“FEMİNİZM” HƏRƏKATININ ÜZÜ VƏ ASTARI

- “FEMİNİZM” HƏRƏKATININ ÜZÜ VƏ ASTARI

“Feminizm” termini latın dilindəki femina - “qadın” sözündən yaranmışdır.  Qadınların siyasi, iqtisadi və sosial hüquqlarının genişlənməsini, qorunmasını, onların cinsi istismarının ortadan götürülməsini nəzərdə tutur. İlk baxışdan bu tələblərin hər biri olduqca normal, təbii  görünür. Müdrik insanlar hər zaman qadınlara böyük hörmətlə yanaşılmasını, onların insan olaraq öz hüquqlarının olmasını, hər cür neqativ hallardan qorunmasını vacib hesab edirlər. 

İslam dini,  Qurani-Kərim də bu məsələdə olduqca həssasdır və qadınların xoşbəxt həyatının təmin olunması üçün ciddi mövqeyə malikdir. Amma məsələyə fəlsəfi, sosioloji, siyasi baxımdan yanaşdıqda, dərindən təhlil etdikdə ortada bir sıra mühüm problemlərin də olduğu üzə çıxır. Belə ki, əksər hallarda, “feminizmi”  həyata keçirməyə can atan feministlərdən siyasətçilər bir qızışdırıcı, qarşıdurma yaradan alət, vasitə kimi tez-tez istifadə edirlər. Bir çox hallarda feministlərin özlərinin feminizmin mahiyyətini dərindən başa düşmədiyinin, bu hərəkata bir etiraz vasitəsi, siyasi fəallıq kimi baxdıqlarının  şahidi oluruq.

Sosioloji yöndən baxdıqda, feminizm hərəkatının fəallaşmasının əsas səbəbləri kimi aşağıdakıları göstərmək olar: 1) doğrudan da bir sıra cəmiyyətlərdə qadına qarşı ona layiq olmayan bir mövqenin olması; 2) qadınların bir çoxunun savadsızlığından, dünyagörüşündən irəli gələn problemlər; 3) “qadınların hüquq bərabərliyi” fikrinin mexaniki qəbul edilməsi, siyasiləşdirilməsi; 4) qadın və kişi münasibətlərinin fəlsəfi yöndən lazımi şəkildə aydınlaşdırılmaması, izah edilməməsi; 5) İslam dininin, Qurani-Kərimin qadınlarla bağlı mövqeyinin lazımi şəkildə dərk edilməməsi, istifadə olunmaması; 6) bir çox ölkələrdə qanunvericilik sahəsindəki boşluqlar; 7) siyasi texnologiyaların həyata keçirilməsində qadınlardan sui-istifadə edilməsi və s.

Hər bir problemin ortadan götürülməsində onun fəlsəfi yöndən izah edilməsinə olduqca böyük ehtiyac vardır. Əvvəlcə “hüquq bərabərliyi” məsələsinə diqqət verək. Olduqca mühüm olan bu məsələyə mexaniki olaraq baxaq -  “cəmiyyətdə kişilərin fəaliyyət göstərdiyi bütün sahələrdə qadınların da fəaliyyət göstərmək hüququ vardır” müddəasını gözdən keçirək. Bunun üçün “hüququn”  mahiyyətini aydınlaşdıraq. Hüquq – cəmiyyətdə müəyyən münasibətlərin tənzimlənməsi üçün müəyyənləşdirilmiş normativlər sisteminə əməl etmək haqqıdır. Bu normativlər sistemi o vaxt ədalətli, faydalı hesab oluna bilər ki, onlara əməl olunduqda cəmiyyətdə daha çox ahəng yaranar, tərəqqi baş verər, insanlar özlərini daha çox rahat, xoşbəxt hiss edərlər. İlahiyyat elmlərinin dili ilə desək, bu normativlər o zaman faydalıdır ki, onlar insanlara haqq yolunda, Allah yolunda  olmağa kömək edir.  İndi görək, “qadınların və kişilərin hüquqları hər bir sahədə eyni olmalıdır!” tələbi, bu tələbdən irəli gələrək seçilə biləcək normativlər cəmiyyətdə ahəngin yaranmasına, tərəqqinin baş verməsinə və s. nə dərəcədə xidmət edə bilər?

Dərindən düşünüldükdə, qadın və kişilər öz xarakterləri, fiziki imkanları, mənəvi aləmləri, mənəvi tələbatları, əməyə münasibətləri, əmək qabiliyyətləri, müdafiə sahəsindəki qabiliyyətləri ilə fərqlidirlər. Bu, kiminsə üstün olması demək deyildir. Yəni, elə bir məsələ vardır ki, orada qadınların imkanları daha çoxdur, elə məsələlər də var ki, orada kişilərin imkanları çoxdur. O zaman, məntiqi olaraq düşünsək, əmin ola bilərik ki, həm qadınların, həm də kişilərin imkanlarından daha çox istifadə etmək üçün onları mexaniki olaraq bərabərlişdirmək yox, onların hər bir sahədə daha uğurlu fəaliyyət göstərmələri üçün biri-birinə necə dəstək olmaları -  ahəngdar olaraq biri-birini tamamlamaları yollarının axtarılması daha düzgün yoldur. Bu yollar müxtəlif zamanlarda, müxtəlif xalqlar arasında, müxtəlif cəmiyyətlərdə müxtəlif cür ola bilər.

Hüquq vasitədir, məqsəd deyil. Məqsəd insanların özlərini daha xoşbəxt hesab edərək həqiqi tərəqqiyə nail olmaları – haqq yolda olmalarıdır. Həqiqi tərəqqi isə cəmiyyətdə o zaman baş verir ki, həmin cəmiyyətdə insanların əksəriyyətinin 1) fiziki sağlamlığı get-gedə yaxşılaşır; 2) insanların mənəvi zənginliyi get-gedə artır və 3) insanlarda öz əməyinə daha yaradıcı münasibət tələbatı yüksəlir, hər bir adamda öz işini daha keyfiyyətli görmək istəyi formalaşır. Çox təəssüf ki, indi ortada olan feminizm hərəkatı tərəqqiyə yox, daha çox tənəzzülə xidmət etməkdədir.

Feminizmdən siyasi məqsədlər üçün necə istifadə olunur? Qadınların emosionallığından, duyğusallığından, fədakarlığından istifadə edərək, onların problemlərinin həqiqətən də həll edilməsi barədə yollar axtarmaq əvəzinə, onlardan öz məqsədləri üçün alət kimi istifadə edirlər. Bununla onlar cəmiyyətdə qarşıdurma yaradır, yaranmış şəraitdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

İndi siyasi texnoloqlar çox yaxşı bilirlər ki, hər hansı bir ölkədə sabitliyə zərbə vurmaq üçün silah-sursatdan, müharibələrdən daha çox “yumşaq üsullar” – mənəvi dəyərlərin aşınmasına səbəb olan metodlardan istifadə etmək lazımdır. Belə bir mənfur məsələdə isə istifadə olunan alətlərdən biri “feminizm hərəkatı” şəbəkəsidir. Təəssüf ki, bu üsuldan beynəlxalq güc mərkəzləri tez-tez istifadə edirlər. Onlar müxtəlif ölkələrdə sosial problemləri çox olan qadınları  müxtəlif yollarla feminizm şəbəkəsinə cəlb etməklə özlərinin arzu etdikləri bu mexanizmi  genişləndirməyə - özləri üçün təsir  vasitəsi yaratmağa çalışırlar. Bununla da onlar öz maraqlarını həyata keçirmək üçün hazırladıqları mexanizmləri zənginləşdirirlər. İmkan yarandıqca bu vasitədən də istifadə edirlər. Ona görə də, indiki vaxtda bir çox hallarda feminizm hərəkatı həqiqətən də qadınların cəmiyyətdə layiqli mövqe tutmalarına yox, mənəvi dəyərlərin aşınmasına, dağıdıcılıq proseslərinin güclənməsinə xidmət etmiş olur.

Götürək Azərbaycanda, yaxud digər oxşar ölkələrdə feministlərin fəaliyyətini. Misal üçün, onlar tez-tez Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün bir çox layihələrin həyata keçməsinə çalışırlar. İlk baxışdan hər şey çox gözəldir. Qadınları zorakılıqdan qorumaq çox xeyirxah, vacib bir fəaliyyətdir. Qadınlara qarşı zorakılıq halları varsa, onları ortadan götürmək üçün bir çox faydalı, əhəmiyyətli işlər görmək lazımdır. İlk növbədə Azərbaycan ailə institutunu möhkəmləndirmək, qadın və kişiləri birlikdə müdafiə etmək, onların hər birinin nöqsanlarını ortadan götürmək üçün fəaliyyət göstərmək, ahəngdar münasibət yaratmağa çalışmaq  lazımdır. Yoxsa ki, bir tərəfi dəstəkləməklə, digər tərəfi aşağılamaqla yanan odun üzərinə yağ çiləmək olmaz. Qadın və kişilər arasında qarşıdurmanı gücləndirdikcə hər tərəf öz imkanı ilə qarşı tərəfə hücum edəcəkdir – qadınlar dilləri ilə, psixoloji olaraq,  kişilər isə qolları ilə, fiziki olaraq.    

Bu layihələri həyata keçirən feministlər, onları dəstəkləyənlər isə tamamilə zərərli bir yol seçirlər. Beynəlxalq aləmdə belə bir fikir yaradırlar ki, Azərbaycanda qadınların hüququ xeyli tapdanır. Bununla azərbaycanlı kişilərin vəhşi obrazı yaradılır. Eyni zamanda Azərbaycan dövlətinin apardığı humanitar siyasət ciddi qınağa səbəb olur. Azərbaycan insan haqlarını tapdalayan bir ölkə kimi tanınır. Özünə feminist deyən bir qrup qadın Bakının küçələrinə çıxıb əllərində milli adət-ənənələrə, ümumiyyətlə, mənəvi dəyərlərə zərbə vuran plakatlar alaraq, müxtəlif biabırçı şüarlar bağıraraq sanki qadın azadlığı uğrunda mübarizə aparırlar. Əslində isə onların bu hərəkətləri qadınları aşağılayan, təhqir edən bir davranışdır. Beləliklə, həmin layihələrin bir çoxu qadınları zorakılıqdan qorumaqdan daha çox qarşıdurma yaratmağa, bununla da qadınları daha xoşagəlməz vəziyyətə salmağa səbəb olur. Nəticədə qadınlar bir şey qazanmır, amma müəyyən siyasi dairələr qarşıdurma yaratmaqla öz məqsədlərinə nail olurlar.

Feministlərin arxalandığı, özünə dəstək axtardığı ən mühüm məsələlərdən biri gender məsələsidir. Gender ideyalarından bir fəlsəfi cərəyan kimi istifadə edənlər dolayısı ilə feminizm hərəkatını dəstəkləyirlər. Gender prinsipləri ilə bütün ölkələrdə qadın və kişi münasibətlərini bir avropa düşüncəsinə uyğun olaraq qurmağa çalışırlar. Bu isə fəlsəfədə geniş əsaslandırılan forma və məzmun arasındakı uyğunsuzluğa gətirib çıxarır. Nəticədə gender modelləri dağıdıcı xarakter alır. Digər tərəfdən, həmin avropa düşüncəsinin  heç də ideal, faydalı olduğunu da təsdiq etmək olmur. Çünki bu düşüncədə mənəvi amillər cəmiyyətin mahiyyətinə uyğun olaraq nəzərə alınmır. Tarixi proseslərin də təsdiq etdiyi kimi, bu düşüncə müəyyən müddətdə fayda verdiyi halda, daha sonra xeyli problemlər yaradır.

Ona görə də indiki vaxtda feminizmi dəstəkləyən qüvvələrin özlərinin mahiyyətini aydınlaşdırmağa böyük ehtiyac vardır.   

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz