DƏYƏR(Mİ)?

DƏYƏR(Mİ)?

Allah insanı məxluqatın ən şərəflisi olaraq yaratdı. Onun genlərinə ali dəyərləri yerləşdirərək dünyada yaşadığı müddətdə sahib olduğu üstün keyfiyyətləri inkişaf etdirməsini istədi. Qurani-Kərimdə insanın yaradılışından bəhs edən ayələrin birində belə buyurulur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır”. (əl-Hucurat, 13)

 Bu ayə ilə Rəbbimiz yaradılışımızda kişi və qadın faktoruna diqqət çəkərək bəşəriyyətin varlığının məhz bu iki ünsürlə davam etdiyini bildirir. Qadın və kişi bir-birindən fərqli, lakin bir-birini tamamlayan iki ali varlıqdır. Rəbbimiz qadına da, kişiyə də özünəxas xüsusiyyətlər yükləyərək insan cəmiyyətini məhz bu iki sütun üzərinə bərqərar etmişdir. Biz buna sünnətullah deyirik. İlahi nizamda qadının və kişinin fərqli olması birinin digərindən üstün olması mənasına gəlmir. Çünki bu nizamda üstünlük və dəyər yalnız təqva ilə, yəni Yaradanın hüquqlarına riayətlə ölçülür.

Təəssüf ki, son vaxtlar tez-tez səsləndirilən bir sıra qeyri-əxlaqi fikirlərin müxtəlif vasitələrlə cəmiyyətdə vüsət tapdığını görürük. İlkin mərhələdə gender bərabərliyi adı altında gizlənən, qadın və kişi bərabərliyini müdafiə etdiyini deyən şəxslər və cərəyanlar, havadarlarından və küyə gedən tərəfdarlarından aldıqları ilhamla bu gün toplumumuzda bizə yad olan homoseksualizm, lezbiyanlıq, biseksuallıq kimi iyrəncliklərin təbliğçilərinə çevriliblər. Bir vaxtlar vətəndaş qınağına tuş gələn, əxlaqsızlıq norması sayılan cinsi çılğınlıqlar bu gün LGBT kimi təşkilatların rəngarəng görünən bayrağı altına sığınaraq sanki beynəlxalq bir dəyərmiş kimi bəşəriyyətə sıranır. Qadın azadlığı kimi qələmə verilən feminizm “sən azadsan”, “sən qabyuyan deyilsən”, “sən kölə deyilsən” şüarları ilə cəmiyyətin memarı olan xanımları evindən və ülvi ailə ocağından soyudaraq reklam obyektinə çevirir. “Sən qabyuyan deyilsən” deyən zehniyyət eyni qadını başqa bir reklam çarxında hansısa yarış maşınının mühərrik yağını dəyişməyə məcbur edir. Ərinə və uşaqlarına xidməti köləlik kimi qələmə verən zehniyyət eyni qadına kafelərdə onlarla, yüzlərlə tanımadığı insanlara xidmət etdirir: çay daşıtdırır, masa təmizlətdirir, qab yudurdur. Diqqətlə baxsaq, asanlıqla görərik ki, əslində bu kimi Qərb mənşəli düşüncə tərzinin niyyəti qadın azadlığı deyil, qadından istifadə və onu istismar etmə azadlığıdır.  

Bəzən cəmiyyətdə baş verən müəyyən hadisələr bizə sadə və məsum görünsə də, zamanla düşünülərək hansısa mərkəzdən idarə olunduğu ortaya çıxır. Bu gün cəmiyyətimizdə əxlaqi azğınlığı həyat tərzinə çevirənlərin bar-bar bağıraraq haqq tələb etməsi anidən meydana gələn hal deyil. Təəssüf ki, ilk mərhələdə moda və dəb adı altında bizə təqdim olunan qeyri-normal geyim tərzinin zamanla cəmiyyətimizdə adi hal almasının, yaxud da vaxtımızı əyləncəli keçirmək üçün izlədiyimiz hansısa serial qəhrəmanının homoseksuallığının zamanla bizi və düşüncələrimizi bu kimi dəyərsizlikləri qəbullana biləcək şəkildə yoğurduğunun fərqində olmuruq. Daha sonra müxtəlif media vasitələri ilə ard-arda gündəmə gətirilən cinsi azlığa qarşı işlənən zorakılıq və cinayət xəbərləri ilə acıma hissimizin və insanlıq duyğularımızın necə istismar olunduğundan da xəbərimiz olmur. Təəssüf ki, bu kimi informasiya vasitələri baş verən hansısa qəbuledilməz və hüquqazidd bir cinayətin əslində insana yönəldiyindən daha çox sırf cinsi azlıq faktorunu qabardaraq qəlbimizdə bizi və nəslimizi yox edəcək əxlaqsızlığa acıma duyğusu oyatmağa xidmət edir. Beləliklə, bizə sonda “hər kəs istədiyini etsin” dedirdərək ən azından qınama mexanizmimizi kütləşdirirlər. Bunun da nəticəsində özümüzün bu gün qeyri-adi gördüklərimiz tərəfindən zamanla qınaq obyektinə çevriləcəyimizdən, təəssüf ki, xəbərdar deyilik. Son günlərdə cinsi azlıqlar tərəfindən doğma Bakımızda çəkilən klipdə işlədilən “biz boz kütlənin arasındakı rənglərik” deyimi məhz bu fikrin yaxın gələcəkdə daha geniş yayılacağından xəbər verir. Bizi “boz” görmələri eynilə bir zamanlar Lut qövmünün “Onları (Lutu və ona inananları) məmləkətinizdən çıxarın! Çünki onlar çox-çox təmiz adamlardır!” (əl-Əraf, 82) deyərək təmizləri və əxlaqlıları cəmiyyətdən kənarlaşdırmasına bənzəyir.

Nə qədər ki gec deyil, ailəmizə, oğul və qızlarımıza sahib çıxmalı, dəyərlər anlayışını doğru anlamaları üçün əlimizdən gələni əsirgəməyək. Bu gün göyqurşağı rənglərini məlum səbəbdən yan-yana gətirə bilmədiyimiz kimi, yağışdan sonra dünyamızı bəzəyən göyqurşağı mənzərəsinə gələcəkdə həsrət qalmamaq üçün tikanların yerinə güllər əkək. Mərhum Barış Mançonun “günaydın çocuklar” deyə başlayıb “bırakın renkleri çocuklara” cümləsi ilə bitən və hamımıza tanış olan bir mahnısı vardı. Gəlin elə yaşayaq ki, sabah uşaqlarımıza buraxacağımız rənglər kirlənməsin.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz