Düşünərək Oxumaq
İnsanın ən mühüm xüsusiyyətlərindən biri onun düşünən, təfəkkür edən, ağlı və şüuru ilə hərəkət edən bir varlıq olmasıdır. Düşünən insanlar haqqı və həqiqəti tapan insanlardır. Ağlı və şüuru ilə hərəkət edənlər daim inkişafda olan, maddi və mənəvi məsafə qət edən şəxslərdir. Uca Allahın insan oğluna bəxş etdiyi ən böyük nemətlərin başında təfəkkür və düşünmək duyğusu gəlir. Ağıl sahibi olmağımız eyni zamanda Allahı, kainatı, bəşəriyyəti və bütün varlıqlar aləmini dərin düşüncələrlə təhlil edən insan olmağımızı da vacib edən ünsürlərdəndir. Uca Allahın varlığını qəbul edən, Onun necə böyük güc və qüdrət sahibi olduğunu təfəkkür edərək dərk edən insanların, məhz onlara bəxş edilən ağıl nemətindən istifadə edənlər olduğu bir çox ayələrdə bizə xəbər verilməkdədir. Mövzumuz ilə əlaqəli olan bir ayədə belə buyurulur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır”. (Ali-İmran, 190)
Həqiqətən də, ibrət alan şəxslər kainatı, yeri-göyü, yaradılışın sirlərini düşünən, təfəkkür edən, bu yöndə ağlını işlədən insanlardır. Bu şəxslər daim axtarışda olur, düşünür və təfəkkür edirlər. Dünyaya niyə gəldiyimizi, nə üçün var olduğumuzu və hara gedəcəyimizi daim düşünməyə davam edirlər. Bunun üçün də ilahi möcüzələrə, kəlamlara, peyğəmbərlərin qissələrinə üz tuturlar. Uca Allahın insanlığa bəxş etdiyi hidayət rəhbəri olan Qurani-Kərim məhz bu suallara cavab verəcək bir əzəmətdə endirilmişdir.
Bəli, ağıl sahibi həqiqi möminlərin xüsusiyyətlərindən biri də Qurani-Kərimi oxumaq, anlamaq, yaşamaqdır. Quranı öyrənən, onunla məşğul olan, onun üzərində düşünən və həyatına tətbiq edən toplumlar hər zaman maddi və mənəvi rifah və hüzur içində yaşamışdır. Ondan, onun nəsihətlərindən uzaq düşənlər, önəmsiz görənlər, üz döndərənlər isə böyük günah etməklə yanaşı, mənəvi və əxlaqi çöküş içində qalmışdır. Bu gün əxlaqi cəhətdən çökmüş toplumlar bunun bariz nümunəsidir.
Quran ilə ülfət etməyin yolu əvvəlcə onu tanımaqdan başlayır. Öncə o ilahi kəlam ilə tanışlıq qurmalı, tanımalı və tanıdıqdan sonra da heç vaxt ayrılmayacağımız bir sevgi və dostluq ilə ona bağlanmalıyıq. Onu həqiqi mənada tanıyan möminlər istər-istəməz o möcüzəvi kitabla dost və sirdaş olurlar. Quran elə bir dostdur ki, heç bir zəngin dostların, sirdaşların fayda vermədiyi çox çətin bir gündə, onu oxuyan, üzərində düşünən, anlayan və anladığını həyata keçirən, yayan bir mömin üçün şəfaətçi olacaqdır. Bəzi dünyəvi dostlar insanları cəhənnəmə sürüklədiyi halda, Quran öz dostlarını cənnətə və Uca Allahın rəhmətinə qovuşduracaqdır. Bu xüsusda Allah Rəsulu (s.ə.s) belə buyurur: “Quran oxuyun, çünki Quran qiyamət günündə əhli-Qurana (onu əzbərləyənlərə, oxuyub əməl edənlərə) şəfaətçi olacaqdır”. (Müslim, Müsafirin, 252)
Quranla tanış olduqdan, ərəbcə olaraq oxumağı öyrəndikdən sonra vacibdir ki, onu anlamağa, nəsihət və öyüdlərini də başa düşməyə çalışaq. Çünki Quran başa düşülsün, anlaşılsın, üzərində dərin-dərin təfəkkür edilsin və insanlara təbliğ olunsun deyə nazil olmuşdur. Allah Rəsulunun (s.ə.s) həyatının ən nümunəvi yönü və təbliğçi olaraq ən böyük funksiyası Quranın daha yaxşı anlaşılmasına xidmət etməsi olmuşdur. Bir ayədə Uca Allah belə buyurur: “…Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (ən-Nəhl, 44) Başqa bir ayədə isə buyurulur: “…Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər”. (əl-Ənam, 65)
Hz. Osmanın (r.a) bu sözü Quranı oxuyub üzərində düşünməyə təşviq mahiyyətində necə də dərin məna daşıyır: “Sevən sevdiyinin kəlamından doymaz”. Quran çox sevdiyimiz Uca Rəbbimizdən gələn ilahi bir məktubdursa, onu oxumaq qədər anlamaq, anlamaq qədər əmr və qadağalarını yerinə-yetirmək də mühümdür.
Quran bu gün insanların anladığı kimi nə ölülərin, nə falçıların, nə də qəbiristanlıqların kitabı deyildir. Yanlış anlaşılmasın; ölülərimiz üçün də savab məqsədi ilə Quran oxuya bilərik. Amma bu uca kitab sırf bunun üçün nazil edilməmişdir. Dahi şair M.A.Ərsoy ötən əsrin ortalarında bu həqiqəti necə də gözəl təsvir etmişdir:
Ya açıb Nəzmi-Cəlilin baxarıq yarpağına,
Yaxud üflər, keçərik, bir ölünün torpağına.
Enməmişdir hələ Quran, bunu haqqıyla bilin;
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün!
Xülasə, Quran bir xəzinədir. Hər kəs ondan əlindəki qab qədər götürər və istifadə edər. Gəlin, bu xəzinənin qədrini bilək. Üstündə təfəkkür edək. Ömrümüzü və həyatımızı onu oxumaq, anlamaq və yaşamaqla zinətləndirək!
ŞƏRHLƏR