LUT QÖVMÜNÜN HƏLAKI

LUT QÖVMÜNÜN HƏLAKI

Bir çox peyğəmbər kimi Hz. Lut (ə.s) da yollarını azmış, sapqın və azğın bir qövmə göndərilmişdi. Bu qövm Sodom bölgəsində yaşayırdı. Onlar həddi aşmaqda və azğınlıqda digər qövmlərdən çox seçilirdilər. Belə ki, digər azğın qövmlər kimi yalnız əqidədə deyil, eyni zamanda əxlaq və həya xüsusunda da tamamilə azğınlıq içində idilər.

Hz. Lut (ə.s) peyğəmbərlik vəzifəsinə Sodom bölgəsində başlamışdı. Bu bölgə dövrümüzdə mövcud olan Ölü dənizin yaxınlığında yerləşirdi.

Sodomlular azğın və eyni zamanda çox əxlaqsız bir toplum idi. Bu tayfa heç bir ümmətdə və millətdə müşahidə olunmayan  hər cür əxlaqsızlığı edir, kişilər qadınlarla deyil, öz cinsləri ilə yaxınlıq edirdilər. Onlara mane olmaq istəyənləri isə təhdid edir, yurd-yuvalarından çıxarmaqla hədələyirdilər. Beləliklə, bu bölgədə sadəcə özləri qalıb istədikləri kimi əxlaqsızlığa davam etməyə çalışırdılar. Öz iyrənc və çirkin əməllərindən əl çəkmək istəmir, ağıl və şüurdan məhrum olan heyvanların belə etmədiyini edir, Qurani-Kərimin dili ilə desək:  “bəl hum ədall” - yəni heyvandan daha aşağı səviyyəyə düşmüşdülər. Belə çirkinliklərə şahid olan və Uca Allahdan peyğəmbərlik vəzifəsi alan Hz. Lut (ə.s) bu azğınlarla çox mübarizə aparmış, gecə-gündüz onların hidayəti üçün çırpınmışdır. Uca Allah Qurani-Kərimdə onun çırpınışlarından belə bəhs etməkdədir: “Qardaşları Lut o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.  Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”. (əş-Şüəra, 160-167)

Hz. Lut (ə.s) bütün təhdidlərə və təhlükələrə baxmayaraq hər dəfə onların qarşısına çıxır və etdikləri iyrənc əməllərdən çəkindirməyə çalışırdı. Onlar isə hər dəfə cavabında deyirdilər: “Ey Lut! Əgər (təbliğatına) son qoymasan, mütləq qovulanlardan olacaqsan!” (əş-Şüəra, 167)

Doğrudan da peyğəmbərlər tarixinə nəzər salsaq, görərik ki, peyğəmbərlərin, elçilərin bir çoxu öz qövmləri, qəbilələri tərəfindən yaşadıqları yerdən, öz yurdlarından çıxarılmışdır. Bu acını Hz. Peyğəmbərimiz (s.ə.s) də çox dərindən hiss etmişdir. Əxlaqsızlar, insafsızlar, inancsızlar çox vaxt özlərinə yol göstərən və nəfslərinə ağır gələn işləri onlara çatdıran, nəsihət verən insanı dinləmək istəməz, onların öz yanlarında olmasına dözüm göstərə bilməzlər. Bunu çox yaxşı bilən Hz. Lut (ə.s) nəsihətinə davam edərək deyir: “O (Lut) dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.  Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!” (əş-Şüəra, 168-169)

Bəli, inanclı insan əgər toplumun və ya öz yoldaşının davranışlarını əli ilə, dili ilə dəyişdirə bilmirsə, o davranışa qarşı qəlbində ikrah hissi olmalı və bununla yanaşı, özünü və ailə üzvlərini o xoşagəlməz hallardan uzaq tutmalıdır. Allah Rəsulu (s.ə.s) bu haqda bir hədisində belə buyurmuşdur: “Sizdən kim pis bir davranış görərsə, onu əli ilə dəyişdirsin. Əgər əli ilə dəyişdirə bilməsə, dili ilə dəyişdirsin. Dili ilə də dəyişdirməyə gücü çatmasa, bu zaman o əmələ qarşı qəlbində ikrah oyansın ki, bu da imanın ən zəif dərəcəsidir”. (Müslim, İman, 78)

Uca Allah Hz. Lutun (ə.s) duasını qəbul edir. Xanımı xaric, ailəsini və ona inanan az bir qrup insanı xilas edir. Onlar gecə ikən Allahın əmri ilə o bölgəni tərk edirlər. Uca Allah buyurur: Biz onu və onun bütün ailəsini xilas etdik. Geridə qalanlar arasındakı yaşlı qadından (xanımından) başqa. Sonra da o birilərini yerli-dibli yox etdik. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!”  (əş-Şüəra, 170-173)

Hz. Lutun (ə.s) nəsihətlərinə qulaq asmayaraq öz çirkin işlərinə davam edən əxlaqsız insanlar ən ağır cəza ilə cəzalandırılır. Onların başına səmadan yanan daşlar yağdırılır. Gecənin qaranlığında böyük bir qəsəbə xalqı bir neçə dəqiqəyə yerlə bir olur. Onların həlak olduqları bölgə dəniz səviyyəsindən ən aşağıdakı bölgə, o yerdə bu gün də mövcud olan dəniz “ölü dəniz” (içində heç bir canlı yaşamır), etdikləri çirkin və iyrənc əməl isə pisliklər içində ən alçaq, ən çirkin və ən iyrənc əməl olmuşdur.

Hz. Lutun (ə.s) qövmünün həlakında insanlıq üçün böyük dərslər və ibrətlər vardır. Amma çox təəssüf ki, hələ də bu çirkin və iyrənc əməli edənlər mövcuddur.  Mövcud olmaqla yanaşı, çox acınacaqlı bir haldır ki, eyni zamanda böyük ölçüdə təbliğatı da aparılmaqdadır. İnsan azadlığı, haqq və hüquq adı altında aparılan bu təbliğat toplumların fəsadına, ailə sütunlarının çökdürülməsinə və insan nəslinin, təbii artımın qarşısının alınmasına xidmət etməkdədir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz