Ölümü Təfəkkür

Ölümü Təfəkkür

İnsan oğlu tanımadıqlarının yanında və məlumatı olmadığı yerə getdiyi anda utancaq olur, ürkəklik və qorxu hisslərinə qapılır. Bu hissdən uzaq ola bilmək üçün ya tanıdığı kimsələrlə görüşmək istəyər ki, qəlbi sakitləşsin, ya da məkan haqqında məlumatı olmalıdır ki, özünü rahat hiss etsin. Bəzi hallarda fiziki olaraq buna imkan olmasa da, əvvəlcədən məlumat alaraq fikri yöndən özünü hazırlamaq mümkündür.

İnsanın çəkindiyi, qorxu duyduğu hallardan biri də ölüm halıdır. Ölüm deyilən bu müəmma bir çox insan üçün bilinməz, qorxu dolu macəra, bəzilərinə görə isə yox oluş, dünya məşəqqətindən qurtuluşdur. 

 İnsan oğluna bəxş edilən təfəkkürün ən dərini, ən hüznlüsü və ən ibrətlisi ölümü təfəkkür etməkdir. Məlum məsələdir ki, Quranın və hədislərin ölüm və sonrası haqqında verdiyi məlumatlar bilmədiyimiz, görmədiyimiz aləmlər haqqında təskinlik, qaranlıq yolumuza bir çıraqdır. Bilinməyən bu aləm haqqında Quran və hədislər xaricində alacağımız məlumatlar, onsuz da, bir həqiqətdən daha çox bu haqda təfəkkürün məhsulu olacaqdır. Yəni ölümün əlimizdə olan yeganə yol xəritəsi şahid olduğumuz cənazə dəfnləri, sonrası haqqında isə Allah və Rəsulunun vermiş olduğu məlumatlardır.

Təkbaşına çıxılan və hər kəsi çox düşündürən bu müəmmalı yolçuluq xatırlandığı zaman necə də hüznlü və ibrətlidir! Ənbiya surəsinin 35-ci ayəsində yer alan “Hər canlı ölümü dadacaqdır!” bəyanına təslim olmamaq əldə deyil. Öləcəyimiz məlumdur, lakin necə? harada? nə halda? nə vaxt? sualları bilinməyən bir ölçü, ürküdücü bir həqiqətdir. Ölümün yaxalayacağı an hər kəsin marağında olmasına baxmayaraq, kimsə onun bilinməsini də istəməz. Mütərrif ibn Abdullah: Əgər əcəlimin nə vaxt olduğunu bilsəydim, ağlımı itirməkdən qorxardım. Allah ölümdən qafil olmağı qullarına nemət olaraq bəxş etmişdir. Əgər qəflət olmasaydı, qullar heç bir dünyalıqdan ləzzət almaz, bazarlar qurmazdılar”, - buyuraraq, ölümün əvvəldən bilinməsinin necə bir fəlakət olduğunu söyləmişdir. (İhya-u Ulumiddin, cild 4, s.796)

On il sonra öləcəyini bilən kimsənin, on il boyunca bir ölüdən fərqi olmayacağı məlum bir həqiqətdir. Amma keyfiyyəti bilinməyən bir ölümə qarşı hazır olmaq, onu öncədən düşünüb təfəkkür etmək, ona hazırlaşmaq ən ağıllı kimsələrin əməllərindəndir. İnsanın yaşama üfüqü geniş olarsa, ölüm üfüqü də geniş olar. Zülmə tərəfdar olanın ölümü çətin, xeyirlərə açar olanın ölümü isə hüzur dolu olacaqdır. Onsuz da öləcəyimizi bildiyimizə görə, ölümün şərəflisinə sahib olmağa çalışmaq daha məntiqlidir. Ondan qaçmaqdansa, onu düşünərək hazırlaşmaq qorxunu yox edə bilən bir ehtiyacdır.

Öldüyünü düşünmək Peyğəmbərimizin çox əhəmiyyət verdiyi tövsiyələrdəndir. Hədislərdən birində belə buyurulur: “Bütün zövqləri bıçaq kimi kəsən ölümü çox xatırlayın!”. (Tirmizi, Zöhd, 4) Ölümü çox xatırlamaq dedikdə onun haqqında təkcə dildə bəhs etmək, tez-tez ölüm haqqında danışmaq yox, həqiqi, dəruni düşüncələrdən söhbət gedir. Dəfn mərasimlərində meyit önlərində kəfən içində yatmış ikən, yaxud qəbiristanlıqda qəbir başlarında danışıb-gülən, ibrət almaqdan qafil olan çox insana rast gəlmişik. Əsl ölümü xatırlamağın yolu özünü bir ölü olaraq düşünə bilməkdir. Bir ölü kimi yatağında yatıb, tənəşirə yuyulmaq üçün daşınıb, sağa-sola çevrilərək yuyunub, silinib, kəfənləndiyini təfəkkür etməkdir. Cənazə namazı üçün insanların önündə halallıq istənərək namazının qılınmasını, çiyinlərdə daşınaraq soyuq və dar olan qəbrə yatırılmasını, üstünə torpaq tökülərək məzarında tənha buraxılmasını yad etməkdir.

Bütün sevdiklərinin ölən kimsəni oradaca təkbaşına qoyub gedəcəyini bilmək, anlamaq və bir gün unudulacağını yaddan çıxartmamaq, həqiqətən, dünya zövqlərinin bıçaq kimi kəsilməsinə vəsilədir. Əhməd ibn Hərb deyir ki: “Yatağını yumşaldaraq yatmaq üçün yatağına diqqət göstərən birinə yer heyrətlə bağırar: “Ey Adəm oğlu, niyə çürüyəcəyini xatırlamırsan? Halbuki səninlə aramda heç bir döşək qalmayacaq!” (İhya-u Ulumiddin, cild 4, s.862)

Bilinməlidir ki, yaşayan birinin zay etdiyi anlardan çox az bir hissəsi ölmüş birinə bəxş edilmiş olsaydı, bu onun üçün dünya və üzərindəkilərin hər birindən xeyirli, sevincli və həyəcanlı olardı. Salehlərdən biri vəfat edən övladının qəbri başında belə deyərmiş: “Kaş ki bilsəydim, səndən nə soruşuldu və sən nə cavab verdin?!”

Həzrət Peyğəmbərin (s.ə.s) Əbu Zərə (r.a) belə dediyi rəvayət olunur: “Qəbirləri ziyarət et, onlarla axirəti xatırla! Ölüləri yu, çünki ruhdan geri qalan cəsədi yumaq dərin bir moizədir. Cənazələrə namaz qıl, bəlkə, bu sənin qəlbini məhzun edər; şübhəsiz ki, hüznlülər Allahın kölgəsindədirlər...” (İbn Əbi Dünya)

Ölümü xatırlamaqla insan həyatını nizam-intizama salaraq yaşamağa başlayar, dünyaya lazımından çox qiymət verməz, şan-şöhrət üçün çabalamaz, başqasına qarşı təkəbbürlənməz, sevdiklərinə dəyər verər və bir gün çürüyərək düşəcəyi halı dərk etdiyi üçün özünü həddi aşacaq dərəcədə bəyənməz. Əsl həyat öləcəyini düşünərək yaşanan həyatdır.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz