Bir Hədis
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: ... فَمَنْ رَغِبَ عَنْ سُنَّتِي فَلَيْسَ مِنِّي
Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Kim mənim sünnəmdən üz çevirərsə, məndən deyildir". (Buxari, Nikah, 1)
Bir gün üç nəfər səhabə Rəsulullahın (s.ə.s) xanımlarının yanına gələrək, onun tək olduğu zamanlarda etdiyi ibadətlər haqqında soruşdular. Allah Rəsulunun (s.ə.s) xanımları Rəsulullahın (s.ə.s) gündəlik ibadətləri haqqında məlumat verincə onlar Allah Rəsulunun (s.ə.s) etdiyi ibadətlərin az olduğunu düşünərək: "Biz hara, Rəsulullah (s.ə.s) hara! Allah onun bütün günahlarını bağışlayıb (Buna görə də etdiyi ibadətlər onun üçün kifayət edir)", - dedilər. Onlardan biri: "Mən bundan sonra bütün gecələri ibadətlə keçirəcəyəm", ikincisi: "Mən bundan sonra bütün ili oruc tutacağam", üçüncüsü isə: "Mən qadınlardan uzaq duracağam və heç vaxt evlənməyəcəyəm", - deyərək qərar verdilər. Onların bu dedikləri Rəsulullaha (s.ə.s) çatdığı zaman Allah Rəsulu (s.ə.s) belə buyurdu: "Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınızam. Lakin mən bəzən oruc tuturam, bəzən tutmuram, gecənin bir hissəsini namaz qılıram, bir hissəsini qılmıram, qadınlarla da evlənirəm". Bundan sonra isə: "Kim mənim sünnəmdən üz çevirərsə, məndən deyildir!" - buyurdu.
Bu hədis bizə İslami bir həyatın necə tənzimlənməsi lazım gəldiyini açıqlamaqdadır. Peyğəmbərimizin (s.ə.s) bu sözləri Allahın razılığını qazanmağın insanı pərişan edəcək dərəcədə ibadət etmək, yaxud dünyanın hər cür nemətindən əl çəkib özünə əziyyət verən, həddi aşan davranışlarla deyil, ancaq Allah Rəsulunu (s.ə.s) rəhbər seçib onun sünnəsinə möhkəm bağlanmaqla mümkün ola biləcəyini göstərir. Abdullah ibn Məsud bu barədə belə demişdir: "Sünnəyə görə ibadətlərdə orta yolu tutmaq sünnə olmayan məsələlərdə bütün gücü ilə çalışmaqdan daha xeyirlidir". (Darimi, Müqəddimə, 23)
Həzrət Peyğəmbərin (s.ə.s) peyğəmbərlik vəzifəsi təkcə vəhyi nəql etməkdən ibarət deyildi. O, Rəbbindən aldığı vəhy istiqamətində inanc, ibadət və əxlaqi dəyərlər başda olmaqla gündəlik həyatın bütün sahələrində İslamı başa salaraq, izah edərək və yaşayaraq müsəlmanlara nümunəvi bir həyat nümayiş etdirmişdir. Hədisi-şərifdə Rəsulullahın (s.ə.s) "sünnəm" ifadəsi ilə nəzərdə tutduğu da onun nümayiş etdirdiyi bu nümunəvi həyat tərzi və rəhbərlik idi. Bu həyat tərzinin içinə onun sözləri, davranışları və təsdiq etdikləri də daxildir.
Nəticə olaraq, hər bir müsəlmanın başda ibadətlər olmaqla bütün hal və hərəkətlərini Allah Rəsulunun sünnəsinə uyğun olaraq tənzimləməsi lazımdır. Çünki hər zaman olduğu kimi, bu gün də yoldan azmağa, pozulmağa qarşı İslam ümmətini qoruyan əsas amil sünnəyə sarılmaqdır.
ŞƏRHLƏR