UŞAQLARDA CİNSİ TƏRBİYƏ
Uşaqlara cinsi tərbiyə vermək gələcəkdə sağlam və xoşbəxt fərdlər yetişdirmək cəhətindən çox əhəmiyyətli bir məsələdir, xüsusilə də cinsi istismar hadisələrinin qarşısına keçə bilmək baxımından uşağa bu mənada tərbiyə vermək olduqca mühüm bir xüsusdur.
Uşaqlar böyüdükcə çox sual soruşmağa, hər şeyi öyrənməyə meyillidirlər. Bəs uşaqların cinsi sahədəki suallarına necə cavab verməliyik?
Çox vaxt bu mövzudan söhbət gedərkən valideynlərdə bir narahatlıq və panika halı olur. Sözlə ifadə edilməsə də, valideynlər tərəfindən uşağa bədən dili ilə, üz ifadəsi ilə, qaş-göz hərəkəti ilə bunun danışılması çətin bir mövzu olduğu məlumatı ötürülür. Sus, ayıbdır, bu haqda danışmaq olmaz kimi ifadələrlə kəsirik bu söhbətin gedişatını. Çoxumuzun rəftarı sovuşdurmaq, təxirə salmaq və s. şəklində olur.
Lakin valideynlər bu mövzuda lazım olan qədər düzgün məlumat verməzlərsə, uşaqlar başqa qaynaqlardan bu mövzu haqqında məlumat öyrənməyə yönələrlər. Yolun (qaynağın) biri: uşağın yoldaşları, digəri isə internet səhifələridir (əxlaqa zidd səhifələr). Çünki istər yoldaşlar, istərsə də uyğun olmayan bu internet səhifələri uşağa hirslənmir, ayıblamır və onlarla rahat danışa bilir.
Ümumiyyətlə, uşaqlara hər hansı bir mövzuda doğru şəkildə tərbiyə (və təlim) verilməzsə, uşaq o mövzu haqqında başqa yerlərdən qulaqdandolma, əsassız məlumatlar öyrənməyə başlayar. Bunun isə daha böyük təhlükələri vardır (məsələn: uşaq özündən bir neçə yaş böyük bir uşaqla cinsi möhtəva daşıyan bir oyun oynaya bilər, oyun əsnasında nə etdiyinin fərqində olmadan xoşlanma (həzz) duyğusu hiss edə bilər və sonrasında oyun cinsi problemlərə qədər gedə bilər). Buna görə uşağa olduğu yaşa uyğun şəkildə mütləq cinsi tərbiyə verilməlidir.
Uşaqlara cinsi tərbiyə xüsusunda ilk öyrədilməli mövzulardan biri və ya ilki, əlbəttə, məhrəmiyyət mövzusudur. İlk əvvəl uşağa məhrəm (özəl) yerləri öyrədilməlidir. Məsələn, məktəb çağına yaxınlaşmış bir uşaq evdə çılpaq şəkildə gəzirsə, bu uşağa nəyin məhrəm olduğunu anlatmaq artıq çətindir. Kiçik yaşdan etibarən uşağın geyindiyi paltara belə diqqət edilməli, məhrəmiyyət duyğusu aşılanmalı, sərhədlər öyrədilməlidir. Bunlarla birlikdə həmçinin uşağa məhrəm yerlərini heç kəsə göstərməməsi gərəkdiyi də söylənməli və mütləq öyrədilməlidir.
“Cinsi tərbiyə” deyəndə valideynlərin ağlına dərhal doğum haqqında məlumat vermək, yalnız cinsi orqanlarını tanıtmaq kimi xüsuslar gəlməməlidir. Bu tərbiyə ilə uşaq cinsiyyət dərrakəsini, həm özünün, həm də başqasının bədəninə hörmət göstərməyi, məhrəmlik sərhədlərini öyrənər.
Uşaq 3 yaşına qədər çılpaqlığın fərqində olmaz və buna əhəmiyyət verməz. Amma 4-5 yaşlarında artıq bunu anlayacaq səviyyəyə gələr və bu yaşdan sonra uşağa həm çılpaq gəzməməsi öyrədilməli və həm də onun qarşısında böyüklər çılpaq qalmamağa diqqət göstərməlidir. Bu xüsus məhrəmiyyət şüurunu aşılamaq baxımından çox mühümdür.
Uşağa cinsi tərbiyəni anası, yoxsa atası verməlidir?
“Qız uşağına anası, oğlana da atası tərbiyə verməlidir” düşüncəsi yanlışdır. Əslində, suallar kimə yönəldilirsə, uşağa o valideyn cavab verməlidir. Yəni uşaq özünə o an hansı valideynini yaxın bilərək mövzu ilə əlaqəli sual soruşursa, o valideyn uyğun şəkildə məlumat verməlidir. Yoxsa ki, qız uşağını anasına, oğlan uşağını atasına yönləndirmək düzgün çıxış yolu deyil.
Ümumiyyətlə, uşağa cinsi tərbiyə verərkən onun qavrayacağı şəkildə uyğun ifadələrlə məlumat verilməlidir. Daha dərinə gedilməməli, “bir az daha böyüdükdən sonra izah edərəm, gerisini öyrənməyin üçün bir az da böyümən lazımdır” və s. şəklində cavablarla uşağı razı salmaq lazımdır. Yəni uşağa nəsə öyrədərkən bunun təhlükələri də gözardı edilməməlidir.
Uşağın bu mövzudakı suallarını cavabsız qoymamaqla yanaşı, valideyn nəyi nə şəkildə öyrətməli olduğunu da bilməlidir. Burada əsas götürülən meyar yaş həddi olmalıdır. Marağını aradan qaldırmaqla yanaşı, ağlını da qarışdırmamaq lazımdır. Əgər sualı cavablandırmaq üçün valideyn o an özünü yetərli və ya hazır hiss etmirsə, “Soruşduğun sualı indi sənə necə izah edəcəyimi bilmirəm. Sənin anlayacağın şəkildə izah etməyim üçün mənə vaxt ver. Ən qısa zamanda cavab verəcəyəm”, - deyərək fikirləşmə fürsəti yarada, bundan sonra araşdırıb öyrənə, yaxud mütəxəssislərdən kömək istəyə bilər.
Sual soruşan uşaq daim həyatı daha rahat öyrənər, problemlərə daha asan həll yolu/çarə tapar. Soruşulan sual səhv ola bilər, amma uşaq necə ki, gəzməyi yıxıla-qalxa öyrənirsə, doğru sual soruşmağı da səhv suallar soruşa-soruşa öyrənəcəkdir. Buna görə də uşağı danlamadan, ayıblamadan, içindəki maraq duyğusunu yox etmədən suallarına münasib səviyyədə cavab vermək yerində və doğru bir tərbiyə üsulu olacaqdır.
ŞƏRHLƏR