu” sözünə gəldikdə isə... 44 günlük Qarabağ savaşında mən elə bilirdim, Dağlıq Qarabağ ətrafında beş rayon azad edildikdən sonra Rusiya və Qərbin təzyiqi ilə hərbi əməliyyatlar dayandırılacaq və yenidən illərlə uzanacaq mənasız danışıqlara start veriləcək. Düzü, Vətən müharibəsində Hadrut, Şuşa, Xocavənd və Xocalının kəndlərinin azad ediləcəyi yatsam yuxuma girməzdi. Nəhayət, bu ilin 19 sentyabrında 23 saat 44 dəqiqə ərzində keçirilən anti-terror əməliyyatı nəticəsində qondarma Dağlıq Qarabağ Respublikası tariximizin qara arxivinə göndərildi. Və bu günlərdə (15 oktyabr) Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızı qaldırdı. Belə bir şeyin olacağını, yenə dediyim kimi, yuxuda görəcəyimi təsəvvürümə gətirmirdim.

Nə isə, hisslərdən keçək reallığa. Azərbaycanın son üç ildə əldə etdiyi ən böyük uğurlardan başlıcası ərazi bütövlüyünü tam təmin etmək idisə, digəri bu prosesi qısa zaman müddətində sona çatdırması oldu. Başda Prezident İ. Əliyev olmaqla Azərbaycan diplomatiyasının əldə etdiyi ən böyük uğur Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə ölkəmizin 86,6 min kvadrat kilometrlik ərazisini tanıması oldu. Məhz bundan sonra Azərbaycan bir gün ərzində Dağlıq Qarabağda yaşayan erməni əhalisi arasında ciddi itkiyə yol vermədən əməliyyat keçirib ərazi bütövlüyünü bərpa edə bildi.

Haşiyə. Hazırda Qəzzada baş verən insan faciəsini izləyəndə, Allaha ürəkdən şükür edirsən ki, Dağlıq Qarabağda keçirilən hərbi əməliyyatlarda dinc əhali arasında kütləvi qırğınlara yol verilmədi.

Açığı, 2020-ci il noyabrın 8-də artıq Azərbaycanın ordu birləşmələrinin Xankəndinə, Xocavənd rayonunda yerləşən Qırmızı Bazar qəsəbəsinə daxil olması ərəfəsində Rusiyanın vasitəçiliyi ilə atəşkəsin imzalanmasından sonra belə bir təəssürat yaranmışdı: Azərbaycan yenə də tam qələbəyə nail olmadı və biz növbəti illərdə yenə dondurulmuş münaqişə ilə üz-üzə qaldıq. Dağlıq Qarabağı özünə “ağır yük” bilən Ermənistan dövlətinin rəhbərliyi, elə cəmiyyətin özü də nəhayət anladı ki, problemin çözülməsi Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçir. Eyni zamanda rəsmi Bakı adekvat olaraq Ermənistanı 1991-ci ildə yaranmış və beynəlxalq hüququn subyekti kimi tanınan əraziləri ilə bir yerdə tanımaqla sülh prosesinə sadiq olduğunu göstərdi.

Düzdür, biz yenə istər ayrı-ayrı Qərb dövlətləri (Fransa, ABŞ, Niderland) və qurumlarının (Avropa Şurası, Avropa İttifaqı) münaqişə ilə bağlı qərəzli və cığal mövqelərinə rast gəlməkdəyik. Obyektivlik naminə və təfərrüata varmadan onların yanaşmasında iki müsbət məqamı xüsusi qeyd etmək lazımdır. Birincisi,  üç il ərzində Qərb Azərbaycanı əsassız olaraq nə qədər tənqid etsə də, sonda enerji faktoru səbəbindən ölkəmizə qarşı nə siyasi, nə də iqtisadi sanksiyalar qəbul etdi. İkincisi, Qərb Paşinyanı Azərbaycanın ərazi bütövlüyünə inandıra bildi, eləcə də Avropa Şurası Parlament Assambleyasının bu yaxınlarda qəbul etdiyi qətnamədə tərəflərin bir-birilərinin ərazi bütövlüyünü tanımalarının vacibliyi öz əksini tapdı.

Hətta ən pis ssenarini (sanksiyalar nəzərdə tutulur) təsəvvürümüzə gətirsək belə, Azərbaycanın bu təzyiqlərə qarşı müqavimət göstərəcəyinə inanırıq. Ən əsası, bundan sonra ölkə diplomatiyasının “Dağlıq Qarabağın statusu” kimi problem ilə üzləşməyəcəyini söyləyə bilərik.

Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və Zəngəzur kommunikasiya xətlərinin açılması, digərləri isə Qarabağda görülən və görüləcək yenidənqurma və bərpa işləridir. Məlum olduğu kimi, Azərbaycan hökumətinin əsas prioritetlərindən biri Dağlıq Qarabağı yeni turizm məkanına çevirməkdir. Son sadaladıqlarımız isə artıq yuxu yox, təsəvvür və reallıqlar çərçivəsinə sığan məsələlərdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz