AİLƏMİZ VƏ PSİXOLOGİYAMIZ

AİLƏMİZ VƏ PSİXOLOGİYAMIZ

Ailə institutu cəmiyyətin davamlılığını, mədəniyyət və ənənələrini, yeni nəsillərin təhsil və fərdi ehtiyaclarını təmin edən ən unikal qurumdur. Bu institutun sağlam  formalaşması isə qadın və kişi olmaqla iki fərqli cinsin nümayəndələri tərəfindən sağlam təməllər üzərinə atılan və təməlində sevgi, güvən və sədaqətin də olduğu bir bərabərliyin nəticəsindən asılıdır.

Ailə mühiti fərdlərin müsbət davranışlar qazandığı və inkişaf etdirdiyi bir sahə olsa da, bəzi mənfi təcrübələr səbəbi ilə travmatik nəticələrin də inkişaf edə biləcəyi bir sahəyə çevrilmə ehtimalı böyükdür. Ailədaxili münaqişələr nəticəsində ailədə yaşanan problemlər fərdlərdə depressiya, təşviş pozuntusu, yuxu və travma sonrası stres pozuntusu və cinsi problemlər kimi bir çox psixoloji problemə səbəb ola bilir.

Qeyd etdiyimiz psixoloji problemlərin də ortaya çıxmasında əsas faktorlar ailədə şiddət, sədaqətsizlik və cinsi problemlərdir. İstər sosial, istərsə də psixoloji səbəblərə əsaslanan şiddət faktoru həm ailənin təməlini təşkil edən valideynlərin, həm də həmin ailədəki uşaqların psixikasında ciddi travmaların meydana gəlməsinə səbəb olan amildir. Dağılan ailələrin əksəriyyətində müşahidə edilən şiddət hadisəsi cəmiyyət üçün kifayət qədər zərərli ola biləcək fərdlərin ortaya çıxmasına səbəb olur. Bu problemin ortadan qaldırılması üçün isə ailədəki fərdlərin bir-birilərinə qarşı sevgi və mərhəmətlə davranmaq şərti ilə üzərlərinə kifayət qədər böyük məsuliyyət düşür.

Ailə təməllərinə kökündən zərər verən digər önəmli faktor isə sədaqətsizlikdir. Xüsusilə informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə ailə fərdlərinin digər insanlarla sosial münasibətlərinin kontrol altında saxlanılması, demək olar ki, mümkün deyil. Burada sadəcə fərdin öz ailəsinə qarşı olan məsuliyyət və sədaqət duyğusu onu qarşılaşılacaq problemlərin ağuşundan ala bilər. Əks təqdirdə bir anın içərisində verilən anlıq qərarlar və başqa insanlarla qurulan yanlış münasibətlər ailə təməllərini zədələyəcək və ailənin dağılmasına qədər gətirib çıxaracaqdır. Bu səbəblə də ailə fərdlərinin üzərinə düşən əsas vəzifələrdən biri də sosial şəbəkələrdən ehtiyacları çərçivəsində istifadə etməkdir.

Ailədaxili konfliktlərin əsas faktorlarından biri də yaşanan cinsi problemlərdir. Partnyorlar arasındakı davamlı cinsi doyumsuzluq hissi ailənin dağılmasına səbəb olan əsas amillər arasında qeyd edilə bilər. Bu hal evliliyin ilk illərində bir o qədər müşahidə edilməsə də, daha sonrakı illərdə özünü büruzə verir. Cinsi doyumsuzluq hadisəsində fiziki problemlərin yeri nə qədər böyükdürsə, psixi problemlərin də bir o qədər payı çoxdur. Belə ki, cəmiyyətimizdə, demək olar ki, cinsi doyumsuzluq hissinin psixoloji bir problem olduğu gözardı edilir və hadisə sədaqətsizlik kimi qiymətləndirilir. Bu, kişilərdə satiriasis və ya başqa adı ilə hiperseksualitə, qadınlarda isə nemfomani xəstəliyi olaraq qəbul edilir. Hər iki cinsdə də bu problemi yaşayan fərdlər həyatlarının mərkəzinə cinsi münasibəti alır. Bu xəstəliyə düçar olan şəxslər həddindən artıq cinsi əlaqə düşkününə çevrilir. Bir partnyorla davamlı cinsi münasibəti davam etdirə bilməyən bu insanlar davamlı öz ehtiyaclarını ödəmək üçün başqa partnyor axtarışında olur. Nəticədə isə ailə fərdləri arasında yaşanan problemlər ailənin dağılmasına gətirib çıxarır. Odur ki, belə bir vəziyyətlə qarşılaşılan təqdirdə mütləq bir psixoloqa müraciət edilməli və dərhal problemin həllinə çalışılmalıdır. Əks təqdirdə bu problemi yaşayan fərdlər sadəcə öz ailələrini deyil, eyni zamanda normal həyatlarını da qaralda bilərlər.

Son olaraq qloballaşan dünyada eyni cinslər arasındakı münasibəti normal qəbul edən fərdlərin də sayı çoxalmaqdadır. Təməlində çox ciddi psixoloji problemləri cəmləyən bu anormal davranış da ailə institutuna vurulmuş ən böyük zərbə olaraq qəbul edilə bilər. Başda da qeyd etdiyimiz kimi, ailə cəmiyyətin davamlılığını təmin edən əsas qurumdur. İstər dini, istərsə də milli şüura sığmayan cinsi oriyentasiya problemi isə cəmiyyət üçün heç bir xoş gələcək vəd etmir. Əksinə, cəmiyyətdə fühuşun və əxlaqsızlığın daha da vüsət almasına xidmət edir. Odur ki, ailəmizdə yetişdirdiyimiz gənclərin əxlaqi və psixoloji tərbiyələrinə ciddi diqqət etməli, onların dini və milli şüurda yetişmələrinə önəm verməliyik. Əks təqdirdə zərərli qaynaqlardan bəslənən gənclərimiz cəmiyyətimiz üçün real təhlükəyə çevrilə bilərlər.

Bu kimi problemlərlə üzələşən gənclərin əksəriyyətinin valideynlər arasında şiddətli keçimsizlik və boşanmaların yaşandığı ailələrdən çıxdığını nəzərə alaraq ailə böyüklərinə müraciətimiz odur ki, bir ailənin təməllərinin qeyd etdiyimiz səbəblərdən hər hansı birinin nəticəsində sarsılması sadəcə sizin deyil, sizin övladlarınızın da həyatını cəhənnəmə çevirə bilər. Odur ki, ailə qurmadan öncə düşünün, düşündükdən sonra bir ömür boyu xoşbəxt yaşaya biləcəyiniz biri ilə inanaraq ailə qurun. Özünüz xoşbəxt olun ki, övladlarınız da xoşbəxt olsun. Cəmiyyətimiz də xoşbəxt ailələrin olduğu xoşbəxt bir cəmiyyət olaraq varlığını davam etdirsin...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz