Şəhid əsgər
Zəfər döyüşünə əmr verildi,
Aldı bayrağını əlinə əsgər.
Silib xəyalından istəklərini,
Çaldı bismillahı dilinə əsgər.
Çağırır əsgəri ana vətəni,
Öpdü gözlərindən anası onun.
Əsgər də öpərək ana əlini,
Dedi, mən gedirəm, Vətən sağ olsun!
İsti göz yaşları süzüldü gözdən,
Fəxrlə baxarkən ana oğluna.
Dedi, muğayat ol, oğul, özündən,
Mən qurban olaram, sənin boyuna.
Əsgər dost-tanışla görüşdü, bir-bir,
Hər kəs ürək-dirək verirdi ona.
Əsgər bunlara çox vermədən fikir,
Baxırdı, göz altdan ona baxana.
Nəhayət, vaxt gəldi, əsgər yol aldı.
Başladı haqq üçün zəfər yürüşü.
Əsgərdən geriyə xatirə qaldı,
O məğrur baxışı, o şux yerişi.
Əsgər neçə-neçə döyüşlər gördü.
Əlində silahı, cibində bayraq.
İrəli getdikcə o da görürdü,
Bu zəfər, əlbəttə, bizim olacaq.
Düşmən qaniçəndi, düşmən xaindi,
Hər tində bir tələ, pusqu qururdu.
Hücumu saxlamaq olmazdı indi,
Zəfərə gedirdi yenilməz ordu.
İgidlər, ürəkli, polad biləkli,
Ölümü qabağa qatıb qovdular.
O qartal baxışlı, aslan ürəkli,
İgidlər ölümü atıb sovdular.
Güllə yağışında, atəş altında,
İrəli gedirdi, igid əsgər də.
Şəhadət yazılıb təmiz alnında,
Dayana bilməzdi qalıb səngərdə.
Bayrağı sancmağa aparmışdı o,
Şuşanın ən yüksək dağ zirvəsinə.
Necə bir saf arzu daşımışdı o,
Yüksəldi vətənin ağ zirvəsinə.
Sarıldı bayrağa o şəhid əsgər,
Üzündə razılıq, gülüş sevinci.
Ona kəfən imiş o bayraq məgər,
Bayrağa sarılıb oldu bir inci.
Şəhidlər duymazlar ölüm sancısın,
Gülərək keçərlər şəhid taxtına.
Deyərlər, a dostlar, siz də tələsin,
Az qalıb, döyüşün bitmə vaxtına.
Şəhidlər peyğəmbər yaranlarıdır,
Mələklər heyrandır o mərtəbəyə.
Onlar haqq yolunda can qoyanlardır,
Hansı can yüksələr belə zirvəyə?!
Şəhid ruzisini rəbbindən alar,
Əbədi yaşayar; şəhidlər ölməz!
Onlardan geriyə əmanət qalar,
Vətən boyun bükməz, Vətən bölünməz!
Şəhid qəbri üstə dayanıb ana,
Könlündə bir həsrət, bir intizar var.
Dərdini danışır, ana, oğluna,
Görəsən, nə zaman ona qovuşar?
Üçrəngli bayrağın kölgəsindədir,
Üstü güllər dolu şəhid məzarı.
Gülləri görəndə ana qəmlənir,
Bəllidir, gətirib, az əvvəl yarı.
Danışır oğluna olan-bitəni,
Ondan sonra nələr dəyişdi, nələr...
Deyir, bir görəydin, gözəl vətəni,
İndi hər tərəfdə açıb lalələr.
Deyir, çatdır, şəhid qardaşlarına,
Qalmadı yerlərdə sizin qanınız.
Müjdə ver, cənnətdə, yoldaşlarına,
Alındı büsbütün intiqamınız.
Xocalı qatili, neçə canilər,
Gördülər gücünü dəmir yumruğun.
Əlləri qandallı gətirildilər.
Bükdülər millətin önündə boyun.
Müjdə ver, Vətənin hər bir qarışı,
Düşmən tapdağından azad edilib.
Bir gün dilləndirən, bu çağırışı,
Ali Baş Komandan məruzə edib.
Sancıb Xankəndiyə şanlı bayrağı,
Ali Baş Komandan verdi müjdəni.
Söndürdü düşmənə yanan çırağı,
Günəşə qərq etdi bütün ölkəni.
Sən şəhid taxtında uyu, a balam,
Doğma torpağının qucağındasan.
Sənə mələklərlə göndərdim salam,
Bilirəm, peyğəmbər ocağındasan.
ŞƏRHLƏR