QADIN EVİNİN XANIMIDIR
Türkiyədə magistratura təhsili aldığım illərdə bir dəfə sosiologiya dərsində müəllim köləlik mövzusundan bəhs edərkən, bizimlə eyni qrupda təhsil alan bir qız tələbənin söylədiyi bu fikirlər hələ də qulağımdadır. O, atasının arzusu ilə ali təhsil yolunu seçdiyini və arxasınca magistratura oxumaq məcburiyyətində qaldığını söyləyərkən, əslində bir qadın üçün bunun nə qədər çətin olduğunu və universitet qapılarında süründüyünü düşünürdü. Bunu söyləyərkən də, yaşıdlarının ana olduğunu, ər evində xanım-xatın yaşadığını, özünün isə atasının arzularına kölə olaraq bu şərəfdən məhrum qaldığını ifadə edirdi...
Çoxunuz bu məqaləni oxuduqda həmin tələbəni ya qınayacaq, ya da müxtəlif tənqidi fikirlər səsləndirəcəkdir. Bəlkə heç mən özüm də bu vaxta qədər bu barədə belə fikirləşmirdim...
Yer üzü əhalisinin yarısı qadınlardır. Qadınların qadın olmaqdan irəli gələn əhəmiyyəti xaricində insan cəmiyyətini tərbiyə edən və formalaşdıran da onlardır. Yəni insanlıq ailəsinin xoşbəxtliyi qadınların verdiyi tərbiyəyə bağlıdır.
“Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin!” (əl-Əhzab, 33) Sanki bu ayə hər bir qadın üçün xüsusi nazil olmuşdur. Burada qadın bir mücövhər kimi mühafizə altına alınmış, onun dəyəri, qiyməti nəzakətli, incə bir dil ilə ifadə edilmişdir.
Əfsuslar olsun ki, son dövrlərdə çölə-bayıra çıxmayan, evində oturan, uşaq böyüdən, ərinə qulluq edən qadınlar cahil, geridəqalmış adlandırılır. Qadın çalışmalı, ərinə möhtac olmamalı, ona güvənməməli, az uşaqla kifayətlənməli, iqtisadi azadlığı əlində olmalıdır və s.
Qışın qarı, yayın istisi demədən səhər tezdən övladını dayəyə və ya bağçaya qoyaraq işə tələsən, dayanacaqda avtobus gözləyən, soyuqdan tir-tir titrəyən qadınlar...
Müəllimdən müəllimə qaçan, gecə-gündüz imtahanlara hazırlaşan qızlarımız bəs hansı ideal və ya xəyalların qurbanı olacaq... Karyera, iş, vəzifə, pul, qazanc... Yaxşı işdə çalışmalı, dəbdəbəli geyinməli, maşını olmalı, işindən müdir razı qalmalı...
Müasir köləliyə iqtisadi azadlıq deyirlər. Zülmü bəzəyib, süsləyib, bunu qadınlara əvəzolunmaz fürsət kimi göstərirlər. Qadınların təbiətinə zidd olanı etməyənləri isə alçaldır və qınayırlar...
Təbii ki, qadın üçün təhsil vacibdir. H.Z.Tağıyevin dediyi kimi: “Bir insana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə isə təhsilli bir ailə və cəmiyyət qazanırsınız” prinsipi ilə qız uşaqlarının təhsilinə, əlbəttə, əhəmiyyət veririk.
Qadın insandır, insan növünün yarısıdır. Buna görə də qadınların halı həmişə cəmiyyətin quruluşu ilə mütənasibdir. Qadının halı cəmiyyətin mövcud vəziyyətini göstərir.
Münasib şərtlər daxilində qadın təhsil almalı və işləyə bilməlidir. Ancaq dünyalıq üçün axirətini qurban verməməlidir. Kişilər kimi işləyib dağlar boyda yükün, vəzifənin altına girməməlidir. Hər nə qədər aktiv ictimai fəaliyyətlə məşğul olsa da, məcburiyyət olmadığı halda evindən ayrı, uzaq qalmamalıdır.
İslam heç bir nizamın və sistemin vermədiyi dəyəri qadına verib. Müsəlman qadını elmli, təhsilli, inkişafa can atan, millətini, dövlətini sevən, eyni zamanda İslam dəyərlərini təmsil edən xanım olmalıdır. Həzrət Ömərin (r.a) bir sözü var. O deyir ki, imandan sonra insanlığa verilən ən böyük nemətlərdən biri də salehə qadındır. Elm, yəni təhsil isə salehə qadının bəzəyidir. İmanlı və elmli qadın savadlı və ziyalı, sağlam və güclü nəsillər yetişdirmək üçün vardır:
Qadın anadır, müqəddəsdir...
Qadın dost və namusdur...
Qadın ərinə dayaq, övladına üfüqdür...
Qadın evin ürəyi, səadət qaynağıdır...
Qadın evdə bərəkət, qənaət simvoludur...
Bütün bu keyfiyyətlər qadını xanım edən xüsusiyyətlərdir. Bəli, qadın evinin xanımıdır.
“Evlərinizdə oturun...”, çünki qadın evinə yaraşıqdır. Qadın nəfəsi, qadın səsi olan evdə həyat vardır, səadət, xoşbəxtlik vardır...
“Evlərinizdə oturun...”, çünki qadın həssas, incə varlıqdır. O, tez incinir, tez küsə bilir... Onu ən yaxşı Rəbbi tanıyır, Rəbbi bilir halını...
“Evlərinizdə oturun...”, evlər ən etibarlı sığınacaqlardır. Hürr yaşamağın, azadlığın ən sağlam məkanıdır evlər. Ev qadına saray, qadın evə soltandır. Evsiz qadın qorumasız, qadınsız ev tənhadır. Evsiz qadınlar və qadınsız evlər isə cəmiyyətin ən acı yarasıdır.
ŞƏRHLƏR