QÜVVƏLƏR AYRILIĞI
İnsan tarix boyu öz fövqündəki iradədən yaxa qurtara bilmək üçün yol axtarmış, bu arayış adətən Allaha üsyan, dövlətə etiraz, Peyğəmbərə savaş açmaq, Haqqı tutanları yurd-yuvalarından didərgin salmaq, yaxud kütləvi qətliamlara rəvac vermək şəklində özünü büruzə versə də, nadir hallarda düşüncə sahibi beyinlərdə özünə (bəzən tutarsız əsaslara söykənsə də) yol tapmış, qələmlə kağızın qovuşduğu mənbədən fışqırıb gün üzünə çıxma fürsəti tapmışdır.
Yazılı tarixin qədim nümunələrindən biri olan Aristotelin “Politika” əsərindən də öyrəndiyimiz kimi, insan oğlu öz mənfəətləri, dövlət iradəsi və ilahi tələblər arasında bir tarazlıq axtarışına düşərək – ilahi elçilərin xəbərdarlıqlarına məhəl qoymadan içinə düşdükləri böhran vəziyyətlərində sırf öz istedadları nisbətində – məntiqi əsaslarla müxtəlif çıxış yolları ortaya qoymağa çalışmışdır. İlahi təlqindən məhrum olan hər bir ideyanın nöqsan qalacağı həqiqəti səbəbi ilə bu müxtəlif təklif və arayışlar minilliklər boyu fərqli-fərqli metodlarla sınanmağa, dəyişməyə, inkişafa (!) davam etmişdir. İlahi xəbərdarlığa ram olmaq istəməyən insan fitrəti bəzən də içinə düşdüyü böhranı görməzdən gəlməklə – “Sezarın haqqı Sezara, tanrının haqqı tanrıya” deyərək – Haqqa təslimiyyətlə varılacaq həqiqi qurtuluş yolundan boyun qaçırmışdır.
Günümüzün rəvacda olan liberal-demokrat sistemlərinin təməlində də insan oğlunun bu arayışı, rahatlıq və imkanların bərabər bölüşdürülmə axtarışı dayanır. Bunun ən çox mənimsənmiş devizi isə “qüvvələr ayrılığı” prinsipidir (ölkədəki hakim qüvvələrin: qanunvericilik, idarəetmə və məhkəmənin bölüşdürülmüş fəaliyyəti). Hansı ki, Avropanın qaranlıq çağlarında (kilsə hakimiyyətinin insanları kölələşdirdiyi orta əsrlərdə) yaşadıqları böhrandan çıxış yolu kimi, ən azından bir ümid kimi görülərək bütün düşüncə insanlarını, siyasi görüş sahiblərini və hakimiyyət dairələrini ətrafına topladı. Fikir atası “Sosial müqavilə” əsərinin müəllifi Con Lokk sayılan, adını Monteskyönün qoyduğu “qüvvələr ayrılığı” yaxud “hakimiyyət bölgüsü” prinsipi XVII-XVIII əsrlərdən etibarən dövlətin ən ədalətli şəkildə idarə edilə bilməsi üçün qanunvericilik və icra hakimiyyətlərini bir-birindən ayıraraq onların bir-birinə nəzarəti sayəsində xalq üçün ən ideal nəticəni göstərməyin adı oldu. Əlbəttə, burada “ilahi hakimiyyət – yaradanın tələbləri”, əsrlərdir yaşadıqları qaranlıq dövrlərdəki kilsə təzyiqinin acı nəticəsi olaraq bu böyük süfrəyə ortaq edilməmişdi. Eyni tarixi seyri yaşamadığı halda eyni nəticəni öz ölkələrində tətbiq etmək istəyən qeyri-avropa ölkələrinin sonrakı əsrlərdə yaşadıqları həzin aqibətlər isə, təəssüf ki, daha çox müsəlman ölkələrində öz ağır, tarixi sancıları ilə yadda qaldı.
Dövlətlər tarixinin acınacaqlı seyri içində dövlətin ən kiçik nümunəsi olan ailə də, təbii ki, bu gedişatdan öz nəsibini aldı. Dövlət idarəsində dini təzyiqdən yaxa qurtarmağı böyük “inqilab” sayan insan, eyni zamanda ailə daxilində də ilahi məsuliyyət yükləyən “nikah” boyunduruğundan yayınmağı böyük bir nailiyyət, azadlıq və müvəffəqiyyət kimi görməyə başladı. Əlbəttə, bunun da altında – Avropa üçün – qaranlıq dörvlərdə kilsənin zorakı tətbiq etdiyi, insan fitrətini əzən bəzi qaydaların təsiri vardı. Çünki kilsə heç bir şəkildə boşanmağı qəbul etmirdi. Evli cütlər ölüm onları ayırana qədər, problem hər nə olursa olsun, birlikdə yaşamaq məcburiyyətində buraxılmışdı (Halbuki İslam dinində bu haqq əvvəldən bəri həm qadına, həm də kişiyə verilmişdi). Beləliklə, kilsənin hakim qüvvələr ayrılığı süfrəsində yer almaması ailə təzyiqinin acı nəticələrindən təsirlənən insanlar üçün böyük bir lütf kimi görünməyə başladı. Dövlət hakimiyyəti kimi, bu sahədə də, tarixi keçmişinə baxmadan Avropa təqlidçiliyinə qurşanan kütlələr ailə müəssisəsinin tamamilə dağılması, xalqın mənəviyyatının sarsılması, insanları bir-birinə bağlayan bağların qırılması təhlükəsi ilə üz-üzə qaldı.
Bu iki məsələni şərh etdikdən sonra kiçik bir təzada diqqət çəkmək istəyirəm: ölkə idarəsində hakimiyyət “bölgü”sünü çıxış yolu kimi mənimsəyənlər necə oldu ki, ölkənin ən balaca özəyi sayılan ailə daxilində hakimiyyət “bərabərliyi” prinsipinə yönəldilər?
Əgər bir səmada iki ilah olsaydı, onların fərqli istəkləri səbəbi ilə dağılıb-tökülərdi. Bəs bir ailədə eyni gücə malik iki qüvvə olarsa, sonu necə olar?
İlahi təlimlər, əlbəttə, ailə üçün ən münasib olan yolu açıqca göstərmişdir, bu, öz yerində. Amma müasirlik devizi ilə yaşayan, öz ağlı ilə çıxış yolu tapacağına inanan insan üçün də, məncə, münasib çıxış yolu “qüvvələr eyniliyi” deyil, məhz “qüvvələr ayrılığı”dır.
Məsələ təkcə qadın-kişi mübarizəsi, eyni hüquqlar məsələsi deyil. Hər kəsdən sərkərdə, hakim, müəllim, rəssam və s. olmaz (Hz. Muhammədin (s.ə.s) həyatında və iş bölgüsündə qabiliyyət dəyərləndirməsi baxımından həm kişilərə, həm də qadınlara dair saysız nümunələr var). Sənətin və məsuliyyətin insanın fitri xarakteri ilə yaxından əlaqəsi vardır. Kişilərin öz aralarında, qadınların və hətta uşaqların da öz aralarında, fitrətlərini pozmadan, ən münasib, qabiliyyətlərinə ən çox əlverişli işlərdən məsul tutulması müasir, mütərəqqi bir cəmiyyətin qurulması və davam etdirilməsi üçün ən tutarlı yol olacaqdır.
ŞƏRHLƏR