RUSİYA-UKRAYNA QARŞIDURMASI: MÖVCUD REALLIQ VƏ PERSPEKTİVLƏR

RUSİYA-UKRAYNA QARŞIDURMASI: MÖVCUD REALLIQ VƏ PERSPEKTİVLƏR

Siyasi prosesləri proqnozlaşdırmaq həqiqətən çətin məsələdir. Qərbdə “siyasi proqnozlaşdırma”, “siyasi proseslərin modelləşdirilməsi” beynəlxalq münasibətlər sahəsində oxuyan tələbələr üçün ayrıca fənlər kimi keçirilir. Qeyd etmək lazımdır ki, dünyanın ən aparıcı beyin mərkəzlərində belə, hər hansı bir ölkənin daxili və xarici siyasəti ilə bağlı, atədən, bir yox, bir neçə proqnoz irəli sürülür.

Açığı, 2014-cü ildə müstəqil dövlət sayılan Ukraynanın ərazisi olan Krımın ilhaqı və Donetsk və Luqansk ərazisində qondarma respublikaların süni şəkildə yaradılması loru dildə desək, yatsam, yuxuma girməzdi. Belə düşünməyimin səbəbi çox sadə idi: şərqi slavyan dil qrupuna aid milləti təmsil edən, üstəlik, xristianlığın pravoslav qoluna aid olan bir dövlət niyə bənzər bir dövlətin ərazisinin bir hissəsini özünə ilhaq etsin, ardınca hərbi müdaxilə edərək bir neçə il ərzində hərbi əməliyyatlar aparsın? Bu suallar bəlkə də sadəlövh səslənə bilər, o mənada ki, dövlətin milli maraqları kontekstində belə şeylərin baş verməsi mümkündür.

Qarşı duran tərəflərin söykəndiyi məntiqi əsaslara nəzər salaq. Bəlli olduğu kimi, Ukrayna prezidenti Viktor Yanukoviç 2013-cü ilin noyabrında Avropa İttifaqı ilə assosiasiya müqaviləsini imzalamaqdan imtina edəndən sonra ölkədə baş verən daxili çaxnaşmalar 2014-cü ilin fevralında adı çəkilən prezidentin devrilməsi ilə nəticələndi, bundan sonra isə yuxarıda sadaladığımız hadisələr baş verdi. İstər bugünkü Ukrayna siyasi elitasında, istərsə də cəmiyyətində hakim düşüncə bundan ibarətdir: Rusiya müstəqil Ukraynanın xarici siyasət yürütdüyünü, onun Avroatlantika institutlarına inteqrasiya etmək istəyini heç cürə həzm edə bilmir, məhz bu səbəbdən, Krımı ilhaq etməklə, qondarma respublikalar yaratmaqla onu özündən asılı hala salmaq istəyir. Rəsmi Moskvanın gətirdiyi arqumentlər isə bunlardı: Ukraynada antirusiya qüvvələri hakimiyyətə gəlməklə, bu ölkə sonucda Avropa İttifaqına və ən təhlükəlisi, NATO-ya daxil olmaqla Rusiya üçün ciddi təhdid yaratmış olacaq, məsələn, sonda RF-nin Qara dənizdə olan hərbi donanmasının mövcudluğu sual altında qalmış olacaqdı. Yəni Rusiya məlum addımları atmaqla bir növ, preventiv taktikadan istifadə etmişdi.

Donetsk və Luqansk ərazisində 2014-15-ci illərdə aktiv hərbi əməliyyatlar bitdikdən sonra başda Fransa və Almaniya olmaqla, Qərbin aparıcı ölkələri Putin Rusiyasına qarşı sərt sanksiya siyasəti həyata keçirəndən sonra, sonuncusu Minskdə imzalanan razılaşmalara əsasən atəşkəsə getməyə məcbur oldu. Hal-hazırda Ukraynanın bu münaqişəni həll etməsi ilə bağlı Normand formatı çərçivəsində rəsmi Moskva ilə apardığı danışıqlar hardasa 1994-2020-ci illərdə Azərbaycanın Dağlıq Qarabağın statusu ilə bağlı apardığı nəticəsiz danışıqları xatırladır. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi zamanı Ukraynanın siyasi və ictimai dairələrində tez-tez səslənən fikirlərdən biri “Torpaqların azad olunması məsələsində Azərbaycandan örnək götürmək lazımdır” idi.

Bəlli olduğu kimi, bu ilin mart-aprel aylarında Rusiya ilə Ukrayna arasında qarşıdurmanın növbəti mərhələsinin şahidi olduq. Belə ki, Ukrayna ilə sərhədə 100 mindən çox əsgər və müasir hərbi texnika çıxarmış Rusiya iki aya yaxın nəinki region dövlətlərini, demək olar, dünyanı gərgin vəziyyətdə saxlamış oldu. Yenə də müxtəlif proqnozlar səsləndirildi: tezliklə Ukrayna növbəti hərbi müdaxilə ilə üzləşəcək və hədəf strateji xarakter daşıyan Mariopol, Odessa və Nikolayev kimi şəhərlərin alınması, Krımın içməli və əkinə yararlı su probleminin həlli üçün Dnepr çayının bir hissəsinin nəzarət altına alınması olacaq. Yazı müəllifi isə daha çox başqa proqnoza üstünlük verirdi: onlarla Rusiya diviziyasının sərhədə toplanması rəsmi Kiyevə qarşı yönəlmiş əzələ nümayişindən, qorxu taktikasından başqa heç bir məqsəd daşımır və sonucda bu proqnoz özünü doğrultdu. Qeyd etmək lazımdır ki, hələ də Rusiyanın iyul-sentyabr ayları arasında Ukraynaya qarşı hərbi müdaxilə etməsi proqnozunu verənlər var.

Fikrimizcə, Rusiya-Ukrayna qarşıdurmasının dinamikası indiki şərtlər daxilində bir neçə amildən asılıdır. Əgər Ukrayna NATO-ya inteqrasiya siyasətində ciddi uğurlara nail olsa, konkret desək, bu ilin iyun ayında alyansın növbəti sammitində üzvlüyə qarantiya verən “Üzvlük Əməliyyat Planına” qoşula bilsə, o zaman bu ölkənin Rusiya ilə qarşıdurması daha da kəskinləşəcək. Digər vacib faktor isə yenə də iyun ayında Putin və Bayden (oxu: Ukraynanın az qala müttəfiq səviyyəsinə yaxın tərəfdaşı) görüşü ilə bağlıdır. Eynilə bu görüşdə də tərəflər ciddi kompromisə nail olmasalar, Rusiya-Ukrayna qarşıdurması kəskin xarakter daşımağa başlayacaq.

Bu qarşıdurmanın qismən səngiməsi Putin və Ukrayna prezidenti Zelenski arasında baş tuta biləcək görüşdən asılıdır. Amma problem ondadır ki, Ukraynanın xarici siyasətində Qərbə inteqrasiya artıq strateji seçim səviyyəsində olan məsələdir. Bu baxımdan, Moskvada Zelenski ilə Putin arasında təşkil olunacaq görüşdə ciddi dəyişikliklərin baş verməsi o qədər də real görünmür. Nəticədə Ukraynanın itirdiyi torpaqları, Rusiya ilə sərhədin bir hissəsini nəzarətə götürməsi məsələsi sonraya qalacaq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz