SATILIQ SAÇ
Bişkekdə bir çox yerə A4 kağızı ilə reklam yapışdırılıb: “Saç alırıq! Yüksək qiymətə! 40 sm-dən uzun olmalıdır. Qiymət saça görə dəyişir. Uşaqların və böyüklərin heç boyanmamış saçını alırıq. Zəng edin, yaxud bizə mesajla yazın”. Reklamda vatsap nömrəsi və instaqram adresi verilib, ən altda da saçın kəsilməsinin ödənişsiz və professional səviyyədə həyata keçirildiyi qeyd edilib.
Şəhərlərdə saçın altında olan nə varsa satılır.
Əvvəllər Anadoluda “saççı” deyilən insanlar kənd-kənd gəzər, saç satın alarmış. Bu gün satın alınan saçlardan parik düzəldirlər, saç mərkəzlərində tək-tək başa əkilir. Tək bir saç kökünün qiyməti yarım dollar (85 qəpik) səviyyəsindədir. Allahım, bir tək saç telini, özləri yaratmadıqları halda, təkcə əkməyə görə bu qədər pul alırlar. Sən nə qədər comərdsən, ya Rəbbi, Sənin nemətlərini saymaq belə imkansızdır. Qulların sayaraq saç əkir və tək-tək pulunu alır.
Kəsilən saç başqasının başında həyat tapır. Ölən insan niyə yox olsun ki, niyə başqa bir mühitdə həyata davam etməsin? Necə ki, kəsilən saç yaşayır, eyni şəkildə ölü də yaşayar.
Müntəzəm qulluq edilən və boyanmamış saçın kifayət qədər yaxşı qiyməti varmış. Kəndlərdə saç boyamaq adət olmadığına görə əksər hallarda saç alqı-satqısı kəndlərdə olurmuş. Kasıb ölkələrin insanının dərdi həyatda qalmaqdır; saçını boyamağı fikirləşməz. Zənginlik artdıqca saç boyamaları da artar. Buna görə də kasıb ölkələrdə saç satışı yayğındır.
Allahım! Qulların kəsilib atılan, küləkdə sovrulan saçlarda belə təbiilik, sağlamlıq axtarışındadır. Sən də cənnətə girmək üçün qullarının qəlbinə baxırsan; xarab olmamış, kirlənməmiş qəlb sahibini Cənnətə dəvət edirsən. O gün mal və övlad fayda verməz, sağlam qəlbdən başqa heç bir şey fayda verməz. Tövbə surəsinin 111-ci ayəsində: “Allah möminlərdən mallarını və canlarını özlərinə (veriləcək) cənnət qarşılığında satın almışdır...” – deyə buyurulur. Allah alandır, qul isə satan. Alan Allah olduğuna görə “keyfiyyətli” mal vermək lazımdır. İman və sevgi baxımından zəif, tənbəl və günah qoxulu şeylər Allaha verilməz. Qəlbin keyfiyyət standartı ixlasdır. Qurbanlıq heyvanın xüsusiyyətləri bəllidir. Qulağı tam olacaq, gözü kor olmayacaq, topal olmayacaq... deyə sadalanan müəyyən şərtlər var. Əslində bu mövzunu anlatmaq üçün maddə-maddə saymağa ehtiyac yoxdur. “Prezidentə və ya sevdiyin birinə hədiyyə göndərəcəyin qoç necə olacaqsa, Allah üçün kəsəcəyin ondan daha yaxşı olmalıdır” deyilsə, kifayət edər. Prezidentə kor, topal, qulağı kəsik, zəif heyvan vermək olarmı? Dünya həyatında Allah alan, qul da satandırsa qul müştəriyə malını və canını bəyəndirməyə çalışmalıdır.
Yunus Əmrə Allaha təqdim ediləcək keyfiyyətdə canının olmadığını bu sözlərlə ifadə edir:
Bu aqlu fikr ilə Mövla bulunmaz
Bu nə yarədir ki, məlhəm bulunmaz.
Hamının dərdinə dərman bulunur
Şu mənim dərdimə dərman bulunmaz.
Dəryalar içində susuz gəzirəm
Məni qandıracaq ümman bulunmaz.
Eşqin bazarında canlar satılır
Sataram canımı, alan bulunmaz.
Yunus öldü deyə səla verirlər
Ölən heyvan imiş, aşiqlər ölməz.
Marsda su tapmaq dərdinə düşdüyü halda Afrikada susuzluqdan qıvrılan, yarıac-yarıtox yatan insanları qulaqardına vuranların canı Allah qatında dəyər görməz. Eşq və mərhəmətlə dolu olan can özünə alıcı tapar, başqası deyil. Orxan Vəli Kanık laqeyd insanları bu misralarla anladır:
Nə atom bombası,
Nə London konfransı
Bir əlində maqqaş,
Bir əlində ayna
Vecinə deyil dünya...
İslam hüququna görə, insan şərəfli varlıq olduğu üçün onun saçı, qanı və digər orqanları satıla bilməz. İnəyin südü, filin dişi, timsahın dərisi, tülkünün kürkü, ağacın meyvəsi satılar, amma insan “mal” olmadığı üçün onun hünərindən/ustalığından və əməyindən başqası satıla bilməz. Çində tiryək almaq üçün böyrəyini satışa qoyan 17 yaşındakı gəncə nə deyəsən?
“Qadın saçının bircə teli yüz cüt öküzdən daha qüvvətli çəkər” deyir, Ceyms Hovel. Yəqin ki, Ceyms Hovel qadın saçının çəkmə gücünü görüb və ya yaşayıb. Yoxsa bu sözü deyə bilərdimi? Bircə saç teli yüz öküz gücündədirsə, qadının bütün saçı neçə öküz gücündə olar?
Prof.Dr.Əthəm Cebecioğlunun onlayn söhbətini 364 nəfər izləmiş, sonrakı günlərdə o söhbətə 1592 dəfə baxılmış və 232 bəyənmə almışdı. Müğənni Aleyna Tilkinin 25.12.2019-da yazdığı “Su ilə qatığı qarışdıranda ayran olurmuş” tvitinə 2400 yorum yazılmış, 1500 nəfər tərəfindən paylaşılmış (retweet) və 17500 nəfər tərəfindən bəyənilmişdi. Tviti oxuduğu halda bəyənmə etməyənlərin sayı da çoxdur. Bu tvitin altında yazılan maraqlı bir yorum belədir: “Bu ayranın üstünə bu sözü bəyənən 17500 nəfəri doğrasan, doğramac olar”. Əthəm xoca və Aleyna Tilki?
Ayaqların baş, başların ayaq, rəzillərin əziz, əzizlərin rəzil olduğu, paylaşmağın, dostluğun, səcdələrin və göz yaşlarının azaldığı, məscidlərin boşalıb dava-dalaşın, cinayət və boşanmaların artdığı dövrümüzdə, Dostoyevskinin dediyi kimi:
“Kəllə kəsildikdən sonra kəsilən saçın ardından ağlanarmı?”
ŞƏRHLƏR