Təfsirçi alim Prof.Dr.Ömer Çelik: “Təfəkkür qəlbin təmizlənməsidir”.

Təfsirçi alim Prof.Dr.Ömer Çelik: “Təfəkkür qəlbin təmizlənməsidir”.

Müsahibə

Təfsirçi alim Prof.Dr.Ömer Çelik: “Təfəkkür qəlbin təmizlənməsidir”.

İrfan: Əfəndim, jurnalımızın buaykı sayında təfəkkürü ələ alırıq. Bir müsəlman olaraq təfəkkürü necə başa düşməliyik?

Prof. Dr. Ömer Çelik: “Təfəkkür” kəlməsinin əsli olan “fikir” insan zehninin bir şey barəsində hərəkətə keçirilib işlədilməsidir.[1] Cürcaniyə (v. 816/1413) görə, fikir: “bilinməyəni aydınlaşdırmaq üçün bilinən işləri tərtib etmək, nizamlamaqdır”.[2] Bir şəxsin hər hansı bir işi haqqında, onun keçmişi və gələcəyi barəsində düşünməsini ifadə etmək üçün “fəkkəra fi əmrihi təfəkkəra” deyilmiş və təfəkkürü çox olan şəxs də “raculun fikkir” deyə adlandırılmışdır.[3] Bir şeyə əhəmiyyət verilmədiyi və ya ehtiyac duyulmadığı hallarda isə “la fikra li fi həzə” deyilmişdir.[4] Rağib İsfəhani (v. 502/1108) “fikra” kəlməsi haqqında “Barəsində məlumat əldə etmək üçün bilinməsini istədiyimiz şeyə (məluma) istiqamətləndirilən güc” açıqlamasını etdikdən sonra təfəkkürü də “Məhz bu gücün ağılın gücü, əhatəsi və istedadı (nəzərul-əql) nisbətində hərəkət etdirilməsi” şəklində tərif etməkdədir. Təfəkkür canlılar arasında təkcə insana xas bir xüsusiyyətdir və ancaq surəti qəlbdə təsəvvür edilə bilən şeylər haqqında edilməsi mümkündür. Bu səbəbdən hədisi-şərifdə: “Allahın nemətləri haqqında təfəkkür edin, zatı haqqında deyil!” buyurulmuşdur.[5] Cürcani məşhur “Tərifat” əsərində təfəkkürü “qəlbin bir şeyi dərk etmək üçün əşyanın mənalarını araşdırmasıdır” deyə açıqladıqdan sonra təfəkkürün mahiyyəti və əhəmiyyəti haqqında belə deyir: “Təfəkkür qəlbə onun yaxşılığı, pisliyi, faydası və zərərinə olan şeyləri göstərən işıqdır. Dolayısilə təfəkkürü olmayan bir qəlb qaranlıqda özünü itirmiş kimi olar. Təfəkkür faydalı məlumatların gəlməsi ilə qəlbin təmizlənməsidir. Təfəkkür qəlbin ibrət götürməsini təmin edən bir işıq və həqiqəti təmin edən bir açardır”.[6] Nəticə olaraq deyə bilərik ki, təfəkkür zehnin ağılın gücü və qabiliyyəti nisbətində işlədilməsidir. Burada qəlbin təsəvvür gücü də mühüm yer tutur. Yəni nə mənada işlənirsə işlənsin, təfəkkür əlimizdəki imkanların əşyanın mənasını dərk etmək üçün hərəkətə keçirilməsi, istifadə edilməsidir.   

- Uca kitabımız Quran bir çox yerdə bizi təfəkkürə dəvət edir. Həyatımızda təfəkkürün yeri nə olmalıdır?

- Qurani-Kərim başdan sona bizi təfəkkürə dəvət edir. Enən ilk ayəsində “Yaradan Rəbbinin adıyla oxu!”[7] buyurularaq Rəbbimizi tanıya bilmək üçün onun yaratma sifəti, yəni bu sifətin təcəlli etdiyi saysız məxluqat üzərində dərin bir təfəkkürə dəvət var. Digər ayələr də belədir. Ümumiyyətlə, Qurani-Kərim bizi üç əsas sahədə təfəkkürə dəvət edir:

1) Qurani-Kərimin ayələri,

2) Kainatdakı bütün varlıqlar,

3) İnsanın yaradılışı və sonsuza doğru keçəcəyi mərhələlər.  

İnsan təfəkkür sayəsində digər varlıqlardan ayrılır və üstün olur. Kainatdakı möhtəşəm nizamın ahəngini, məxluqatın yaradılış qayəsini, bütün nemət və gözəllikləri, dünyanın müvəqqəti olduğunu düşünən bir insan qəlbən dərinləşər, kamillik yolunda irəliləyər və Allahın əzəmətini daha yaxşı dərk etməyə başlayar. Bu təfəkkür ən fəzilətli ibadətlərdən biridir. Çünki kainatın hər zərrəsi insanı Allaha yaxınlaşdıracaq qüdrət axışları ilə dolu bir məna ümmanıdır. Təfəkkür əhli üçün bu, bitməz-tükənməz bir xəzinədir. Şair necə də gözəl deyir:

Bir kitabullahi-əzəmdir sərasər kainat,

Hangi hərfi yoxlasan, mənası həp Allah çıxar.

“Kainat başdan-başa Allahın ən böyük kitabıdır. Bu böyük kitabın hansı hərfini oxusan, görərsən ki, hamısının mənası Allahdır. Kainatın hansı zərrəsini təfəkkür etsən, səni Allaha aparar”.

Peyğəmbərimizin (s.ə.s) ilk ibadəti də təfəkkür idi. Hira mağarasında Allahın əzəmətini və nemətlərinin gözəlliyini təfəkkür edərək məna aləminə dalar, qəlbi xüşu və təzimlə dolardı. Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

“Rəbbim mənə:

- Gizli və aşkar hər bir halda ondan qorxmağımı,

- Qəzəb və riza halında ədalətlə hökm etməyimi,

- Kasıblıqda və zənginlikdə qənaətcil olmağımı,

- Mənimlə əlaqəsini kəsənə sileyi-rəhm etməyimi,

- Məni məhrum edənə verməyimi,

- Mənə zülm edəni əfv etməyimi,

- Susmağımın təfəkkür olmasını,

- Danışığımın zikr olmasını,

- Baxışımın ibrət olmasını və

- Mərufu əmr etməyimi tövsiyə etdi”.[8]

Qurani-Kərimdə Allahın keçmişdə bəzi qövmləri necə yüksəldib, bəzilərini necə alçaltdığını təfəkkür etməyimiz əmr edilir.[9] Əvvəlki qövmlərin həlak səbəblərini düşünmək nəfsin dünyadan soyuyub uzaqlaşmasını, dünya həyatını sahmana salmasını və günahlardan çəkinməsini təmin edər. Haqq-Təala buyurur: Onlar öz-özlərinə Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir. Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox abadlaşdırırdılar. Onların peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi. Əksinə, onlar özlərinə zülm edirdilər”.[10]

- Təfəkkür bizim həyatımıza necə təsir etməlidir?

- Təfəkkür qulluq həyatımızın kamilləşməsində, dərinləşib gözəlləşməsində mühüm yer tutur. Təfəkkür Allaha xüşu və xəşyət ilə təvəkkül edib təslimiyyət göstərmək, fani şeylərdən əlaqəni kəsib qəlbən Ona yönəlmək, bəşəri rəzalətlərdən qurtulmaq, nəfsi dünya həyatının təsir və izlərindən qoruyaraq ona bel bağlamasını əngəlləmək kimi gözəl və mühüm vəsflərin qazanılmasında ən təsirli yoldur. Allahın əzəmətini təfəkkür edən insan Onun böyüklüyü qarşısında qəflətdən qurtular və imanı möhkəmlənər. Təhqiqi iman ancaq təfəkkür ilə əldə edilə bilər.

Hind bin Əbi Halə (r.a) Peyğəmbərimizi  anladarkən belə deyir:

“Nəbiyyi-zişan əfəndimiz daim hüznlü və düşüncəli idi. Heç vaxt rahatlıq axtarmazdı. Lazımsız yerə danışmazdı. Sükutu danışmağından daha çox çəkərdi. Sözə başlayanda da, sözünü bitirəndə də hər daim Allahın adını anardı...”[11]

Yusuf Həmədani həzrətləri möminin hər hərəkətini təfəkkürlə etməli olduğunu belə dilə gətirir: “İnsanda imani təfəkkür meydana gəldiyi zaman İslami davranışlar da onun arxasınca gələr. Bu ikisini, yəni əməl və təfəkkürü bir yerə cəm etmək necə mümkündürsə, o şəkildə birləşdirmək lazımdır”.[12]

Həzrət Əli (r.a) qiraətin təfəkkürlə birləşdirilməsini belə ifadə edir: “Təfəkkürsüz oxunan qiraətdə və dərk edilmədən edilən ibadətdə xeyir yoxdur. Həqiqi alim xalqı Allahın rəhmətindən ümidsizliyə düşürməyən, Allahın qəzəbindən də arxayın salmayan və insanları Qurandan başqa şeyə rəğbət etdirməyən kəsdir”.[13]

Həzrət Loğman (ə.s) təkbaşına tənha bir yerdə oturub təfəkkür etməyi çox sevərdi. Bir gün ondan soruşdular:

- Niyə tək oturursan? İnsanlarla oturub söhbət etsən, daha yaxşı olmazmı?

Belə cavab verdi:

- Uzun müddət təkbaşına qalmaq təfəkkür üçün daha münasibdir. Təfəkkür insanı cənnətin yoluna sövq edər.

Allah-Təala Qurani-Kərimin bir çox yerində “düşünmürsünüz?”, “düşünənlər üçün dəlillər var” kimi ifadələrlə möminləri təfəkkürə dəvət edir. Allah-Təala düşünməyimiz üçün saysız varlıqlar yaradıb. Gördüyümüz, bildiyimiz hər şey Allahın dəlili olduğuna görə, göylərdə, yerdə və bunların arasında olan hər şey bizim üçün təfəkkür vəsiləsidir. Bir ayeyi-kərimdə belə buyurulur: Allah o su vasitəsilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır”.[14]

 

- Təfəkkür ilə ibadət arasındakı əlaqə necə olmalıdır?

- Təfəkkür gecə və ya gündüz, hər an edilə biləcək çox səmərəli və bərəkətli bir ibadətdir. Buna müəyyən bir vaxt ayırmağa ehtiyac yoxdur. Lakin günün ən qiymətli və təsirli hissəsi olan səhər vaxtları təfəkkür üçün ən münbit zamandır. İnsanın səhər vaxtlarında günahlarını düşünüb istiğfar etməsi, ilahi əzabı düşünüb duyğulanması, ölümü xatırlaması, həyatının qalanını necə dəyərləndirəcəyini planlaması Allahın istədiyi və sevdiyi bir hərəkətdir. Bizə nümunə olacaq ən yaxşı təfəkkür-ibadət əlaqəsi Peyğəmbərimizin (s.ə.s) həyatında gerçəkləşmişdir. Allah Rəsulu təfəkkür üçün xüsusilə gecələrdən istifadə edərdi. Göz yaşları içində ayaqları şişənə qədər qiyamda dayanar, saatlarla rüku və səcdədə qalardı.

Ata (r.a) belə nəql edir ki, bir gün Hz. Aişədən (r.anhə) Peyğəmbərimizin heyrətamiz hallarını soruşur. O da, Rəsulullahın göz yaşları içində səhərə qədər ibadət etdiyini, əzan oxumaq üçün gələn Həzrət Bilal onu bu halda görüb təəccübləndiyi zaman ona: “Təfəkkür etməyənlərin vay halına” deyərək yeni nazil olan təfəkkür ayələrini (Ali-İmran, 190-191) oxuduğunu deyir. Yəni Rəsulullah (s.ə.s) özü Allahın təfəkkürə dəvəti qarşısında böyük bir həssaslıqla bu duyğulara bürünürdü. Təfəkkür onun həyatında Allah ilə əlaqəsinin ən yüksək təzahür sahəsini təşkil edirdi.

- Vaxtınızı bizə ayırdığınız və dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik.

- Mən də təşəkkür edirəm, işinizdə müvəffəqiyyət arzulayıram.

 

 

[1] İbn Mənzur, V, 65; Firuzabadi, Qamus, I, 558.

[2] Cürcani, s. 176.

[3] Xəlil b. Əhməd, III, 334.

[4] Zəməxşəri, Əsasül-bəlağə, II, 32.

[5] Rağib İsfahani, s. 384.

[6] Cürcani, s. 66.

[7] əl-Ələq, 96/1.

[8] Cəzəri, Camiul-üsul, XI, 687/9317; Qudai, Şihab, no: 1159.

[9] İbrahim, 14/5.

[10] Rum, 30/8-9.

[11] İbn Səd, I, 422-423.

[12] Rütbətül-həyat, s. 60.

[13] Bax. Darimi, Müqəddimə, 29; Əbu Nuaym, Hilyə, I, 77.

[14] ən-Nəhl, 16/11.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz