BİR HƏDİS
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ الصَّابِرُ فِيهِمْ عَلَى دِينِهِ كَالقَابِضِ عَلَى الجَمْرِ
Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Elə bir zaman gələcək ki, dinini yaşamaq üçün səbir edərək çalışan kimsə ovcunda köz tutan kimsə kimi olacaq". (Tirmizi, Fitən, 73)
Həzrət Peyğəmbərin İslam nurunu insanlara təbliğ etdiyi tarixdən bu günə qədər keçən zaman zərfində gün keçdikcə müəyyən parçalanmalar və fikir ayrılıqları yaranmışdır. Bu parçalanmalar insanların inanclarına birbaşa təsir göstərmiş və onların inanclarında müəyyən geriləmələr baş vermişdir. Bundan əlavə, hər dövrdə xeyirlə şərin mübarizəsi davam etmiş və şər qüvvələr İslamı bölmək və parçalamaq üçün insanların imanlarını zəiflədəcək bir çox yollara baş vurmuşlar. Müasir dövrümüzdə də şər qüvvələr İslamın dəyərlərini yox etmək məqsədilə jurnal, qəzet, radio və televizor yayınları vasitəsilə ciddi fəaliyyət göstərir və bunun nəticəsində bir çox müsəlman bu mənfi fəaliyyətlərin qurbanına çevrilir. Belə fəaliyyətlərin nəticəsi olaraq cəmiyyətdə əxlaqi dəyərlər alt-üst olmuş və insanların inancları sarsılmışdır. Bu mənzərə qarşısında insanın imanını qoruyub saxlaması həddən artıq çətinləşmiş və Həzrət Peyğəmbərin (s.ə.s) buyurduğu kimi: "dini yaşamaq ovucda köz tutmaqdan" daha çətin hala gəlmişdir.
Bu hədis bir az geniş olaraq Əbu Davudun əsərində də nəql olunmuşdur. Əbu Ümeyyə əş-Şabani, Əbu Sələbə əl-Xuşənidən: "Ey Əbu Sələbə! Sən "Ey iman gətirənlər, siz özünüzə baxın!" (əl-Maidə, 5/105) ayəsi haqqında nə bilirsən?" - deyə soruşdu. O belə cavab verdi: "Vallahi, sən bu sualı bilən birindən soruşdun. Mən də bunu Rəsulullahdan (s.ə.s) soruşmuşdum. Rəsulullah (s.ə.s) belə cavab verdi: Bir-birinizə yaxşılığı tövsiyə edin. Pisliklərdən çəkindirin. Belə ki, itaət edilən xəsislik, tabe olunan nəfsi arzular, tərcih edilən dünya və hər görüş sahibinin öz fikrini bəyəndiyini gördüyün zaman öz üzərinə düşəni et və xalqı tərk et! Şübhəsiz, sizdən sonra səbir tələb edən günlər gələcək. O günlərdə səbir etmək (dini yaşamaq) ovucda köz tutmaq kimi olacaq. O günlərdə yaxşı bir əməl işləyən üçün eyni yaxşılığı edən əlli nəfərin savabı qədər savab vardır". (Əbu Davud, Məlahim, 17)
Bu hədislər Həzrət Peyğəmbərdən (s.ə.s) sonra gün keçdikcə insanlar arasında dini həyatın zəifləyəcəyini xəbər verməkdə və belə bir vaxtda insanın heç olmasa öz imanını qorumaq üçün cəhd etməsi lazım gəldiyini bildirməkdədir. Bizim yaşadığımız bu dövr də Rəsulullahın (s.ə.s) xəbər verdiyi həmin günlərə daxildir. Bu səbəblə də hər bir müsəlman imanını qorumağa cəhd etməli və dünyanın aldatmalarına uymamalıdır.
ŞƏRHLƏR