Ali Çınar bəyin xatirəsinə
Uzun illər Azərbaycanda elm-irfan sahəsində xidmət göstərmiş mərhum Ali Çınar bəyin övladları yaxın günlərdə Azərbaycana səfər etdilər. Onların təəssüratlarını, ataları haqda xatirələrini sizinlə bölüşmək istədik.
Abdullah Selman Çınar: Atam 2004-cü ildə Azərbaycana gəlmişdi. Biz də ailə olaraq hamımız onunla birlikdə gəldik. Mən 2007-ci ilin axırlarında təhsilimlə bağlı Türkiyəyə qayıtdım. Ondan sonra atamı yay tətillərində, hər il təxminən bircə ay görə bilirdim. Bizə hər zaman belə deyərdi: “Mən Azərbaycana gedirəm, sizi Allaha əmanət edirəm, sizi Allah böyüdəcək, o tərbiyə edəcək”. “Ağlınızı, fikrinizi, imanınızı Allaha həvalə edirəm”, - deyərdi. Allaha həmd olsun, o bizim üçün böyük bir nemət idi.
Onun könlünü xoş etmək bizə böyük rahatlıq verirdi. Sərt tərəflərini də görmüşük, mülayim anlarını da. Yəni əsəbiləşdiyi vaxtlar da olardı, amma bu əsəbiləşməsi öz şəxsi üçün deyildi. Biz bunu o an anlamasaq da, sonralar başa düşdük ki, bütün bunları bizim yaxşılığımız üçün edirmiş. Yəni bizim düşündüyümüz, etmək istədiyimiz seçim Qurana və Allah Rəsulunun yoluna, onun sözlərinə və davranışlarına uyğun olmazsa, dərhal müdaxilə edərdi. Dinimizə və hətta ədəbə zidd bir davranış varsa, açıq bir şəkildə bunun qarşısında dayanardı. Ümumi olaraq daha çox şəfqətini hiss edərdik. Əlbəttə, hər bir insan üçün atası belədir. Biz hər zaman onu arxamızda bir dağ kimi hiss edirdik.
Son görüşümüzdə, səhv eləmirəmsə, sentyabr ayının ilk axşamı idi, Azərbaycana qayıtmadan əvvəl bir yerə yığışmışdıq. Yay tətili bitmiş, ertəsi gün atam təyyarə ilə Azərbaycana qayıdacaqdı. Yemək yedik, çay içdik. Mən, qardaşım, bir də kürəkənimiz vardı yanında. Xanımların yan otağa keçməsini gözlədi, sonra belə dedi: “Xanımlar yoxkən sizə bir şey söyləyim, onlar duyğusaldır, onların yanında demədim ki, üzülməsinlər; əmri-haqq Azərbaycanda vaqe olarsa (Azərbaycanda vəfat etsəm), məni bu tərəfə gətirməyin, oğlum. Orada qalmaq, o torpaqlarda olmaq mənim üçün şərəf olar”. Bir də bizə hər zaman dediyi vəsiyyəti vardı: “Sizə mirasım təhəccüdüm və təsbehimdir”. Mal-mülk yerinə gecə namazını və təsbehini əmanət etdi bizə. Bunlar daha qiymətli xəzinədir, bizim də axirətimizə xidmət edir. Mal-mülk xərclənər, tükənər, amma atam daha fərqli bir sərmayəni əmanət etdi, bunu davam etdirməyimizi istədi.
Gecə saatlarında, təhəccüd vaxtında mesaj yazardı, cavab yazdığım zaman o saatda oyaq olduğumu anlayar, məmnun qalardı; bunu sonradan öyrəndim. Üstüörtülü şəkildə dini həyatımıza nəzarət edər və bu sahədəki səylərimizlə sevinərdi.
Ahmet Sami Çınar: 2013-cü ilə qədər mən də ailəmlə, atamla birlikdə Azərbaycanda qaldım. Biz atamızın şəhid olduğuna inanırıq. İnsanın ağlına bir daha görüşə bilməyəcəyik deyə bir hiss gəldiyi zaman onun şəhid olduğu ümidi ilə təsəlli tapırıq. Amma əksər hallarda elə bilirəm ki, atam hələ də həyatdadır, sanki nəsə soruşsaq, cavab verəcək; bir müşkülümüz olsa, özünü yetirəcək. Hətta cənazənin ilk günü, başsağlığına gələn-gedənin çox olduğu bir vaxtda gözüm sanki atamı axtarırdı, onun əskikliyini hiss edirdim və sanki bu dəqiqə zəng edəcəkmiş kimi bir duyğu yaşayırdım. Yəni mənəvi mənada deyil, fiziki mənada atamın buraxdığı boşluğu hiss edirik. Bura gəlmək üçün İstanbuldan yola çıxdığımız andan bu yoxluğu bir daha hiss etməyə başladıq. Təyyarədən enəndə, hər yanda azərbaycanca danışıldığını eşidəndə sanki keçmişə qayıtdım. Bilirsiniz, uşaqlıq illərim burada keçib. Daha əvvəl ya atamla birlikdə gələrdik, ya da biz gələndə hava limanına gəlib o bizi qarşılayardı. İndiki gəlişimizdə isə ata qucağı yerinə bir neçə abimizin xoşgəldin və başsağlığı ilə qarşılandıq. Hüznləndik, əlbəttə.
Bəzən qərar verməkdə çətinlik çəkdiyimiz məsələlər olur, əlimiz telefona gedir ki, bir zəng edib atamızdan soruşaq. O hər bir məsələdə həll yolunu rahatlıqla tapardı. Ciddi olduğu məsələdə ciddi olardı. Xoşuna gəlmədiyi zaman incidiyini bəlli edərdi; bir müddət əhvalı dəyişərdi. Atamın narazı olduğu məsələdə bircə baxışı, yaxud adımızı çəkməsi kifayət edərdi. Yeri gələndə zarafat etməyi də xoşlayardı. Çox düşündürücü, məntiqli lətifələri olurdu. Amma əsla yersiz zarafatlar etməzdi.
Atamın keçmişində bir zaman lüğət yazma təcrübəsi də olmuşdu. İbtidai siniflər üçün, bir də dini terminlər xüsusunda lüğət çalışmaları etmişdi. Bunun da təsiri ilə, yəqin ki, bizi də uşaqlıqdan etibarən kəlmələrlə yetişdirdi. Öz yaşıdlarımıza nisbətən nə qədər çox kəlmə bildiyimizi sonradan öyrəndik. Bəzən kəlmə oyunu ilə, bəzən dərin bir lətifə ilə, tarixi mənqibə ilə elə bir kəlmə işlədərdi ki, onu başa düşmək üçün mütləq oradan nəsə öyrənərdik. Bütün səyləri iman yolunda, Allah yolunda bizi təmiz yetişdirmək idi.
Allah rəhmət etsin.
ŞƏRHLƏR