AİLƏDƏ ƏR-ARVAD MÜNASİBƏTLƏRİ
Ailədə ər-arvad arasında isti münasibətlərin, xoş halların varlığı və davamlılığı, bəlkə də, özlərinin belə fərqində olmadıqları faydaları meydana gətirməkdədir. Bu faydalar istər qəlbi hisslər üçün, istərsə də cəmiyyətin əxlaq prinsiplərinin davamı üçün çox möhtəşəm əsasları qorumaqdadır. Ailə içi münasibətləri “ailə mənimdir, özüm bilərəm” səviyyəsindən daha geniş miqyaslı düşünmək isə dini və milli dəyərlərini qavrayan, bu istiqamətdə öz vəzifəsini dərk edən insanların işidir. Milli dəyərlərin çox hissəsi də dini dəyərlərdən formalaşdığına görə, kişi və qadın dini dəyərlərini öyrənməklə daha yaxşı ailə olmaq üçün real addımlar atacaqdır.
Ailə kiçik bir qurum olmasına baxmayaraq, cəmiyyətdəki yerinə görə ən əsaslı vəzifəni icra edir. Xoşbəxt ailə xoşbəxt cəmiyyət deməkdir və bu ailədən dünyaya gələn yeni nəsil gələcəyin qurulması və qorunmasında möhtəşəm nəticələrə imza atacaqdır. Bütün bunlara baxmayaraq bəzi ailələrdə cütlüklər arasında soyuq münasibətlər, ailədaxili böhranlar da yaşanır. Demək olar ki, hər bir ailədə az-çox problemlər olur. Nəticədə incikliklər, küsülülüklər, söz atışmaları və istənməyən şiddət halları, halal olduğu halda Uca Yaradanın sevmədiyi boşanma hadisələri meydana gələ bilər. Peyğəmbərimizin (s.ə.s) mübarək evində belə bəzi problemlər olmuşdur, ancaq həlli yollarının mömincə, müsəlmanca, iman və həya ölçüləri ilə həyata keçirildiyinin şahidi oluruq. Qurani-Kərimdə Təhrim və Əhzab surələrində buna işarə edilmişdir. Həya duyğularının hakim olduğu evlərdə səbir hisslərinin qalib gəlməyəcəyi heç bir məsələ yoxdur. İstənməyən nəticələr yenə də qaçınılmaz hala gələrsə, tərəflərin təhqir, təhdid ifadələri olmadan ayrılmaları ən münasib yol olaraq göstərilmişdir. Dağılan bir yuvanı təmir etməyə çalışan şəxsin davranışı isə sanki Allah yolunda cihad edirmiş kimi dəyərli sayılır. Onun bu təşəbbüsünün nümunəsini Mücadilə surəsinin ilk ayələrində görürük.
Ailədə qadın-kişi münasibətlərində tərəflərin fədakarlıq göstərməsi əsas şərtlərdəndir. Yoxsa həqiqətən cənnəti dünyada axtarmaq, bu alınmadığı təqdirdə hər yeri cəhənnəmə çevirmək zəif ruhlu, dar könüllü insanların işidir. Evlilik üçün elmə, oxumuşluğa ehtiyac görülməsə də, insanın tamamilə keyfi davranması, kobudluğu, şiddəti ailəsinə tətbiq etməsi ağıllı və saf qəlbli insanların edəcəyi iş deyil. Dünya xoşbəxtliyi axirət xoşbəxtliyinə vəsilədir. Xoşbəxtlik isə ədalətli olmaqla, həyat yoldaşına yük olmayıb onu incitməməklə mümkündür. Xoş söz, gülər üz insan qəlbinə dinclik və rahatlıq bəxş edər. Hər iki tərəfin qəzəbləndikləri başqa şeylərin yükünü, əsəbini bir-birilərinin üzərinə yükləməsi evliliyin ağırlığını meydana gətirəcəkdir. Ailə yer üzündə cənnətdən bir guşədirsə, bəs bu dava-dalaş niyə var, bu çəkişmələrin cənnətdə nə işi var? - deyə soruşa bilərik. Bu cür problemlər əslində kişi ilə qadın arasındakı xasiyyət dəyərləndirməsi, kimlik bilgiləri üçündür. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Heç kim xanımına kin bəsləməsin. Onun bir xasiyyəti xoşuna gəlmirsə, başqa bir xasiyyətini bəyənər”. (Müslim, Rada 61)
Evdəki səs-küyün belə hikməti vardır. Düşüncəli, inadkar olmayan, eqoist davranmayanlar bəzi xırda səs-küydən nəticə çıxararaq, xanımın, yaxud kişinin xasiyyəti nədir, nəyi sevir, nəyə nifrət edir, zarafatı, ya da üzüntülü halı necədir, yaxınlarına necə davranılmasını istəyir, harama-halala münasibəti necədir, uşaq tərbiyəsində nə kimi nəticələr ola bilər, yeməyin, çayın, suyun, meyvənin hansı növünü, halını xoşlayır, ya da xoşlamır... və s. anlaya bilər. Bu kimi bilgiləri sayıb çoxalda bilərik. Ev içi mübahisələr bir tanıma, qaynaşma prosesidir. Yoxsa ki, inad edib hakimiyyət davası güdüləcək yer deyil, ailə. Ailə daxilində hakimiyyət davası sadəcə eqoistlərin, şəxsi rahatlığını hər şeydən üstün tutanların davasıdır. Bir müddət sonra da bu hisslər sönüb yox olacaq. Qəlbdə isə qırılan könüllərin peşmançılığından başqa heç nə qalmayacaq.
Səs-küylər, söz atışmaları, əlbəttə, ağrılı-acılı ola bilər. Bu ağrılar ilə də qarşısındakı həyat yoldaşının nəyə nə qədər dəyər verdiyini anlamaq lazımdır. Bütün bu hallar bir tanıma, qaynaşma vəsiləsi olmalıdır. Ancaq, təəssüf ki, insanlar sevgini bir kənara qoyub inadı seçirlər, nəticə isə ürəkaçan olmur.
Kişinin vəzifəsi evinin ehtiyacını təmin etməkdir. Buna baxmayaraq “yedirdiklərim sizə haram olsun, burnunuzdan gəlsin” deyərək haqsız bir tövr qoyarsa, vəzifəsini icra etməmiş olar. Qadın isə cüzi səbəblərlə küskünlük meydana gətirər, inciklik yaradar və bunu uzun müddət davam etdirərsə, evdəki dinclik, isti nəfəs yox olmağa başlayar. Allah-Təala Bəqərə surəsinin 187-ci ayəsində: “Onlar sizin libasınız, siz də onların libasısınız”, - buyurur. Heç kim libasını kirli saxlamaq istəməz. Yenə Peyğəmbərimiz (s.ə.s): “İman baxımından möminlərin ən mükəmməli xasiyyəti ən yaxşı olandır. Xeyirliniz qadınlarına qarşı xeyirli olanınızdır”, (Tirmizi, Rada, 11) - buyuraraq, xeyirlilərimizi bizə tanıtmaqdadır.
ŞƏRHLƏR