İSLAM VƏRƏSƏLİK HÜQUQUNDA QADIN
Hər bir cəmiyyətdə ədalətin bərqərar olması həmin cəmiyyətin sağlam bir şəkildə formalaşmasını təmin edən ən əsas amildir. Ədalət təmin edilmədən heç bir münasibətin uzunmüddətli davam etməsi düşünülə bilməz. Ailə də cəmiyyətin özəyini təşkil etdiyinə görə, bir çox münasibətin ədalət prinsipi çərçivəsində tənzim edilməsi məhz oradan başlayır.
Ayeyi-kərimələrdə miras paylarının fərqli olmasının illət və səbəblərinə dair hər hansı bir açıqlama olmadığı kimi, Nisa surəsinin on birinci ayəsində ana, ata və uşaqların payları açıqlandıqdan sonra “Bunlardan fayda baxımından sizə hansının daha yaxın olduğunu bilməzsiniz” buyurularaq bu mövzuda ağıl ilə adil bir nəticə əldə etmənin mümkün olmadığına diqqət çəkilərək təslimiyyət yolu tövsiyə olunmuşdur. Bu məsələ ümumi olaraq ələ alınıb incələndiyi zaman İslam toplumunda mirasla bağlı hökmlərin dəyişməsini hədəfləyən önəmli bir illət və səbəbin olmadığını söyləmək mümkündür.
Qadın və kişinin miras paylarının fərqliliyi məsələsində alimlərimiz İslam inancı içərisində qadın və kişinin məsuliyyət və mükəlləfiyyətləri əsasında miras paylarındakı fərqin bəzi hikmət və səbəblərə əsaslandığını ifadə etmişdir. Bundan məqsəd də Hz. İbrahimin (ə.s) inandığı halda sırf qəlbi mütməin olması üçün Allahdan ölüləri necə diriltdiyini ona göstərməsini istəməsi kimi, mirasdakı qadın payı məsələsində də müsəlmanların qəlblərinin mütməin olmasını və təslimiyyət ruhunu təmin etməkdir. Yoxsa şərtlərin dəyişməsi ilə pay nisbətlərinin də dəyişməsinə şərait hazırlamaq deyildir.
İslam alimləri öz mülahizələrində qadının nə üçün az pay almasından əlavə kişilərin paylarının nə üçün çox olduğu üzərində dururlar. Aparılan mülahizə və müzakirələr daha çox ailənin maddi baxımdan təminatının daha çox kişinin üzərinə vacib olması və mehrin kişi tərəfindən verilməsi üzərində təmərküz etmişdir.
Məlum olduğu kimi, Qurani-Kərimdə “İmkanı geniş olanlar nəfəqələrini imkanına görə versin, ruzisi daraldılmış olan da Allahın verdiyi qədərindən nəfəqə ödəsin!” (ət-Tələq, 7), “Onların adətə görə bəslənməsi və geyimi uşaqların atasının üzərinədir” (əl-Bəqərə, 233) kimi ayələr vərəsəlik hüququ və həmçinin kişinin mükəlləfiyyətlərini təyin etməsi baxımından əhəmiyyət kəsb etməkdədir.
Mirasda kişinin daha çox pay almasını nəfəqənin ağırlığı və məsuliyyəti ilə izah edən bir çox İslam alimi bu səbəbdən kişinin məsrəflərinin daha çox olduğunu, dolayısilə mirasda əsas dəstək verilməli olanın kişi olduğunu ifadə etmişdir. Odur ki, kişi və qadının hər birinə eyni nisbətdə pay veriləcəyi zaman hüquqi bərabərliyin pozulacağı və nəfəqə ilə əmr olunan kişinin maddi baxımdan çətin vəziyyətə düşəcəyi qaçınılmaz olacaq, bu isə bərabərində ədalətsizliyi gətirmiş olacaqdı.
Kişinin mirasda dəstəklənməsinin səbəblərindən biri də mehir mükəlləfiyyəti olaraq göstərilmişdir. Mehir, qadının nikah əqdi ilə almağa haqq qazandığı mal deməkdir. “Qadınlara mehirlərini könül razılığı ilə verin” əmrinin də kişiyə yönəldiyini açıqca görmək mümkündür. Nikah əqdi əsnasında mehir təsbiti nikahın şərtlərindən olmasa da, bu, qadına tanınmış bir haqq, kişinin üzərinə isə bir məsuliyyətdir.
Mehrin verilməsi ilə qadının maddi baxımdan bir addım daha önə çıxdığını görmək mümkündür. Belə ki, biri qız, digəri oğlan olan iki şəxs arasında atalarından qalan üç min manatlıq mal İslamın miras hökmlərinə görə bölüşdürüldüyü zaman min manatını qız, iki min manatını isə qardaşı almalı olacaq. Onlar evləndikləri zaman oğlan iki min manat mehir versə, qız da iki min manatlıq mehir alsa, oğlanın əlində bir şey qalmayacağı halda qızın əlində üç min manat olmuş olacaq.
Kişinin maliyyə yükü sadəcə xanımının nəfəqəsi və mehrindən ibarət olmayıb müəyyən dərəcəyə qədər möhtac qohum-əqrəbasının ehtiyaclarını təmin etmək daxil bir çox xərclərin qarşılanması qadının deyil, kişinin üzərinə vacibdir. Bütün bunlar diqqətlə incələndiyi zaman qadının mirasdan üçdəbir miras payına sahib olması ilə onun maddi baxımdan zəif mövqeyə düşməsi deyil, tam əksinə, üçdəiki paya yüksələ biləcəyini demək mümkündür.
Digər yandan, kişinin, ailəsinin sadəcə maddi ehtiyaclarından məsul olduğu düşünülməməlidir. Ailə fərdlərinin, xüsusilə övladlarının təhsili, tərbiyəsi, ailədaxili nizam-intizamın təmini kimi vəzifələrin kişinin öhdəliyində olduğu unudulmamalıdır.
Odur ki, İslam vərəsəlik hüququnda kişiyə daha çox pay ayrılmasının hikmət və səbəbləri sadəcə maddi məsuliyyətlərlə məhdud tutulmamalı, bu məsələdə ailə daxilindəki münasibətlərin ehtimal edilən mənfi təsirləri də göz önündə tutulmalıdır.
ŞƏRHLƏR