Hiss Edən Qardaşlıq
Uca Xaliqimiz tövhid kəlməsini qəlbi ilə təsdiqləyərək söyləyən hər kəsin bir-biri ilə qardaş olduğunu bildirir. Bu qardaşlığın qan qardaşlığından fərqi ondan ibarətdir ki, bunda rəng, irq, rütbə fərqi yoxdur. Hətta qardaş olanlara müəyyən öhdəliklər yüklənir. Bu öhdəliklər ixtiyari deyil, məcburidir. Yəni müsəlman heç bir şəkildə müsəlman qardaşına qarşı bu öhdəliklərdən boyun qaçıra bilməz. Hz. Peyğəmbərimizin (s.ə.s) ifadələrində bu həqiqət “Özü üçün istədiyini müsəlman qardaşı üçün istəməyən həqiqi müsəlman sayılmaz” (Buxari, İman, 7) şəklində tərənnüm edilmişdir. Hədisin məğzinin dərk edildiyi və tətbiq edildiyi “qardaşlıq” cəmiyyətində heç bir haqsızlıq olmaz.
Hz. Peyğəmbərin (s.ə.s) Mədinəyə hicrət etdiyi zaman Mühacir və Ənsar arasında təsis etdiyi ilk anlayış “üxuvvə”, yəni qardaşlıq anlayışı olmuşdur. Məhz bu anlayış sayəsində cahiliyyə cəmiyyəti səadət və rifah toplumuna çevrilmiş, çoxsaylı fəthlərə qapı açılmışdır.
Günümüzdə qardaşlıq anlayışına hər şeydən çox ehtiyac var. Nəinki eyni cəmiyyətdə yaşayanlar, hətta eyni məsciddə birlikdə namaz qılanlar arasında belə müəyyən təfriqələr, həsəd və gizli düşmənçiliklər mövcuddur. Əfsuslar olsun ki, bu hal müsəlmanlar arasında laqeydliyə, qardaşlıq anlayışından uzaqlaşmağa ciddi şəkildə təkan vermişdir. Müsəlmanlar arasındakı qardaşlıq bağlarının hansı gücə, nələrə malik olduğunu anlayan şər qüvvələr də məhz bu bağımızı qoparmaq və zədələmək üçün əllərindən gələni əsirgəmirlər.
İslam qardaşlığı güclü və müqəddəs bağ olmaqla yanaşı, eyni zamanda məsuliyyətdir. Hz. Peyğəmbər (s.ə.s) bu məsuliyyəti bir hədisində necə də gözəl ifadə etmişdir: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, xəyanət etməz. Onu müsibətləri ilə baş-başa qoymaz, yardımı tərk etməz. Müsəlman din qardaşına kömək etdiyi müddətdə Allah da ona kömək edər. Kim bir müsəlman qardaşının dünya müşkülünü həll edərsə, Allah da qiyamət günü onun sıxıntısını aradan qaldırar. Kim müsəlman qardaşının ayıbını örtərsə, Allah da axirət günü onun ayıblarını örtər”. (Buxari, Məzalim, 3; Müslim, Birr, 32)
Hədisdən də gördüyümüz kimi, dünyada müsəlman qardaşlığına riayət etmək axirət sərmayəsidir. Deməli, həqiqi müsəlman qardaşlar bir-birinə nəinki əli və yaxud dili ilə zərər verə bilər, əksinə, onların ayıblarını, qüsurlarını örtmək üçün əlindən gələni etməlidir. Məhz bu duyğularla təsis edilən qardaşlıq müəssisəsində bütün müsəlmanlar bir vücud kimi olacaqdır. Hz. Peyğəmbərimizin (s.ə.s) də ifadə etdiyi kimi: “Müsəlmanlar bir-birilərini sevmək və sahib çıxmaqda yek bir vücud kimidir. Necə ki, bədənin bir hissəsi narahat olarsa, bütün vücud ona reaksiya verər, müsəlmanlardan da əziyyət çəkən varsa, digərləri bu acını hiss etməlidir” . (Buxari, Ədəb, 27)
Hədis biz müsəlmanlara deyir ki, əgər dünyada hər hansı coğrafiyada müsəlman qardaşlarına haqsızlıq edilirsə, əziyyət verilirsə, sənin buna laqeyd qalmağın qəbuledilməzdir. Çünki biz müsəlmanlar binanın divarları kimi bir-birimizə bağlı olmalıyıq. Dünyanın hər hansı bir yerində müsəlman qardaşımın üzünə atılan şillənin acısını mən üzümdə hiss etməliyəm. Əgər belə olmazsa, tarix boyunca müsəlmanların düşmənləri olan şər qüvvələr həm bizimlə istehza edəcək, həm də parçalayaraq ömür boyu kölə kimi istifadə edəcəklər. Sərvətlərimizi mənimsəyəcək, kimliyimizi ayaqları altında tapdalayacaqlar.
Müsəlman coğrafiyasındakı haqsızlığa din qardaşlığı pəncərəsindən baxmağa çalışmaq lazımdır. Əgər məsələyə başqa perspektivlər qarışarsa, məsələnin rəngi dəyişəcəkdir. Bunu da unutmayaq ki, İslam dini bütün insanlara ədalətlə davranmağı, ədalətlə yanaşmağı əmr edir. İslamın insanlara bəxş etdiyi və qazandırdığı tolerantlıq və sevgi anlayışı heç bir dində yoxdur. Biz yaradılanı yaradana görə sevən bir mədəniyyətin davamçılarıyıq.
Əgər biz yenidən İslamın ən önəmli dəyərlərindən biri olan qardaşlıq anlayışını yenidən məqsədinə müvafiq təsis etsək, yenə dünyada ən güclü cəmiyyət, ən rəğbət edilən mədəniyyət, ən sevilən insanlar olacağıq.
Həqiqi qardaşlığın bir təzahürünü də Mövlana Cəlaləddin Rumiyə müəllimi Şəms Təbrizi tərəfindən verilən, könlünə həkk edilən tövsiyəsində görürük. Şəms deyir ki: “Ey Cəlaləddin! Bir nəfər belə dünyada üşüyən varsa, sənin isinməyə haqqın yoxdur”. Mövlana da belə deyir: “Dünyada üşüyənlərin olduğunu bildiyimə görə mən artıq isinə bilmirəm”.
Bütün insanlıqdan məsul tutulan mədəniyyətin daşıyıcıları olan biz dünyada edilən zülmə səssiz qalmamalıyıq. Bu, əqidə borcumuzdur. Haqsız şəhid edilən, əziyyət verilən qardaşlarımızın acısını hiss etmək bizim mənliyimizdir. Hz. Peyğəmbərin (s.ə.s) tövsiyə etdiyi kimi, haqsızlığa var gücümüzlə, əlimizlə, dilimizlə, qəlbimizlə qarşı çıxmalı, mübarizə aparmalıyıq. Qardaşlıq bağlarımıza sahib çıxmalıyıq.
ŞƏRHLƏR