İSLAM VƏ QADIN

İSLAM VƏ QADIN

İslamın qadına verdiyi qiyməti daha yaxşı başa düşmək üçün İslamdan əvvəlki vaxtlarda qadınların vəziyyətinə nəzər salmaq kifayətdir. Bəli, İslamiyyətdən əvvəl qadının ictimai vəziyyəti çox ağır idi. Yalnız ərəblərdə deyil, digər millətlərdə də qadının vəziyyəti acınacaqlı idi. İstər Asiyadakı, istərsə də Avropadakı qadın öz hüquqlarından məhrum idi. Qadın  əşya kimi alınıb satılırdı. Qadının miras sahibi olmaq hüququ yox idi. Evdə xidmətçi mövqeyində idi.

Yəhudi qızları ata evlərində belə xidmətçi kimi idilər və yeri düşəndə hətta satılırdılar. Hindlilərdə qadın yazıq bir məxluq kimi hesab edilirdi. Qadına zövq aləti kimi baxılırdı. İranda məcusi zərdüştlərinin dövründə qadınların çəkdikləri əzab və işgəncə çox faciəlidir. Qadın o dövrdə kişinin şəhvətinə məhkum olan bir əsirdən ibarət idi. O günün ağası sayılan Bizansda isə qadının vəziyyəti belə idi: Qadın kişinin malı hesab olunurdu, onun  üstündə hər cür ixtiyarı var idi. Qadının həyatı və ölümü ərinin əlində idi. Onunla kölə kimi rəftar olunurdu. Qadın əvvəlcə atasının, evləndikdən sonra ərinin, əri öldükdən sonra da oğlunun əsiri idi. Hətta o dövrün alimləri qadının ruhu varmı, yoxmu deyə mübahisə aparırdılar.  

Daha sonra Uca Allah İslamı göndərdi. İslam qadına haqq və hüquq verdi. Qadına dəyər verdi. İslam peyğəmbəri “Cənnət anaların ayaqları altındadır”  deyərək qadına ən böyük qiyməti verdi. (Kəşful-xəfa, c. I, Nö 1078. ) Başqa bir hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s) buyurur: “Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən yaxşı olanıdır. Sizin ən xeyirliniz qadınlara qarşı xeyirli olanlardır”. (Tirmizi, Rada, 11)

Bir gün Hz. Peyğəmbərimiz (s.ə.s) xütbə oxuyarkən kişilərə belə xitab etmişdir: “Sizdən biriniz xanımını köləni döyən kimi döyməyə cəhd göstərməsin. Yəqin ki, o  axşam onunla eyni yataqda yatacaqdır”. (Müslim, Cənnət , 49) “Bir mömin xanımına nifrət etməsin. Onun bir xasiyyətini bəyənməsə də, başqa bir xasiyyətini bəyənər”. (Müslim, Rada, 61)

Ümmü Umarə belə nəql edir: “Ya Rəsulallah! Hər şeyin kişilər üçün olduğunu görürəm, heç qadınlardan bəhs edildiyini görmürəm”, - dedim. Bundan sonra bu ayə nazil oldu:  “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (cənnət) hazırlamışdır!” (əl-Əhzab 33/35. Tirmizi, Təfsir 33/14)

Hətta bütün müsəlmanların müqəddəs kitabı Qurani-Kərim bir qadın olan Hz. Həfsəyə əmanət edilmişdi.

İslamın qadına  verdiyi bu qədər qiymət və hörməti  kiçik görən bugünkü Qərb aləmi  qadınlara daha çox azadlıq və haqq verdiyini söyləyir. Onlar iddia edir ki, bizim qadınlara verdiyimiz hüquqlar daha mütərəqqidir və bu azadlıq onlara verilən ən böyük qiymətdir. Məgər insanın hər könlündən keçəni etməsi azadlıqdırmı?

Bir müsəlman qadın ilə ailə həyatı qurmaq istəyən şəxs mütləq elçilik, kəbin, nişan, toy kimi müəyyən mərhələlərdən keçməlidir. Əgər bu mərhələlərdən keçməsə, qadınla evlənə bilməz. Lakin Qərb aləmində bu mərhələlərə ehtiyac duyulmur. Yəni bir şəxs öz ayaqqabılarını təmizləmək üçün əskidən istifadə etdiyi kimi, heç bir maneə olmadan qadından istifadə edir. Məgər bu köləlik deyilmi? Qadın satış əşyalarının reklam obyektinə çevrilib. Yeni model avtomobili nümayiş etdirmək üçün mütləq ona yarıçılpaq qadın əyləşdirmək qadın azadlığıdırmı? Yeni çəkilmiş filmlərin şöhrət tapması üçün əxlaqsız kadrların çəkilişinə onlarla qadının cəlb olunması azadlıqdırmı? Mahnı kliplərində qadınların dəhşətli vəziyyəti azadlıqdırmı? Ali məktəbi yeni bitirmiş bir qızın hər hansı bir idarədə iş tapması üçün qısa geyimin tələb olunması qadın hüququdurmu? Xeyr, bu, qadın hüququ deyil, əksinə, qadının köləliyi və cəmiyyətdə onun əyləncə vasitəsinə çevrilməsidir.

Bunun nəticəsidir ki, Qərb aləmində özlərinin bu cür alçalmasını dərk edən qadınların bir çoxu İslama üz tutaraq öz qiymətlərini burada tapırlar. Çünki İslam qadına tərəf uzanan çirkin əlləri tamamilə kəsir. Onu elə bir varlığa çevirir ki, onunla hər adam görüşə bilməz. Onunla ərindən və məhrəmlərindən savayı heç kəs zarafatlaşa bilməz. Onunla ünsiyyət qurmaq böyük məsuliyyət tələb edir. Onun zahiri görünüşü insanda qeyrət hissini artırır, onun geyimi insanda mənfi fikirlərin oyanmasına maneə yaradır.

Nəticə olaraq bunu deyə bilərik ki, İslamın qadına verdiyi qiymət heç bir inanc sistemində yoxdur.                    

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz